Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-157/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Əliyeva (Muradlı) Aysel Zabit qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, əqdin təmsilçi vasitəsilə bağlanması, təmsilçinin öz xeyrinə əqd bağlaması, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı Əliyeva (Muradlı) Aysel Zabit qızının, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Əliyeva (Muradlı) Aysel Zabit qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən olunması və pulun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X7 ilə Cavabdeh1 (tərəflər) xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra qadına “Muradlı” soyadı verilmiş, nikahlarından xx.xx.2009cu il tarixdə Muradxan, 12 dekabr 2015-ci il tarixdə Fərhad adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarının pozulması, 21 dekabr 2009-cu il təvəllüdlü X2 və 12 dekabr 2015-ci il təvəllüdlü Cavabdeh2 İddiaçı yanında qalmaları, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay əmək haqqının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
3. Həmin qətnamənin çıxarılmasına əsas təşkil edən iddia ərizəsində Cavabdeh1 qeyd etmişdir ki, İddiaçı 10 iyun 2019-cu il tarixdə uşaqları və nikah dövründə əldə etdikləri əşyaları götürüb evdən çıxıb getmişdir və həmin dövrdən sonra ər-arvad kimi yaşamırlar.
4. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, 53 saylı DNK-da xx.xx.2017-ci il tarixdə 4Ə/731 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 50 000 manata satılmışdır. Həmin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı adından etibarnamə əsasında hərəkət edən Cavabdeh1, ərizə verərək sözügedən bağ sahəsinin satılmasına etiraz etmədiyini, əmlakla bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Müvafiq etibarnamə İddiaçı tərəfindən Cavabdeh1 onun adından sərəncam verilməsi və sairə işlərlə bağlı 30 il müddətinə verilmişdir.
5. İddiaçı Cavabdeh1 24 may 2017-ci il tarixdə verdiyi etibarnaməni 08 yanvar 2020-ci il tarixdə ləğv etdirmişdir.
6. ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2013-cü il tarixdə “Orxan” kiçik müəssisəsinin təsisçi direktoru Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmış, bağışlama müqaviləsi 7 saylı DNK-da 4Ə/1-24 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş, əmlaka kompleksi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, 7 saylı DNK-da 4Ə/17 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir.
7. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində təsisçi kimi Cavabdeh1 adına "Ev Eco” MMC adlı kommersiya hüquqi şəxsi qeydiyyatdan keçmişdir.
8. “Hyundai Azera” minik markalı **-UA-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxmışdır.
9. “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixdə X4 5000 manata satılmaqla onun adından qeydiyyatdan çıxarılmışdır.
10. “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 29 000 ABŞ dollarına satın alınmış və həmin tarixdə onun adına qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə 18 000 ABŞ dollarına Cavabdeh2 satılmış, avtomobil ** TL *** dövlət nömrə nişanı təhkim edilməklə sonuncunun adına qeydiyyatdan keçirilmişdir. xx.xx.2019-cu il tarixli müqavilə rəsmiləşdirilərkən Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir.
11. “X13” minik markalı ** TL *** dövlət nömrə nişanı avtomobil 03 mart 2020-ci il tarixdə 20 000 manata X1.
12. Əliyeva (Muradlı) Aysel Zabit qızının Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “Bakı şəhəri, Şüvəlan qəsəbəsi 3984a saylı bağ sahəsinin satışından əldə olunan gəlirin 50%-nin ona verilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, məhkəmə bu zaman ona əsaslanmışdır ki, həmin əmlak üzərində tərəflərin payları müəyyən olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq olunmuş, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin; Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə, ünvan 2 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi, Cavabdeh1 adına olan bank hesablarındakı pul vəsaitinə 1/2 hissədə payının müəyyən edilməsi, “Hyundai Azera” minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı, “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı və “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillərin satışından əldə olunmuş pula 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2009cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və 12 dekabr 2015-ci il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Nikahları dövründə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsini və ünvan 5 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisə əldə etmiş, bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli 13 mart 2013-cü il tarixli, əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli 27 may 2013-cü il tarixli çıxarış verilmişdir. Bundan əlavə "xxxx" MMC də əldə olunmuşdur və Cavabdeh1 həmin cəmiyyətdə 1 payı vardır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsi birgə nikah dövründə əldə olunmasına və həmin əmlakda 1/2 hissədə payı olmasına baxmayaraq Cavabdeh1 ona verdiyi etibarnamədən istifadə edərək onun əvəzinə notariat kontorunda razılıq ərizəsinə imza edərək həmin bağ sahəsini xəbəri olmadan satmışdır. Əmlak kompleksi kimi müəssisə də birgə nikah dövründə əldə olunmasına və həmin əmlaka 1/2 hissədə payının olmasına baxmayaraq, Cavabdeh1 onu birgə nikah dövründə əldə edilmiş əmlaklardan məhrum etmək üçün Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş 16 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən əmlakı atası Cavabdeh2 bağışlamışdır. Bundan başqa birgə nikah dövründə “Hyundai Azera” minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil və “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillər əldə olunmuş, cavabdeh həmin maşınları onun xəbəri olmadan alqı-satqı müqaviləsi əsasında başqa şəxslərə satmış və pulu özünə götürmüşdür. Sözügedən əmlaklar birgə nikah dövründə əldə olunduğundan əmlaklar üzərində payı vardır, həmin əmlaklar və avtomobillərin satışından əldə olunmuş pullar tərəflər arasında bölünməlidir.
15. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirmişdir ki, Aysel tərəfindən Əhmədə etibarnamə bağ sahəsinin satılması üçün verilmiş, bağ evinin satılması borcun ödənilməsi məqsədini daşımışdır. Kompleksin birgə nikaha aidiyyəti yoxdur, avtomobillər isə birgə nikah dövründə alınsa da elə nikah dövründə də satılmışdır. Hazırda isə heç biri mövcud deyildir. Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh1 oglu ilə Cavabdeh3 arasında Bakı səhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bag sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyildir. Belə ki, qeyd olunan əmlakın satılacağından İddiaçı əvvəlcədən xəbəri olmuşdur. Alqı-satqı müqaviləsi alıcının xahişi ilə şəhərdə bağlanacağından, o, isə ailəsi ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığından və övladları azyaşlı olduğu üçün şəhərə gəlməsində çətinliklər yaranacağından İddiaçı alqı-satqı zamanı onun adından əməliyyatları həyata keçirməsi üçün xx.xx.2017-ci il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kontorunda Əhmədə etibarnamə vermişdir. Etibarnamə verilən zaman notarius tərəfindən etibarnamə üzrə verilmiş bütün səlahiyyətlər İddiaçı izah olunmuş, o da etibarnamə ilə tanış olaraq onu imzalamışdır. Bundan sonra isə xx.xx.2017-ci il tarixdə 53 saylı notariat ofisində qeyd olunan əmlakın alqı-satqısı həyata keçirilən zaman Əhməd həyat yoldaşının adından zəruri sənədləri onun verdiyi etibarnamə əsasında imzalamışdır. İddiaçı xx.xx.2017-ci il tarixində etibarnamə verən zaman həmin etibarnaməni Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinin satılması ilə əlaqədar verdiyini bilmiş və həmin bağ sahəsi onun razılığı ilə satılmışdır. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsi ilə bağlı qeyd olunmalıdır ki, qeyd olunan əmlak xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Əhmədin atası, “Orxan” kiçik müəssisənin təsisçi direktoru Cavabdeh2 tərəfindən ona bağışlanmışdır və qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyət sayılmır. Belə olan halda isə həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti tamamilə Əhmədə məxsusdur və o da əmlakı xx.xx.2020-ci il tarixdə atasına bağışlamışdır. İddia tələbinin Bakı səhəri, Xəzər rayonu, Süvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinə və ünvan 4 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X3 payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbi qeyd olunan əmlakların alqı-satqı və bağışlanması ilə əlaqədar müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmçinin 3984a saylı bağ sahəsi İddiaçı razılığı ilə satıldığından, əmlak kompleksi isə birgə əmlak hesab olunmadığından tələb bu hissədə də əsassızdır və rədd olunmalıdır. “Hyundai Azera” minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobilin, “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobilin və “X13” minik markalı **- UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X3 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin cavabdehdən alınıb İddiaçı verilməsi tələbi də əsassızdır, çünkü iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BDYPİ-nin məktubuna əlavə olunmuş məlumatdan da məlum olduğu kimi həmin avtomobillər nikah dövründə satılmış, satışdan əldə olunmuş pulun bir hissəsi ailənin ehtiyaclarına, bir hissəsi isə sonrakı avtomobilin alınmasına sərf olunmuşdur. Həmçinin "Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil nikahdan əvvəl alınmışdır və birgə mülkiyyətə daxil olmamışdır.
16. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etməklə yanaşı bildirmişdir ki, ərinə 30 illik etibarnamə verməsini sonradan bilmiş və ləğv etdirmişdir. Avtomobillərin birgə nikah dövründə satılmasından isə xəbərsizdir.
17. Cavabdeh3 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, iddiaçının 03 iyun 2017-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə 2020-ci ilin oktyabr ayında, yəni qanunla müəyyən olunmuş 1 illik iddia müddəti keçdikdən sonra müraciət etdiyini vurğulamaqla həmin tələbin rədd olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, "xxxx" MMC-də 1 payın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. İddia tələbi ünvan 5 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin daşınmaz əmlak birgə nikah dövründə Cavabdeh1 mülkiyyətinə keçmiş olsa da, tərəflərin birgə qazancları əsasında əldə edilmiş əmlak olmamaqla Cavabdeh1 bağışlama müqaviləsi əsasında atası tərəfindən bağışlanmış əmlakdır. Belə olan halda həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməklə həmin əmlakın yenidən Cavabdeh1 tərəfindən atası, digər Cavabdeh2 bağışlanması barədə müqavilənin etibarsızlığına dair dəlillər əsassız olmaqla həmin hissədə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. 19.2. İddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edirlməklə əmlakda iddiaçının ½ payının müəyyən edilməsi hissəsinə münasibətdə də məhkəmə qeyd edir ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edildiyindən tərəflərin hər birinin payı bərabər olmuşdur. Lakin iddiaçı Cavabdeh1 etibarnamə verməklə onun adından sərəncam verilməsinə razılıq vermişdir. İddiaçının Cavabdeh1 həmin əmlaklar üzərində sərəncam verilməsinə dair qüvvədə olan etibarnamə verməsi, əmlakların satılmasına və bağışlanmasına dair yazılı razılığı əsasında reallaşmışdır. Bundan sonra mübahisəli əmlaklar cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi mübahisəli əmklaklara dair bağlanmış alqı-satqı və bağışlanma müqaviləsinin tərəfləri həmin əqdləri öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamışlar, həmin müqavilələr bağlanarkən müqavilələr mübahisə edilməmiş, həmin əqdlər hər-hansı şərtdən aslı edilməmişdir. Mübahisə predmeti olan əmlaklara dair əqd bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. İddiaçı isə bağlanan əqdlərin növündən və onun hüquqi nəticələrindən məlumatlı olmuşdur. 19.3. Bununla yanaşı məhkəmə Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizədə qeyd edilən hallar iddia müddəti deyil, hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş kəsici müddətdir. Bunun tətbiqi üçün isə cavabdeh tərəfin ərizə verməsi nəzərədə tutulmur. Qeyd edilən müddət hazırki halda iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməsini, etmədiyi halda isə həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Hazırki halda isə işin müəyyən edilmiş faktiki halları və iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsini bildiyi vaxtdan, yəni müqavilənin bağlandığından iddia tələbi ilə müraciət edilən günədək qanunla nəzərədə tutulmuş həmin müddət də ötürülmüşdür. Bu baxımdan da iddia tələbi təmin edilə bilməz. 19.4. Məhkəmə iddia tələbinin “Hyundai Azera” minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı 90-LR- 297 dövlət nömrə nişanlı avtomobil və “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin əmlaklar da iddiaçı ilə birgə nikah dövründə satılmışdır. Buna dair iddiaçının hər hansı bir etirazı olmamış və mübahisələndirilməmişdir. 19.5. Məhkəmə iddia tələbinin Cavabdeh1 adına olan bank hesablarında pul vəsaitinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsinə dair hissinə münasibətdə qeyd edir ki, iş materialarına əlavə edilmiş sənədlərdən göründüyü kimi birgə nikah dövründə Cavabdeh1 adına olan bank hesablarında hər hansı məbləğin olması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia təmin oluna bilməz. 19.6. İddia tələbi "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materillarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, təsisçi kimi Cavabdeh1 adına "xxxx" MMC adlı kommersiya hüquqi şəxs qeydiyyatdan keçmişdir.
20. Mövqeyini əsaslandırarkən məhkəmə, Ailə Məcəlləsinin 32.1-ci, 34.1-ci, 37.1-ci, Mülki Məcəllənin 178.1-ci, 225.1-ci, 324-cü, 354-cü, 567-ci maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadığını, nəticəsinin işin həqiqi hallarına uyğun gəlmədiyini, sübutlara düzgün qiymət vermədiyini, Cavabdeh1 etibarnamələri hansı məqsədlə verdiyini aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
23. Əvvəlki məhkəmə iclasında iştirak edən Aysel Əliyeva (Muradlı) apellyasiya şikayətini müdafiə etməklə yanaşı vəsatət verərək işin icraatının dayandırılmasını xahiş etmiş, xahişini belə əsaslandırmışdır ki, tərəfindən 24 may 2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində Cavabdeh1 verilmiş etibarnaməni və onun əsasında həyata keçirilmiş hərəkətləri Bakı şəhər Xəzər Rayon Məhkəməsində mübahisələndirmiş, həmin etibarnamənin, Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin, etibarnamə əsasında Bakı şəhəri 53 saylı notariat ofisində adından verilmiş xx.xx.2017-ci il tarixli ərizənin, habelə digər hərəkətlərin etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Belə ki, Cavabdeh1 onun adından onun xəbəri olmadan və verilmiş etibarnamə üzrə nəzərdə tutulmuş səlahiyyətlərdən öz şəxsi mənafeyinə uyğun olaraq hərəkətlər həyata keçirmiş, birgə nikah dövründə əldə edilmiş əmlakların satılmasına nail olmuşdur. Hesab edir ki, tərəfindən 24 may 2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş etibarnamənin onun həqiqi iradə ifadəsini əks etdirib-etdirməməsi, həmin etibarnamə üzrə Cavabdeh1 tərəfindən edilmiş hərəkətlərdən onun hansı həcmdə məlumatlı olub-olmaması və.s hallar müəyyənləşdirilmədən, apellyasiya şikayətinə baxılması hüquqlarının pozulmasına gətirib çıxara bilər və buna görə də işin icraatı dayandırılmalıdır.
24. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadı ilə işin icraatı İddiaçı Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “24 may 2017-ci il tarixli etibarnamənin və onun əsasında həyata keçirilmiş hərəkətlərin etibarsız hesab edilməsi” barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardadla icraat təzələnmişdir.
25. Məhkəmə iclasında iştirak edən Aysel Əliyeva apellyasiya şikayətini müdafiə etmiş, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 isə şikayətin formal əsaslarla verildiyini və qətnamənin dəyişdirilməməli olduğunu bildirmişdir.
26. İşə baxılmasının vaxtı (yeri) barədə məlumatlandırılmış cavabdehlər Cavabdeh3, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndələri məhkəməyə gəlməmiş, 53 saylı notariat ofisinin notariusu isə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
33. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
34. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
35. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
36. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
37. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
41. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
42. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
43. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
44. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
45. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
46. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
47. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
48. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
49. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir
50. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
51. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
52. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
56. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddia tələblərinin təmin edilməyən hissələri üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnaməni sözügedən hissələrdə mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin "xxxx" MMC-də 1 payın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi” hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
61. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək həmin tələb təmin olunmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
64. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinin tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Bununla belə həmin əmlak, yuxarıda qeyd olunduğu kimi tərəflərin ailə münasibətlərinin normal olduğu dövrdə özgəninkiləşdirilmiş, Cavabdeh3 mülkiyyətinə keçirilmişdir.
65. Sözügedən əmlakla bağlı iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, əmlakın alqı-satqısı zamanı Cavabdeh1 onun adından verdiyi razılıq onun həqiqi iradəsini ifadə etməmiş, adından etibarnamə ilə çıxış edən Cavabdeh1 əmlakı etibardan sui-istifadə etməklə və öz mənafeyi üçün satmışdır.
66. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
67. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 37) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
68. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (§ 48).
69. Kollegiya qeyd edir ki, nikah dövründə satılmış əmlakın ailənin ehtiyaclarına sərf edildiyi prezumpsiyadır və bunun əksini iddia edən ciddi və mötəbər sübutlar təqdim etməlidir.
70. Nikah dövründə əldə olunmuş əmlakın satılmasına arvadın (ərin) verdiyi razılıq isə onun birtərəfli iradə bəyanıdır və notariat qaydada təsdiqlənmiş belə iradə bəyanına münasibətdə prezumpsiya ondan ibarətdir ki, iradə ifadəsi məhz razılıq ərizəsində göstərilən qaydada olmuşdur. Odur ki, yazılı və notariat qaydasında təsdiqlənmiş iradə ifadəsinin aldatma nəticəsində bəyan edildiyi nəticəsinə gələ bilmək üçün həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
71. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.
72. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, həyat yoldaşı olan Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 30 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən bağ sahəsi məhz həmin etibarnamə əsasında İddiaçı verdiyi razılıq nəzərə alınmaqla Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmışdır.
73. Müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən İddiaçı fəaliyyət qabiliyyətsiz olduğu, yaxud aldadıldığı isə müəyyən edilməmişdir.
74. Tərəflərin ailə münasibətlərinin müqavilənin bağlanmasından 2 il sonra pozulmuş olmasını da nəzərə almaqla kollegiya hesab edir ki, sözügedən müqaviləni İddiaçı iradəsinin ziddinə bağlanmış müqavilə kimi qiymətləndirmək mümkün deyildir və həmin müqavilə üzrə əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına sərf edildiyini qəbul etmək daha məntiqlidir.
75. Göstərilənlərə əsasən kollegiya, iddiaçının “Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
76. ünvan 2 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisənin isə tərəflərin birgə əmlakı olmadığı müəyyən edilmişdir və bu səbəblə də iddiaçının həmin əmlakla bağlı irəli sürdüyü iddia tələbinin qanuni əsası ümumiyyətlə mövcud deyildir.
77. Kollegiya, “Cavabdeh1 adına olan bank hesablarındakı pul vəsaitinə 1/2 hissədə payın müəyyən edilməsi” tələbi üzrə gəlinən nəticə ilə də razılaşır; belə ki, Cavabdeh1 bank hesablarının mövcudluğu müəyyən edilməmişdir.
78. Kollegiyanın qənaətinə görə, iddiaçının “Hyundai Azera” minik markalı **- UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı və “Vaz 21074” minik markalı **- LR-*** dövlət nömrə nişanlı avtomobillərin satışından əldə olunmuş pula 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbi üzrə gəlinən nəticə ilə də razılaşmamaq üçün əsas yoxdur.
79. Nəzərə alınmalıdır ki, həmin avtomobillər tərəflərin ailə münasibətlərinin normal olduğu dövrdə satılmışdır və yuxarıda qeyd olunduğu kimi, satışdan əldə edilən vəsaitin ailə ehtiyaclarına sərf edildiyi prezumsiyadır.
80. Həmçinin qeyd olunmalıdır ki, ailə qanunvericiliyi (§ 51) ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir.
81. Bununla belə kollegiya, “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillə bağlı tələb üzrə gəlinən nəticəni əsassız hesab edir.
82. Belə ki, tərəflər həmin avtomobilin birgə nikah dövründə əldə olunduğunu və nikah rəsmi qaydada pozulmamışdan əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirildiyini mübahisələndirmirlər; İddiaçı (Əliyeva) avtomobilin satış dəyərinin yarısının ona verilməsini tələb etmiş, Cavabdeh1 isə avtomobilin nikah dövründə satıldığını və onun satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyini irəli sürməklə iddiaya etiraz etmişdir.
83. Kollegiya, avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi barədə Cavabdeh1 irəli sürdüyü və birinci instansiya məhkəməsinin də razılaşdığı arqumenti əsassız hesab edir. Belə ki, işin hallarından tərəflərin münasibətlərinin 2019-cu ilin iyun ayından faktiki olaraq pozulduğu (bu hal tərəflərin nikahlarının pozulması ilə bağlı qətnamədən müəyyən olunur), xx.xx.2019-cu il tarixdə Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, avtomobilin isə xx.xx.2019cu il tarixdə Cavabdeh1 atası Cavabdeh2 18 000 ABŞ dollarına satıldığı məlum olur; belə olan halda isə satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyini qəbul etmək ədalətli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.
84. Qeyd olunmalıdır ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir. Cavabdeh1 isə ailə münasibətlərinin pozulmasından sonra satdığı avtomobilin satışından əldə etdiyi vəsaitin göstərilən istiqamətdə xərcləndiyinə dair heç bir sübut təqdim etməmişdir.
85. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin edilərək Cavabdeh1 9000 ABŞ dolları vəsait (Azərbaycan manatının məzənnəsi ilə) alınıb Aysel Əliyevaya (Muradlıya) verilməlidir.
86. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Muradlı (Əliyeva) Aysel Zabit qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-404/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. Cavabdeh1 “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satılmasına görə Muradlı (Əliyeva) Aysel Zabit qızının payına düşən hissə qismində 9000 (doqquz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 40 (qırx) manat alınaraq Muradlı (Əliyeva) Aysel Zabit qızına verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov