Məhkəmə qərarları › İş №2(103)-1570/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1570/2025

05.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1570/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X8rşı iş üzrə Açar sözlər: mülkiyyətdə olan sahə, habelə keçid yolu üzərində inşa edilmiş tikililərin sökülməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və Cavabdeh2 hüquqi varisi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X8rşı “mülkiyyətdə olan sahə, habelə keçid yolu üzərində inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(003)-969/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 54.91 kv.m olan 561 saylı bağ evi xx.xx.2008-ci il tarixdə Cavabdeh2, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.13 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 227.07 kv.m olan 562 saylı bağ evi xx.xx.2009-cu il tarixdə Cavabdeh4, ünvan ünvanında yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 560 nömrəli bağ sahəsi və onun yerləşdiyi 0.11 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı Cavabdeh4 və X6 qarşı “bağdan yola nəqliyyat vasitəsilə çıxış üçün keçid yolunun bərpası” tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan ümumiyyətlə həmin iddiadan imtina edilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1760/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və Cavabdeh1 bağ sahəsinin ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitutun təyin edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə bir neşə dəfə müvafiq olaraq Bakı Apellyasiya və Azərbaycan Respublikasının Ali Məhkəmələrində baxılmış, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8206 saylı ekspert rəyinə əsasən mərkəzə təqdim olunan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024 tarixli, 3-21-3-30/2-40762/24 nömrəli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.11 ha olsa da, faktiki olaraq 0.1198 ha təşkil edir, 0.0098 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur. Torpaq sahəsinin dörd tərəfi qonşu sahələrdir. Təqdim olunmuş sənədlər toplusuna əsasən bağ sahəsinə yol yoxdur. İlkin qeydiyyat zamanı iddiaçı və qonşular tərəfindən təsdiq olunmuş razılıq ərizələri əsasında bağ sahəsi qeydiyyatdan keçmişdir. Belə ki, iddiaçı bağ sahəsinin qeydiyyata alındıqdan sonra həmin qonşularla alqı-satqı olunmasını qeyd etsə də, lakin alqı-satqı olunmamışdır. Hazırda iddiaçı bağ sahəsinə keçmək üçün yolu qonşu sahələrdən tələb edir (sahə mübahisəlidir). Servitutla verilməsi nəzərdə tutulan yol qonşu mülkiyyətində olduğu müəyyən edilir (üzərində tikili yoxdur) Qeyd olunanlarla bağlı izahlı baş plan əlavə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X6 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X8rşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində tikilmiş tikililərin və ona məxsus bağ sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, onun əri Cavabdeh2 və Cavabdeh4 Şıxbaba oğlu ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsindən əsas yola olan çıxış üzərində tikililər tikmişlər. Artıq uzun illərdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi onların bu əməllərinə şərait yaratmış, köməklik göstərmişdir. Belə ki, o, 560 saylı bağ sahəsinin mülkiyyətçisidir. Cavabdeh4 562 saylı bağ sahəsinin mülkiyyətçisidir. 561 saylı bağ sahəsi Cavabdeh2, 561A saylı bağ sahəsi isə onun arvadı Cavabdeh1 məxsusdur. Uzun müddətdir ki, cavabdehlər onun bağ sahəsinə olan keçid yolunun üzərində qanunsuz tikililər inşa etmişlər və onun keçid yolunu bağlamışlar. Bu səbəbdən də öz mülkiyyətindən istifadə edə bilmir. Mülkiyyətində olan 560 saylı bağ sahəsindən istifadə etməsinin qarşısını alındığı üçün, keçid yolunun üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Cavabdeh1, onun əri Cavabdeh2, həmçinin ona məxsus olan 560 saylı bağ sahəsində qanunsuz tikinti işləri apararaq ev tikirlər. Cavabdehlər onun mülkiyyətinə olan keçid yolunun üzərində tikililər inşa edib, onun keçid yolunu bağlamalarından istifadə edərək, onun torpağını da zəbt ediblər və orada tikinti işləri aparırlar. Mülkiyyət hüquqlarının qorunması üçün, həmin tikintinin cavabdehlərin hesabına sökülməsi vacibdir. Digər tərəfdən Daşınmaz Əmlakın Kadastrı və X10 şəxsi hansısa maraqlar naminə Cavabdeh1, onun əri Cavabdeh2 qanunsuzluq törətməkdə köməklik ediblər. Bu səbəbdən də onlar da hazırkı iş üzrə onun əmlakına dəymiş ziyana görə məsuliyyət daşıyırlar, cavabdehlərin bu hərəkətləri mülki hüququ pozuntusudur.

7. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən məhkəmə bu şəxsi onun hüquqi varisi (arvadı) olan Cavabdeh1 ilə əvəz etmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-969/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmişdir. (hakim X5)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində, eləcə də bağ sahəsində tikililər inşa edildiyini bildirsə də, iddiaçıya məxsus bağ sahəsinin üzərində tikilinin olmadığı müəyyən edilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut hesab edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı gediş-gəliş yolunun açılması, servitut tələbinə dair ayrıca iddiası olmuş və onun iddiası təmin edilməmişdir. Həmin tələb üzrə mülki iş çərçivəsində 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh2 mülkiyyətindədir, eləcə də hazırki iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilinin olmaması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152ci, 157-ci, 180-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76- 77-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyindən də müəyyən olunur ki, ekspertlər və iş üzrə rəy vermiş mütəxəssis mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, yerində ölçmə işləri aparmamışlar. Ekspertiza və mütəxəssis rəyinin verilməsində Cavabdeh1 iştirak etdiyi barədə məlumat var, lakin nə onun, nə də nümayəndəsinin iştirakı təmin edilməmişdir Bununla da çəkişmə prinsipi pozulmuşdur. Bundan əlavə, iştirakı təmin edilməməklə onun izah vermək, baş verənləri düzgün izah etmək, torpağına gedən və əvvəllər mövcud olmuş yolu göstərmək imkanı əlindən alınmışdır. Məhkəmə tərəfindən ekspertiza qarşısında servitut barədə sual qoyulmamışdır. Ekspert rəyi və ekspertiza qarşısında qoyulmuş suallar arasında kəskin uyğunsuzluq var. Bu da onu deməyə əsas verir ki, ekspertiza faktiki keçirilməyib, tərəflər arasında olmuş bundan əvvəlki məhkəmə mübahisəsində verilmiş ekspert rəyi bu mübahisədə “köçürülmüşdür” (copy-paste edilmişdir). Bu qanunsuzluqla əlaqədar vəsatət verilmiş və təkrar ekspertiza təyin edilməsi məhkəmədən xahiş edilsə də, vəsatət əsassız olaraq rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

15. Məhkəmə iclasında cavabdeh, habelə Cavabdeh2 hüquqi varisi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, digər cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd edir ki, iddiaçı və cavabdehlər qonşudurlar. İddiaçıya məxsus bağ sahəsi faktiki olaraq üç tərəfdən cavabdehlərə məxsus bağ sahələri ilə əhatə olunmuşdur. İddiaçıya məxsus bağ sahəsinə hər hansı keçid yolu yoxdur. İddiaçı əvvəllər cavabdehlər Cavabdeh4 və X6 qarşı keçid yolunun bərpası iddiası ilə məhkəməyə müraciət etmiş, lakin sonradan cavabdehlərlə razılıq əldə olduğundan işə onun şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiadan imtina etmişdir. Bununla yanaşı iddiaçı Cavabdeh1 qarşı da keçid yolunun açılması və servitutun verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı vəfat etmiş və bu şəxs hüquqi varisi olan (arvadı) digər Cavabdeh1 ilə əvəz edilmişdir.

25. Hazırda iddiaçının tələbi 2 istiqamət üzərində formalaşmışdır: 1) ona məxsus olan bağ sahəsinə keçid yolunun üzərində tikilmiş tikililərin sökülməsi; 2) cavabdehlər tərəfindən ona məxsus bağ sahəsində tikilmiş qanunsuz tikilinin sökülməsi.

26. Məhkəmə kollegiyası iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı əvvəlcə qanunsuz tikililərin sökülməsini tələb etdiyi keçid yoluna hüquqi bağlılığını, o cümlədən ümumiyyətlə mövcudluğunu sübut etməli və cavabdehlərin onun hansı hüququnu pozmasını əsaslandırmalıdır. İddiaçı isə 3 cavabdehə qarşı bu tələbi irəli sürsə də, nəticə etibarı ilə keçid yolunun üzərində Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsini tələb edir. Belə ki, keçid yolunun məhz bu cavabdehə məxsus olan bağ sahəsi üzərindən olduğunu iddia edir.

27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

30. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

31. Lakin artıq müəyyən edildiyi ki, iddiaçı cavabdehlər Cavabdeh4 və X6 qarşı keçid yolunun bərpası iddiasını qaldırmış, lakin sonradan bu iddiasından məhkəmə qaydasında imtina etmiş və onun imtinası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1760/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə qəbul edilmişdir. İddiaçının Cavabdeh1 qarşı keçid yolunun açılması və servitutun verilməsi tələbinə dair iddiası isə uğursuz olmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehlərdən hər hansı birinin mülkiyyətində olan torpaq sahəsindən keçid yolu mövcud deyil. Bu baxımdan cavabdehlərə məxsus olmaqla onların mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş hər hansı tikintinin bu əsasla sökülməsini tələb etmək üçün iddiaçı ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu tələbi rədd etməkdə haqlı olmuşdur. Bu tələb əsasızdır və təmin edilə bilməz.

32. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

34. Bu baxımdan iddiaçı cavabdehlər (onların hər hansı biri) tərəfindən ona məxsus bağ sahəsində qanunsuz olaraq tikili inşa edildiyini sübut etməli idi. Lakin iddiaçı bu mövqedən çıxış etsə də, iddia etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarı ilə ona məxsus sahədə cavabdehlərin hər hansı biri tərəfindən tikinti işlərinin aparılması öz təsdiqini tapmır. Əksinə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı ilə iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsi) sənəd üzrə 0.11 ha olmasına baxmayaraq, faktiki olaraq 0.1198 ha təşkil etdiyi, yəni 0.0098 ha torpaq sahəsinin əlavə olaraq onun istifadəsində olduğu müəyyən edilmiş və bu barədə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8206 saylı ekspert rəyi tərtib edilmişdir. Başqa sözlə, iddiaçı ölçü etibarı ilə ona məxsus olan torpaq sahəsindən də artıq sahədən istifadə edir. Bu rəydə göstərilənlərin həqiqəti əks etdirmədiyini və iddiaçının ekspert tədqiqatında iştirak etməsi nəticəsində hər hansı başqa bir rəyin verilməsinin mümkünlüyünü də məhkəmə kollegiyası istisna edir. Hər bir halda, 560 nömrəli bağ sahəsi və onun yerləşdiyi 0.11 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bununla bağlı baza məlumatları mövcuddur və həmin sahənin cizgiləri həmin baza məlumatlarındadır. Bu da öz növbəsində iddiaçının sənəd üzrə və faktiki olaraq istifadəsində olan sahələr üzrə dəqiq məlumatın verilməsini mümkün edir.

35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qənaəti əsaslı və düzgündür. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-969/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar