Məhkəmə qərarları › İş №2(103)-1584/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1584/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1584/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Şıxsəfa oğlunun, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)-6158/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)- 6158/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 14 yanvar 2022-ci il tarixli, 2(103)-1584/2022 saylı qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə iclasında apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsi müzakirəyə çıxarılmış və iddiaçının nümayəndəsi (vəkili) yoxlanılan məsələ ilə bağlı bildirmişdir ki, tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən riayət olunmaqla apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in yeni qüvvəyə minmiş digər normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1, 361.1.5 və 361.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş konkret formaya (həmin forma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir) riayət etmədən vermiş, eyni zamanda şikayətdə əsasən işin halları və hüquq normaları sadalanmış, apellyatorun qətnaməni düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret faktlar və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)- 6158/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-1584/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar