Məhkəmə qərarları › İş №2(103)-1595/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1595/2022

28.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1595/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6626/2021 19.10.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” 25.12.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6626/2021 19.10.2021-ci il tarixli qərardadı ilə, vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh2 şikayət ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6626/2021 19.10.2021-ci il tarixli qərardadının ləğv olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6626/2021 24.10.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron çıxarışına əsasən Cavabdeh1 MTK ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Nəticə etibarı ilə iddiaçı qanunvericiliklə ona verilmiş alternativ aidiyyət imkanından istifadə edərək, iddianı məhz bu cavabdehin qeydiyyat ünvanı üzrə qaldırmışdır. Bununla belə, aidiyyət qaydalarının pozulmasına yol verilməmişdir. Bu da öz növbəsində hüquqi baxımdan mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını mümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6626/2021 19.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar