Məhkəmə qərarları › İş №2(103)-1574/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1574/2024

06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1574/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(009)- 280/2020 saylı qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 – cavabdehlər Cavabdeh1, X2 (üçüncü şəxs kimi Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti qeyd edilən) qarşı “ümumi istifadədə olan zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa olunmuş dəmir hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsi) inşa olunmuş dəmir hasarın cavabdehlərin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili X5 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsi) «dəmir qapı» sözlərinin, «inşa olunmuş daş hasar» sözləri ilə əvəz edilməsi və cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı dövründə Cavabdeh1 nümayəndəsi və vəkilinin vəsatətinə, eləcə də iddiaçıların nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 əsl cavabdeh X6 ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)- 280/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1 və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında (həyət hissəsində) qanunsuz olaraq inşa edilən daş hasarın onu inşa edən cavabdeh X6 tərəfindən onun hesabına sökülərək həmin torpaq sahəsi boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2192/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçıların kassasiya şikayətinə əsasən Azərbayca Respublikası Ali Məhkəməsinin 2(102)-5704/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2192/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən cavabdeh X6 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)- 280/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,067690 ha-dan ibarət olan torpaq sahəsini əldə etmişdir. Maraqlı şəxs torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 16 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir. 2(009)-280/2020 saylı mülki iş üzrə cavabdeh X3 torpaq sahəsi ilə Maraqlı şəxs torpaq sahəsini ayran sərhəd üzrə daş hasar tikilmişdir. Həmin daş hasar Maraqlı şəxs torpağının sərhədində yerləşir, bu fakt torpaq sahəsinin texniki pasportunda da əks olunmuşdur. Hasarın sökülməsi mükiyyətçinin öz torpaq sahəsinin sərhəddində mərz çəkmək hüququnun pozulmasına gətirib çıxarır. Bu hal məhkəmə tərəfindən işə baxılarkən araşdırılmamışdır. Ümumiyyətlə, məhkəmə sorğu verib iddiaçıların mənzillərinin yerləşdiyi binanın altındakı torpaqın kimin mülkiyyətində olduğunun araşdırmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-280/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir və hazırda qətnamə icra mərhələsindədir. Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən torpaq sahəsini 16 oktyabr 2023-cü il tarixdə əldə etmişdir. Qətnaməyə əsasən cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1 və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında inşa edilmiş daş hasarın sökülməsi qət edilmişdir. Mübahisə predmeti olan daş hasar X6 ilə Maraqlı şəxs torpaq sahələrinin sərhədini ayırır. Həmin daş hasarın sökülməsi Maraqlı şəxs mülkiyyət hüququnu pozur, onun mənafeyinə toxunur. İşə baxan məhkəmə iddiaçıların mənzillərinin yerləşdiyi binanın altındakı torpaq sahəsinin kimə məxsus olduğunu araşdırmalı idi, bununla bağlı iddiaçılardan, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətindən sübutlar (məlumatlar) tələb etməli idi. Bu hissədə araşdırmanın aparılmaması nəticəsində maraqlı olan torpaq mülkiyyətçisi işin baxılmasına cəlb edilməmişdir. Məhkəmə həmin torpaq sahəsinin mülkiyyətçisinin, prosessual hüquqlarını pozmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-280/2020 saylı, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(009)-280/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunulması halı müəyyən edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün sayılaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,067690 ha-dan ibarət olan torpaq sahəsini əldə etmişdir. Maraqlı şəxs torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 16 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 “ümumi istifadə olan zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa olunmuş dəmir hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolunun əks hissəsi) inşa olunmuş daş hasarın cavabdehlərin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində qeyd olunan daş hasar Maraqlı şəxs torpaq sahəsini cavabdeh və qonşu X4 istifadəsində olan torpaq sahəsindən ayırır. Həmin daş hasarın sökülməsi barədə qətnamə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunur. İddiaçıların mənzillərinin yerləşdiyi binanın altındakı torpaq sahəsi Maraqlı şəxs xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini hasarla mərzləmək Maraqlı şəxs mülkiyyətçi kimi hüququdur. Hakim bu faktları işə baxanda araşdırmayıb. Hakim yalnız hasarın bir tərəfində olan torpaqın istifadəçisini işə cəlb edib, halbuki bu aksiomadır ki, hasarın iki tərəfi var və hasar bir torpaq sahəsini digər torpaq sahəsi ondən ayırır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-280/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir və hazırda qətnamə icra mərhələsindədir. Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən torpaq sahəsini 16 oktyabr 2023-cü il tarixdə əldə etmişdir. Qətnaməyə əsasən cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1 və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu,Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında inşa edilmiş daş hasarın sökülməsi qət edilmişdir. Mübahisə predmeti olan daş hasar X6 ilə Maraqlı şəxs torpaq sahələrinin sərhədini ayırır. Həmin daş hasarın sökülməsi Maraqlı şəxs mülkiyyət hüququnu, eləcə də mənafeyini pozur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(009)- 280/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qərardadın ləğvinə yönəldiyindən qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(009)- 280/2020 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)-280/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1 və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında (həyət hissəsində) qanunsuz olaraq inşa edilən daş hasarın onu inşa edən cavabdeh X6 tərəfindən onun hesabına sökülərək həmin torpaq sahəsi boşaldılması qət edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)-280/2020 saylı qətnaməsindən cavabdeh X6 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə tərəf olmayan qeyd edilən qətnamənin maraqlarına toxunmasını bildirən Maraqlı şəxs ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsini 16 oktyabr 2023-cü il tarixdə əldə etmiş, bundan sonra birinci instansiyası məhkəməsinə apellyasiya şikayəti təqdim etmişdir. Birinci instansiyası məhkəməsi Maraqlı şəxs apellyasiya şikayəti geri qaytarılmalı olması nəticəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunulması halı müəyyən edilmədiyindən və onun tərəfindən bu halı təsdiq edən hər-hansı bir mötəbər sübut təqdim edilməmişdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən mübahisələndirilən mülki mübahisəyə apellyasiya və kassasiya qaydasında baxılaraq yekun məhkəmə aktı qəbul edilməsinə baxmayaraq onun işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarını mübahisələndirmək kimi hüququnun olmasını izah etməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 423.2-ci maddəsinə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına qiymət verməyərək, hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunulması halının müəyyən edilməməsinə istinad etmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən hazırki vəziyyətdə qəbul edilmiş məhkəmə aktının Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi və ya edilməməsi qeyri-mümkündür. Bununla da məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etməli olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməyə cəhd etmişdir. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır Birinci instansiya məhkəməsi isə apellyasiya şikayəti geri qaytarılmalı olması barədə düzgün qənaətə gəlsə də yanlış olaraq - hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunulması halının müəyyən edilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarını mübahisələndirmə hüququ olduğu halda tərəfindən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirdiyindən məhz bu əsasla birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(009)- 280/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(009)- 280/2020 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar