Məhkəmə qərarları › İş №2(103)-1567/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1567/2022

14.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1567/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Qız Qalası" Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 198 №-li müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 da cavabdehlər İddiaçı və Nümayəndə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi, daha sonra 12.10.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzilin cavabdeh İddiaçı və Nümayəndə qanunsuz sahibliyindən geri alınıb, həmin mənzilin boşaldılaraq, ona Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(005)- 4457/2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Nümayəndə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş 2(005)-4472/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Nümayəndə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsinin isə təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzilin cavabdehlər İddiaçı və Nümayəndə qanunsuz sahibliyindən geri alınıb mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 iddia ərizəsinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisəli mənzillə bağlı Kooperativ Mənzil Tikintisi haqqında 11.01.2006-cı il tarixli, 198 №-li "xxxx" MTK ilə payçı Cavabdeh2 arasındakı bağlanmış müqavilə qanunsuz olmuş, həmin müqavilə bağlanmamışdan əvvəl "xxxx" MTK ilə atası X3 arasında mübahisəli mənzillə bağlı müqavilə bağlanmış, lakin həmin müqavilənin əsli MTK-da olmasına baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddia ərizəsində qeyd olunan sübutların əldə edilməsi və təqdim olunması ilə bağlı şərait yaradılmamış, müqavilənin saxta olduğunu bildirsə də, həmin məsələ araşdırılmamış, nəticədə iş üçün əhəmiyyət kəsb edən hallar faktiki olaraq araşdırılmamışdır. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və digər cavabdeh "xxxx" Mənzil Tikinti Koorperativinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin 14.07.2021-ci il tarixli 28 N-li arayışından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasında, ümumi sahəsi 197,0 kv.m yaşayış sahəsi 94,76 kv.m olan 3 otaqlı, 198 saylı mənzil Cavabdeh2 məxsusdur. Mənzilin balans dəyəri 59100,0 manat təşkil edir. Koorperativə mənzil sahibinin heç bir borcu yoxdur. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758- 759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzil Cavabdeh2 mülkiyyətindədir. Qeyd edilən mənzilə dair onunla "xxxx" Mənzil- Tikinti Kooperativi arasında 11.01.2006-cı il tarixdə 198N-li koopetariv mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən mənzilin mərhum atası X1 ona məxsus olmasını iddia edir və mənzilin atasının qanun üzrə vərəsələrinə çatmalı olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 198 N-li müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yuxarıda qeyd edilən ona məxsus mənzilin İddiaçı və onun həyat yoldaşı Nümayəndə tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirmiş, mənzilə dair mülkiyyət hüquqlarının cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində pozulduğunu iddia etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin İddiaçı və Nümayəndə qanunsuz sahibliyindən geri alınıb boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Satıcı-"xxxx" MTK ilə Payçı- Cavabdeh2 arasındakı razılaşmaya əsasən Satıcı, ünvan 2 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Buna dair tərəflər arasında Koopetariv Mənzil Tikintisi haqqında 11.01.2006-cı il tarixli, 198 N-li müqavilə bağlanmışdır. Həmçinin məhkəmə sorğusu əsasında əldə edilmiş mübahisəli mənzilin alqı-satqısına dair maliyyə arayışı və "xxxx" MTK üzvlərinin ümumi iclasının 6N-li protokolundan görünür ki, Cavabdeh2 tərəfindən mənzilə dair bütün ödənişlər edilmiş və mənzilin Cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. İşin materiallarına əlavə edilmiş mübahisələndirilən müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, podratçının vəzifəsi tikdiyi mənzili sifarişçiyə təhvil verməkdən, sifarişçinin vəzifəsi isə həmin mənzilin dəyərini ödəməkdən ibarət olmuş və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Digər tərəfdən, İddiaçı müqavilənin etibarsızlıq əsası kimi ünvan 2, 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzilində kommunal xidmətlər üçün olan müqavilənin onun atası X2 adına bağlanmasına istinad etsə də, bu hal iddianın təmin olunması üçün əsas yarada bilməz. Belə ki, kommunal xidmətlər üçün bağlanmış müqavilələr ünvan 2, 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzilə dair hüquq müəyyənedici sənəd deyil. Göründüyü kimi İddiaçı tərəfindən mənzilə dair bağlanmış müqavilənin saxta olması və qanunsuz yolla hazırlanması iddia edilsə də məhkəmə araşdırması zamanı bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə mülki iş materiallarında olan 25.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X2 şəhadətnamə verilən miras əmlakı Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 758-759, giriş "C" ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 54,3 kv/m olan 3 otaqlı mənzildir. Hazırkı mülki iş üzrə mübahisəli mənzil isə Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) ünvanda yerləşən mənzildir. Məhkəmə bu halı da nəzərə alaraq İddiaçı iddia ərizəsini əsassız hesab edir. Göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı "kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzili zəbt etmiş, Cavabdeh2 özünə məxsus olan əmlaka dair mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən, Cavabdeh2 iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzil cavabdehlər İddiaçı və Nümayəndə qanunsuz sahibliyindən geri alınmalı, mənzil boşaldılaraq, Cavabdeh2 təhvil verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni İddiaçı iddiasının təmin edilməməsi, Cavabdeh2 isə iddiasının təmin edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddiaçı idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, eləcə də Cavabdeh2 iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, İddiaçı "xxxx" MTK ilə payçı Cavabdeh2 arasında 11.01.2006-cı il tarixdə bağlanmış 198 nömrəli müqavilənin qanunsuz olması, həmin müqavilə bağlanmamışdan əvvəl "xxxx" MTK ilə atası X3 arasında mübahisəli mənzillə bağlı müqavilə bağlandığını, lakin həmin müqavilənin əslinin MTK-da olmasına baxmayaraq məhkəməyə təqdim edilmədiyini göstərsə də bu dəlillər yalnız şəxsi mülahizəyə əsaslanan fikirlərdir. Çünki, İddiaçı Cavabdeh2 ilə bağlanmış müqavilənin qanunsuzluğunun sonradan tərtib edilməsi ilə əlaqələndirsə ən azından mərhum atası ilə qeyd olunan mənzilə dair hansısa müqavilə bağlanmasına dair məhkəməyə sübut təqdim idi. Çünki, bu halı sübuta yetirmək yükü onun üzərinə düşür. Ancaq o, bu halları sübut edə bilmir. İkincisi, məhkəmə tərəfindən iddia ərizəsində qeyd olunan sübutların əldə edilməsi və təqdim olunması ilə bağlı hansı şəraitin yaradılmalı olduğunu da açıqlamır. Müqavilənin saxta olduğu ilə bağlı fikir səsləndirmək hələ onun həqiqi olması demək deyil. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır(MPM.14.1).X5 konkret göstərməlidir ki, məhkəmə hansı sübutun əldə edilməsi və təqdim olunması üçün şərait yaratmalı idi. Çünki, MTK-nın nümayəndəsi və vəkili də məhkəmə iclaslarında iştirak edərək iddianı etiraf etməmiş, qeyd olunan mənzilə dair yalnız Cavabdeh2 ilə müqavilə bağlanmasını təsdiq etmişdir. Bu cür vəziyyətdə Cavabdeh2 ilə MTK arasında həmin mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır. Mübahisəli mənzillə bağlı cinayət təqibi üzrə də araşdırma aparılmış və həmin araşdırma zamanı da Cavabdeh2 qeyd olunan mənzili qanuni əsaslarla əldə etdiyi təsdiq olunmuşdur. Üçüncüsü, işdən görünür ki, mübahisəli mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüququ artıq 02 avqust 2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, İddiaçı həmin mənzilin qanuni əsaslarla Cavabdeh2 aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsasən həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar