Məhkəmə qərarları › İş №2(103)-1569/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1569/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1569/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Açar sözlər: “subroqasiya qaydasında zərərin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5972/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sığortalı X3 ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.

2. “KİA OPTİMA” markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.

3. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi həmin avtomobil ilə Şəki şəhəri, M.F.Axundov küçəsində “RAVON NEXİA R3” markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.

4. İnzibati tənbeh vemə haqqında xx.xx.2021-ci il tarixli, TP4502562 nömrəli qərara əsasən Cavabdeh2 barəsində cərimə edilmə növündə inzibati tənbeh tədbiq edilmişdir.

5. Cavabdeh2 Şəki şəhər polis idarəsində verdiyi izahatında xx.xx.2021-ci il tarixdə qohumu Cavabdeh1 yol vərəqəsi ilə məxsus olan “KİA OPTİMA” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomibili idarə etdiyini bildirmişdir.

6. Cavabdeh1 sahiblik etdiyi “KİA OPTİMA” markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan Cavabdeh2 verdiyinə görə barəsində 21 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

7. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1025 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “RAVON NEXİA R3” markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobillə 2.160 manat məbləğində ziyan dəymişdir.

8. İddiaçı xx.xx.2021-ci il tarixində 2.160 manat məbləğində vəsaiti zərərçəkmiş şəxs X4 ödəmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2.160 manat məbləğində vurulmuş zərər və 41,6 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KİA OPTİMA” markalı, **-FG- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 21-də Cavabdeh2 etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “KİA OPTİMA” markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, M.F.Axundov küçəsində “RAVON NEXİA R3” markalı, **- MZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Şəki ŞRPŞ-nin DYPB-in xx.xx.2021-ci il tarixli, İXP3925135 nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü (Bu Məcəllənin 332.2ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2021-ci il tarixli, TP4502562 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü (Bu Məcəllənin 332.2- ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə təqsirli bilinmişdir. Şəki ŞRPŞ-nin DYPB-in xx.xx.2021-ci il tarixli, İXP3925808 nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1025 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “RAVON NEXİA R3” markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobillə 2.160 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2.160 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. “KİA OPTİMA” markalı, 99-FG-66 dövlət nömrə nişanlı avtomobilə etibarnamə Cavabdeh1 verildiyindən və Cavabdeh2 “KİA OPTİMA” markalı, 99-FG-66 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5972/2022 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilmiş, “RAVON NEXİA R3” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 2.160 manat sığorta ödənişi və ödənilmiş 41,6 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi işdə olan sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman nəqliyyat vasitəsinin idarə etməyə hüququ olmadığı, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs Cavabdeh1 isə avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğu təsdiq edildiyindən həmin nəqliyyat vasitəsinin vurduğu zərərə görə hər iki cavabdeh məsuliyyət daşımalıdır.

13. Məhkəmə öz mövqeyini “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2-ci, Mülki Məcəllənin 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, Mülki Prosessual Məcəllənin 119.1, 284.1, 284-5, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən konkret olaraq DYP-nin protokol və qərarı əsas götürülmüş və onun hadisə ilə səbəbli əlaqəsi olması yalnız protokol və qərara əsasən müəyyən edilmişdir. Həmin protokol və qərarın əsassız olması ehtimalı nəzərə alınmamışdır. Onun tərəfindən hadisə ilə bağlı belə bir problemin olması barədə məlumat olmadığından bu günədək sakit durmuşdur, lakin hazırda tərəfindən həmin protokol və qərarlardan şikayət verilməsinə hazırlıq görülür. Konkret olaraq onun avtomobili Cavabdeh2 verməyi təsdiq edən heçbir sübut yoxdur. Həmin şəxslə onun əlaqəsi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:

17. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Mülki Prosessual Məcəllə:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

30. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

31. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

32. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.

35. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlardan görünür ki, Cavabdeh2 yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olmuş və hadisə baş verdiyi zaman nəqliyyat vasitəsinin idarə etməyə hüququnun olmaması, habelə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Cavabdeh1 isə avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğu təsdiq edilmişdir.

38. Belə ki, Cavabdeh2 özü də izahatında xx.xx.2021-ci il tarixdə qohumu Cavabdeh1 yol vərəqəsi ilə məxsus olan “KİA OPTİMA” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomibili idarə etdiyini bildirmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyət hər iki cavabdehin üzərinə qoyulmalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

42. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5972/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar