Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1579/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsində yerləşən 22N saylı evdə qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş 17.01.2017ci il tarixli, 01409801 saylı və 29.01.2018-ci il tarixli ******* saylı Aktların ləğv edilməsi və həmin Aktlara əsasən hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Nofəl Əliyev 22.11.2021-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən 17.01.2017-ci il tarixli 014098-01 saylı və 29.01.2018-ci il tarixli OB-92-69 saylı aktlara əsasən hesablanmış 1000 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 22N saylı həyət evi ona məxsusdur, lakin daimi olaraq orada yaşamır, o, ailəsi ilə ünvan 1 ünvanda yaşayır, həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün onunla müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün küçədə qaz sayğacı quraşdırılmış və sayğacın üzərinə plomb da qoyulmuşdur. Başqa yerdə yaşadığı üçün hərdənbir qohumlarından bəziləri orada yaşamışlar və bu zaman sərf olunan qazın pullarını da özü ödəmişdir. Ona görə də qaz sərfiyyatı bəzi aylarda çox, bəzi aylarda az olmuş, bəzən də aylarla qazdan istifadə etməmiş, istifadə etdikləri təbii qazın pulunu isə həmişə vaxtında ödəmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 22N saylı fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2017-ci il tarixdə ******* saylı və 29.01.2018-ci il tarixdə ******* saylı Aktlar tərtib edilmiş və həmin aktlarda qeyd olunub ki, onun yaşayış sahəsində təbii qazdan sayğacdan kənar istifadə olunmuş, nəticədə cavabdehə 1620 kub metr və 3726 kub metr həcmində maddi ziyan vurmuş, hal-hazırda onun 1000 manat borcu yaranmışdır. Bu barədə ona 2021-ci ilin mart ayında məlumat verilmişdir, eləcə də cavabdeh tərəfindən tərtib olunmuş həmin aktlarda əsassız olaraq qeyd olunmuşdur ki, guya o aktları imza etməkdən imtina etmişdir halbuki o həmin vaxtlarda orada yaşamamışdır, o, cavabdeh tərəfindən tərtib edilmiş həmin Aktlara, habelə həmin aktlara əsasən hesablanmış borca etiraz edir. Belə ki, ona məxsus olan evdə quraşdırılmış qaz sayğacına tərəfindən müdaxilə olunmamış və təbii qazdan qeyriqanuni istifadə edilməmişdir. Borcun silinməsi barədə cavbdehə etdiyi müraciət nəticəsiz qalmış və ona şifahi qaydada bildirilmişdir ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı **********00030 saylı abonent koduna “Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1000 (min) manat məbləğində borcun silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pulun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi aşağıdakı əsaslara görə ləğv edilməlidir. Bildirir ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Məhkəmə dəymiş ziyan məbləğinə “CƏRİMƏ” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmiş, maddi hüquq normasını səhv tətbiq etmimişdir. Göründüyü kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. Tərəflərindən kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Təyin olunmuş ekspertiza üzrə, ekspertin qarşısına qoyulan suallar düzgün tərtib edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, abonentin ödənişləri demək olar yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkil də, təhlil edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X4 cavabdeh “Azəriqaz” İBnin nümayəndəsi Çingiz Dibirov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Çingiz Dibirov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının sayğaca müdaxilə etməsi və iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halları müəyyən edilmədiyindən, zərərin hesablanmasına əsas olmuş aktların doğruluğu və zərər vurulması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməli və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Çingiz Dibirov qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 23 yanvar 2017-ci il tarixdə təsdiq olunmuş “Azəriqaz” İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 2 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 9) İş materiallarında olan, “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 yanvar 2017-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00030, ünvan: Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi 22N) ******* saylı, 23 yanvar 2017-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün (0.6 x 6 x 90=324 m3), Radiator sobası saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün (0.8 x 18 x 90=1296 m3) qəbul edilməklə cəmi 1620 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 8) İş materiallarında olan, 29 yanvar 2018-ci il tarixdə təsdiq olunmuş “Azəriqaz” İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 2 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 12) İş materiallarında olan, “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 31 yanvar 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00030, ünvan: Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi 22N) ******* saylı, 23 yanvar 2018-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 90 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, (0.6 x 4 x 90=216 m3; 0.6 x 6 x 90=324 m3), QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 90 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün, (1.5 x 4 x 90=540 m3; 1.5 x 10 x 90=1350 m3), Radiator sobası saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün (0.8 x 18 x 90=1296 m3) qəbul edilməklə cəmi 1620 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 11) İş materiallarında olan, abonent İddiaçı adına olan saldo məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2020-ci il üçün 1.030,98 manat, 2021-ci il üşün 997.18 manat olmaqla, cəmi 2.028,16 manat borc hesablanmışdır.(İ.vər. 19) İş materiallarında olan, abonent İddiaçı adına olan 30.06.2021 “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 11.2020-ci il tarixə 1.019,68 manat borc hesablanmışdır.(İ.vər. 20) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/4517 nömrəli 25.10.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22N saylı İddiaçı məxsus ünvanda sayğacdan kənar qaz xəttinə qeyriqanuni olaraq qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilməmişdir.(İ.vər. 46 - 47) Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azəriqaz” İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş ******* saylı, 23.01.2017-ci il tarixli və ******* saylı, 29.01.2018-ci il tarixli aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin aktlar əsasında İddiaçı tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh “Azəriqaz” İB ******* saylı, 23.01.2017-ci il tarixli aktın tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmasını sübut edə bilməmişdir. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Bundan başqa cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Çingiz Dibirov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Çingiz Dibirovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 1000 (bir min) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6012/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1579/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1579/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver