Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1594/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 oğlununiştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun və sayğac dəyərinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğacın dəyəri qismində 236 manat məbləğində pulun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi və 3010,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdehlə aralarında olan müqaviləyə əsasən həmin ünvanda yerləşən mənzil qazla təchiz edilmiş, həmin ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır. 09 iyul 2018-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları həmin ünvana gələrək köhnə sayğacı çıxarıb yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi barədə akt tərtib edilmiş və sayğacın dəyişdirilməsinin səbəbi kimi sayğacın giriş klapanının sınmasını göstərmişlər. Daha sonra iddiaçıya verilən qaz dayandırılmış, ona 3010,80 manat borcun yazıldığı bildirilmişdir. Cavabdeh 2016-cı ildən başlayaraq müxtəlif aktlar tərtib etmiş, əsas kimi iddiaçının qazdan qanunsuz istifadə etməsini göstərmişdir. İddiaçı qazdan heç bir zaman qanunsuz istifadə etməmişdir Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3010,80 manat məbləğində borc və 235.88 manat sayğacın dəyərinə görə tələb olunan borcun silinməsi, 30 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 102 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin iddiaçının qazdan sayğacdan kənar istifadə etməsinin nəzərə almadığı və Cavabdeh tərəfindən sayğaca görə iddiaçıya əlavə olaraq 235,88 manat borcun yazılmasını təsdiq edəcək heç bir sənədin olmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməməli, qətnamə qismən ləğv edilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə 2016-cı ilin sentyabr, noyabr, dekab ayrarında, 2017-ci ilin yanvar, fevral, mart, aprel aylarında, 2018-ci ilin yanvar, fevral, mart aylarında aktlar tərtib olunmuşdur. İtirilmiş təbii qazın bərpası üçün iddiaçıya borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli 10/3480 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında təbii qazın sayğacdan kənar istifadəsi halı aşkar edilməmişdir. Paylayıcı qaz xəttinin üzərində üç ədəd sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuqlar vardır ki, həmin borucuqların sonluqlarının açıq vəziyyətində kənar xətt vasitəsi ilə sayğacdan qeyri-qanuni olaraq təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin, yaxud digər abonentlərin həmin borucuqlar vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi məsələsi məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14-cü maddələrini tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 010,80 (üç min on manat səksən qəpik) manat məbləğində borcun silinməsi hissəsində təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Mövcud vəziyyətdə isə iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qoşulma halları üzrə sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Dövlət orqanlarının, icra və s. orqanların aktları ilə bağlı mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Bununla belə kollegiya yuxarıda qeyd edilən sübutetmə ilə bağlı qaydaları əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi 235.88 manat sayğacın dəyərinə görə tələb olunan borcun silinməsi hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının silinməsi tələb etdiyi 3010,80 manat məbləğində borc abonent saldosu əsasında təsdiq olunur. Lakin iddianın silinməsi tələb etdiyi 235.88 manat sayğacın dəyərinə görə tələb olunan borc isə hər hansı bir sənədlə təsdiq olunmur. İddiaçı həmin borcun hansı qaydada və ya hansı sənədə əsasən ondan tələb olunması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, həmin hissədə iddia tələbi təsdiq olunmadığından, iddia həmin hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - 235.88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat sayğacın dəyərinə görə tələb olunan borc silinməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1594/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1594/2022
09.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver