Məhkəmə qərarları › İş №2(103)-1595/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1595/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1595/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-593/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnamə ilə “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. 2.Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 05 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, 22 avqust 2023-cü il tarixdə saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 49cu kilometrliyində xx.xx.1963-cü il təvəllüdlü Salyan rayonu Quyçu kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi «Range Rover» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax rayonu istiqamətində yolun orta hərəkət zolağı ilə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan xx.xx.1994-cü il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X1 idarə etdiyi «Mercedes Benz C250» markalı, 77-AN042 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobilin qabaq hissəsilə «Mercedes Benz C250» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində «Mercedes Benz C250» markalı avtomobilin sərnişini xx.xx.1967-ci il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X2 təcili yardıma müraciət etmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində İXM-nin 327.1. maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ YPXAya göndərilmişdir.

3. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışla və BB154552 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, “Range Rover” minik markalı ağ rəngli 90SJ555 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir.

4. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış və ƏN-V seriyalı 789079 saylı nəqliyyat vasitələrindən istifadə haqqında etibarnamənin surətləri ilə müəyyən olunur ki, etibar edən (mülkiyyətçi) Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 2019-cu il buraxılışlı “Mercedes Benz CLS 450 4 Matic minik” markalı 90OC555 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu xx.xx.2028-ci il tarixədək etibar edilən Cavabdeh2 etibar etmişdir.

5. xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453.86 (üç min dörd yüz əlli üç manat, səksən altı qəpik) manat məbləğində sığorta ödənişinin, 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı məbləğinin, cəmi 3508.8 (üç min beş yüz səkkiz manat, səksən qəpik)manatın tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiada göstərilib ki, Cavabdeh1 məxsus olan “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı mütənasiblik qaydasında 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASCyə geri ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8495 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C- 23/2203 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubların çatdırılmasına dair xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra qalan 3453.86 manat hissəsinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-593/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453.86 (üç min dörd yüz əlli üç manat, səksən altı qəpik) manat məbləğində sığorta ödənişinin, 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin kasko növündə sığortalanmışdır. Həmin avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə olunan, Cavabdeh1 məxsus “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh1 ara məsafəsini düzgün seçməmiş, nəticədə o, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin (geriyə qalan hissəsinin) cavabdehlərdən müştərək qaydada tutulması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun 37.1 -ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının 35.1-ci bəndinə əsasən, sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh2 təqsiri iş materialları ilə müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Bakı Qazax-Gürcüstan kəsişməsində “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsini düzgün seçməmiş, nəticədə “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuşdur. Nəticədə TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən cərimə olunmuşdur. 2012-ci il buraxılışlı “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi BOKT "xxxx" MMC-dir. Həmin avtomobilə dəymiş zərərin əvəzi sığortaçı kimi iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmiş, həmçinin yaranmış sualların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 məhkəmə iclasına dəvət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 9/1405 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı ‘Mercedes Benz C250” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6638,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5422 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu iləmateriallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktında 2012-ci il buraxılışlı “Mercedes Benz C250” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8495 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 6520,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1975,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6638,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4663,00 manat; təmir- bərpa işlərinin qiyməti — 1975,00 manat. Məhkəmə iclasında ekspert X4 bildirmişdir ki, ekspert rəyi iş materiallarına əlavə edilmiş qüsur aktına əsasən verilmişdir. Başqa sənədlərə əsasən ekspertiza aparılması səlahiyyətləri yoxdur. Avtomobilə dəymiş ziyanla bağlı baxış keçirilmir, yalnız qüsur aktı nəzərə alınır. Bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli daxili əmri vardır. Yalnız qüsur aktına əsasən dəymiş zərər hesablanır. Ekspert rəyində həm köhnəlmə əmsalı ilə, həm də köhnəlmə əmsalı nəzərə alınmadan məbləğlər göstərilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmələrini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən “Mercedes Benz C250” minik markalı, 77- AN042 dövlət qeydiyyat nişanlı avtomobilə 8495 (səkkiz min dörd yüz doxsan beş) manat zərər vurulduğu göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5422 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə köhnəlmə faizi nəzərə alınmadan qeyd olunan zərərin məbləği təsdiq olunur. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 8395 manat məbləğdən "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat zərər qalır. Qeyd olunan məbləğ iddiaçının tələb etdiyi məbləğlə uyğun gəlir. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, sığorta müqaviləsində sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq olunması nəzərdə tutulmadığından, iddiaçı - sığortaçı tərəfindən avtomobilə dəymiş zərərin əvəzi köhnəlmə əmsalı tətbiq edilmədən zərərçəkmişə ödənildiyindən avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci 8495 (səkkiz min dörd yüz doxsan beş) manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, iş materialları və iddia ərizəsindən müəyyən olunur ki, avtomobilə dəymiş zərərə görə 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş məbləğ, habelə 100 (yüz) manat azadolma məbləği də nəzərə alınmalı, 3453.86 (8495 – 100 - 4941.14 = 3453.86 manat) manat cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı pul məbləğini həm avtomobilin mülkiyyətçisindən, həm də hadisə zamanı avtomobili idarə edən şəxsdən tələb edir. İş materialları ilə Cavabdeh2 hadisə zamanı “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən etibarnaməsinin olması müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış və ƏN-V seriyalı 789079 saylı nəqliyyat vasitələrindən istifadə haqqında etibarnamənin surətləri ilə müəyyən olunur ki, etibar edən (mülkiyyətçi) Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 2019-cu il buraxılışlı “Mercedes Benz CLS 450 4 Matic minik” markalı 90OC555 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibar etmişdir. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən avtomobil isə “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, pul vəsaiti həm avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1, həm də “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsas olmadan idarə edən Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddia Cavabdeh1 yaşadığı yer üzrə deyil, onun qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli idi. Bu hissədə məhkəmə aidiyyəti pozmaqla işə baxmışdır. Pul vəsaiti həm avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1, həm də “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsas olmadan idarə edən Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə bu qənaətə də düzgün gəlməmiş və Cavabdeh1 hansı əsasa görə pulun tutulmasını əsaslandırmamışdır. Tərəfindən verilmiş ekspertizaların keçirilməsi vəsatəti təmin olunmasına baxmayaraq məhkəmə düzgün qənaətə gəlməyərək ziyan 6638 manat olmasına baxmayaraq 8395 manat məbləğdən "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat zərər qalması qənaətinə gəlmişdir. Tərəfindən zərər vurulmuş avtomobilin hansı detallarının konkert təqdim edilməsi və bunun əsasında ekspertizanın keçirilməsi tələb edilməsinə baxmayaraq bu nəzərə alınmamışdır. Ekspertiza təyin edilərkən onun maşının əzilmiş hissəsinin detallarının müəyyən edilərək, dəyişilən detalların da olub olmamasını müəyyən etməklə ekspertiza keçirilməsi tələbini məhkəmə və ekspertiza nəzərə almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 9/1405 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz C250” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6638,00 manat müəyyən edilir. Göründüyü kimi bu halı nəzərə almayan məhkəmə əsassız olaraq 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində sığorta ödənişinin ödənilməsini təmin etmişdir. Halbuki, digər ekspert rəyi həm köhnəlmə əmsalı ilə, həm də köhnəlmə əmsalı nəzərə alınmadan hesablanmışdır. Bu halın nəzərə alınamaması əsassızıdır. Bilərəkdən məhkəmə prosesini uzatmaqla tələb edilmiş halları araşdırmadan iddianı əsassız olaraq məhkəmə təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi və iddianın hər iki cavabdehə münasibətdə rədd edilməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin sığorta ödənişinin məbləği hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən sığorta ödənişinin məbləği hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi sığorta ödənişinin məbləği hissəsində iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia mübahisələndirilən hissədə haqlı sayılır.

22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinin tələbinə əsasən iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yerinə görə verilməsi iddiaçının hüququdur. İddiaçı da bu hüququndan istifadə edərək iddianı digər cavabdehin rəsmi yaşayış yerinə görə vermişdir.

24. Bundan başqa, iddia hər iki cavabdehə münasibətdə təmin edilsə də Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Cavabdeh2 isə Cavabdeh1 adından qətnaməni mübahisələndirmək üçün səlahiyyətə malik deyildir. Ona görə də Cavabdeh1 da müştərək qaydada pulun tutulmasını yalnız özü mübahisələndirə bilərdi.

25. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə ekspertiza keçirilmişdir. Alınmış birinci rəydə avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 6638, ikinci rəydə isə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8495 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6638 manat olduğu müəyyən edilib. Hər iki rəy tərtib edilərkən zərərin hesablanması aktındakı qiymətlər nəzərə alınmışdır. Ona görə də dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8495 manatdan icbari sığorta qaydasında ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat çıxıldıqdan sonra qalan 3453.86 (üç min dörd yüz əlli üç manat, səksən altı qəpik) manat cavabdehdən tələb edilmişdir. Cavabdeh düşünür ki, köhnəlmə və aşınma tətbiq edilməklə 6638 manatdan icbari sığorta qaydasında ödənilmiş məbləğ çıxılmalı idi. Ancaq avtomobilə vurulan zərər aradan qaldırılarkən köhnəlmiş və aşınmış detallardan istifadə olunmur. Ona görə də dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla zərərin 8495 manat məbləğində müəyyən edilməsi əsassız olmamışdır.

26. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən xüsusi biliyə malik olan ekspertin köməyindən 2 dəfə istifadə edilmiş, üstəlik ekspert məhkəmə iclasında dindirilmiş və ekspert cavabdehin vəsatəində göstərdiyi formada ekspertizanın keçirilməsinin mümkün olmadığını göstərmişdir. Ekspert iş materialına əlavə edilmiş sübutlardan və xüsusi biliyindən istifadə etməklə rəy vermişdir. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq ekspertizanın rəylərinin həqiqiliyi də hər hansı bir şübhə doğurmur. Odur ki, ekspertizanın rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi, eləcə də əlavə yaxud təkrar ekspertiza keçirilməsi üçün də əsas yoxdur.

27. Göstərilənlərdən əlavə, Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçının sığortalıya 8395 sığorta ödənişi verməsi işin mübahisəsiz halıdır. Demək ki, iddiaçının zərəvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi(iddiası) verdiyi sığorta ödənişi məbləğində keçmişdir. Ona görə də bu normanın tələbi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin səhv olmadığını təsdiq edir.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 593/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-593/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar