Məhkəmə qərarları › İş №2(103)-1588/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1588/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1588/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia; iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi barədə qarşılıqlı iddia (Açar sözlər: «borc tutulması, borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X3 tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosuna əsasən İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə hesablanmış borc 2809,80 manat təşkil edir. Həmin məbləğin 622,80 manat hissəsi 2011-2016-cı illərdə yaranmışdır.

2. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3/1067 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

3. Təyin edilmiş təkrar məhkəmə-trasoloji ekspertizası əsasında Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3/1503 saylı ekspert rəyinə görə, ünvan 1 ünvanında ekspertə təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********01240) hesablanmış 2809,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən köhnə qaz sayğacı çıxarılaraq yeni sayğac quraşdırılmışdır. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra aylıq sərfıyyat barədə hesab gəldikdə bilmişdir ki, 2809,80 manat borc hesablanmışdır. Bunu araşdırmaq məqsədi ilə yerli qaz idarəsinə müraciət etdikdə bildirdilər ki, 2011-ci ildən təbii qazdan qanunsuz istifadəyə görə ümumi məbləği 2593,80 manat olan 13 akt tərtib edilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə çıxarılmış qaz sayğacına laboratoriyada yoxlama keçirilərkən sayğac istismara yararsız hesab edilmiş və ona görədə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 216 manat əlavə borc hesablanmışdır. Aktlar onun məlumatı olmadan tərtib edilmişdir. Digər tərəfdən aktlara əsasən aprılmış hesabatlar heç bir qanuna, normativ hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. 2011 və 2012-ci illərdə saxta da olsa tərtib edilmiş aktlara əsasən maksimum 70 manat hesablanmış amma digər illərdə bu məbləğ 10 dəfə artıq olmuşdur. Bu hansı qanunla tənzimlənir məlum deyil. Digər tərəfdən, 2011 və 2012-ci illərdə tərtib edilmiş 10 ədəd aktı cavabdeh təşkilat heç ona təqdim edə bilmədi. Çünki həmin aktlar ümumiyyətlə yoxdur. Hesablanmış borcu əsassız hesab etməklə yanaşı, borcun 622,80 manat hissəsi 2011-2016-cı illərdə yaranmış və həmin məbləğlərin ondan tələb edilməsi üçün iddia müddəti keçmişdir. Məhkəmədən borcun həmin hissəsinə iddia müddətinin tədbiq edilməsini xahiş edir. Təbii qazdan qanunsuz istifadə etməmişdir. Qanunsuz istifadə halını müəyyən etmək o qədərdə çətin deyil və buna görə məhkəmədən yerində baxışın keçirilməsini və ya müvafiq ekspertlərin baxış keçirməsinin təmin edilməsini xahiş edir. İstifadə etdiyi qazın dəyərini daim ödəmişdir. Qaz sayğacına müdaxiləyə gəldikdə isə, sayğac yaşayış evindən kənarda yol tərəfdə quraşdırılmışdır və onu mühafizə etməsi mümkün deyil. Eyni zamanda qaz sayğacı çıxarılarkən bütün möhürləri üzərində olmuşdur və belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. Cavabdeh təşkilat sayğaca görə məsuliyyət daşıdığı halda onun təqsirini sübuta yetirmədən məsuliyyəti üzərinə qoymağa çalışır. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları bu iradlarına, tələblərinə məhəl qoymamışlar.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 2562,37 manat zərərin cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT 3 İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddiada göstərilir ki, Cavabdeh ilə abonent İddiaçı ilə arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01240 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla, həmçinin qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 2011-ci il tarixə 214 manat, 2012-ci il tarixə 236 manat, 2016-ci il tarixə 172.80 manat, 2018-ci il tarixə 1085.40 manat, 2020-ci il tarixə 1101.60 manat, 2021-ci il tarixə 3313,44 manat, 2022-ci il tarixə 7.92 manat olmaqla, cəmi 2562.37 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldosu üzrə hazırda ümumi olaraq 2562.37 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə ilkin iddia tələbinin təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********01240) hesablanmış 2809,80 (iki min səkkiz yüz doqquz manat 80 qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi; Cavabdehndən 48,10 (qırx səkkiz manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi; iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun tələbinə dair” qarşılıqlı iddianın təmin edilməməsi; qarşılıqlı iddianın verilməsi ilə əlaqədar ödənilmiş 48,10 (qırx səkkiz manat 10 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi; ekspertiza tədqiqatının dəyəri 129 (yüz iyirmi doqquz) manatın cavabdeh X1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, ilkin iddia ərizəsi əsaslı olduğuna görə təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********01240) hesablanmış 2809,80 manat borc silinməlidir. Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 2562,37 manat debitor borcunun yarandığını iddia etsə də, borcla bağlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən heç bir sübutlar təqdim edə bilməmişdir. Həmçinin, işin araşdırılmış halları ilə qarşılıqlı iddia üzrə cavabdehin evində sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin olunması, eləcə də ekspertiza xərcinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilir ki, Xətai Rayon Məhkəməsi, iddiaçının təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə borclu şəxsin təqsirli və qanunazidd davranışı nəticəsində vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir İddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ondan tələb edildiyindən və ona veriləcək təbii qazın axımı Cavabdeh İB tərəfindən dayandırıldığından, abonent təkrar-təkrar qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli, 3/1503 saylı rəyin “TƏDQİQAT PROSESİNİN TƏSVİRİ” hissəsində ekspert müəyyən etmişdir ki, baxış keçirilən zaman borunun səthində qaynaq izləri vardır, həmin sahədə rəngin dəyişməsi (qaralma) əlamətləri müşahidə olunur. Nəticədə, ekspert məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verməmiş və verilən rəyin nəticə hissəsi tədqiqatın müfəssəl təsvirinə uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12.Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 13.İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

17. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»:

Bənd 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla, ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından; qarşılıqlı iddianın faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Cavabdeh qaz istifadəçisinin ona zərər vurduğunu göstərsə də, zərər vurulmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də zərərin vurulduğu təsdiq olunmur. Düzdü, qarşılıqlı iddiaçı ekspert rəyinin təsviri hissəsində qaynaq izlərinin olduğunun qeyd edildiyini göstərir, ancaq elə həmin rəyin nəticə hissəsində borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan izlərin aşkar edilmədiyi təsdiq olunur.

26. Tərtib olunmuş aktlar da zərərin olmasını təsdiq etmir. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da qazpaylayıcının iddiasının əsaslı olması demək deyil.

27. Ona görə də iddia ərizəsinə əlavə edilmiş təbii X4nın pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər qarşılıqlı iddia tələbini tam əsaslı edən, ilkin iddianı isə əsassız edən sübutlar kimi qiymətləndirilə bilməz.

28. Əvvəla, bu aktlar məhz istifadəçinin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız Cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir.

29. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki istifadəçinin ümumiyyətlə hansısa şəxsin hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

30. Cavabdeh qeyd olunan dövrdə abonentin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də onun qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.

31. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X4nın pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz.

32. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4234/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar