Məhkəmə qərarları › İş №2(103)-1596/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1596/2024

12.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1596/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil4 və cavabdehlərin vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Cavabdeh1 20.000 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük-tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməklə ailə üzvləri olan arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X5 və X3 ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının oğlu Cavabdeh1 digər Cavabdeh2 ilə rəsmi nikahdadır və onların yetkinlik yaşına çatmayan 2 övladları var. Cavabdeh tərəf iddiaçıya məxsus evdə yaşayırlar. Son vaxtlar cavabdeh evdə dava-dalaş salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda cavabdehlərlə birgə yaşayış qeyri-mümkündür. Bu səbəbdən iddiaçı öz evindən çıxaraq qızının evində yaşayır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(003)-36/2023) ilə iddianın təmin edilməsini, Cavabdeh1 20.000 manat miqdarında kompensasiya ödənilməklə onun fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları Leyla və Məhəmmədin fərdi yaşayış evindən çıxarılmasını, iddianın verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.

4. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-4107/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

5. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-4348/2023) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə qərarda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. c) yeni apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Cavabdehlərin birgə vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

8. Məhkəmə tərəfindən mübahisəli evə müayinə keçirilən zaman müayinədə iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, o, öz vəsaiti hesabına mübahisəli evdə təmir-tikinti işləri aparmışdır. Atası vəfat etdikdən sonra da mübahisəli evdə yaşamaqda davam etmişdir.

9. İddiaçı və onun vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, onun mülkiyyətində olan daşınmaz əmlak kimi qeydiyyata alınmış mübahisəli evi o və Əli Zeynalov birgə nikahda olduqları dövrdə əldə etmiş və sonradan evdə təmir-tikinti işləri aparaq evin sahəsini genişləndirmiş, şəraitini yaxşılaşdırmışlar. d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (maddə 228.2.).

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Yaşayış yeri haqqında arayışdan” görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə (hazırki iş üzrə tərəf olmayan) X1, (hazırki iş üzrə tərəf olmayan) X9 və Cavabdeh1dur.

13. Mübahisəli fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestrinə” əsasən verilmiş “Qeydiyyat vəsiqəsindən” görünür ki, Əzizbəyov rayonu, Zirə qəsəbəsində yerləşən 2 yaşayış otaqlı (sahəsi 47,6 kv.m), köməkçi sahəsi 26,6 kv.m. olan ev Abşeron rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə iddiaçının adına qeydə alınmışdır.

14. Bakı 5 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 037182 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının əri, yəni Cavabdeh1 atası X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

15. Mübahisəli evin 1997-ci ilə aid “Texniki pasportundan” görünür ki, Zirə sovxozu ünvanında yerləşən sözügedən evin sahibi İddiaçıdır.

16. "xxxx" MMC-nin 035/21 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövrə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir.

17. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisənin predmeti olan Əzizbəyov rayonu Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 74,2 kv metr olan fərdi yaşayış evi Abşeron rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə iddiaçının adına qeydiyyata alınmış, yaşayış evinə dair 1997-ci ilin avqust ayında tərtib edilmiş “Texniki pasporta” görə evin 1 hektar həyətyanı torpaq sahəsi vardır. Cavabdehin izahatına görə torpaq sahəsində hazırkı mübahisənin predmeti olan yaşayış evindən başqa bacısına və qardaşına məxsus olan daha iki ev vardır, qardaşı və bacısı öz ailəsi ilə birlikdə həmin evlərdə yaşayırlar.

18. Məhkəmə tərəfindən mübahisəli ev yerində müayinə edilmiş və həqiqətən də mübahisəli evin yerləşdiyi torpaq sahəsində əlavə iki tikilinin mövcud olduğu və həmin evlərdə iddiaçının digər övladlarının yaşadığı müəyyən edilmişdir.

19. İş materiallarına görə iddiaçı, mübahisəli fərdi yaşayış evi onun adına dövlət qeydiyyatına alınan zaman iddiaçı, Cavabdeh1 atası X7 ilə rəsmi nikahda olmuşdur. Əli Zeynalov xx.xx.2019-cu il tarixdə ölmüşdür. Əli Zeynalov öləndən sonra da Cavabdeh1 mübahisəli evdə yaşamaqda davam etmiş, hal-hazırda da həmin evdə yaşayır.

20. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının ayrıca mülkiyyətidir, Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququ vardır, sonuncunun arvadı olan digər Cavabdeh2 isə yaşayış sahəsindən istifadə hüququ yoxdur, Cavabdeh1 20.000 manat miqdarında kompensasiya ödənilməklə onun yaşayış evindən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılmaları işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

21. Lakin Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququnun olması qənaətinə gələn Rayon Məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, yaşayış evinin iddiaçı ilə cavabdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olub-olmadığını müəyyən etməmiş, əgər birgə mülkiyyətdirsə evin 1/2 hissəsinin Əli Zeynalovdan qalmış miras əmlakın kütləsinə aid olması, Cavabdeh1 mərhum atası Əli Zeynalovun birinci növbədə vərəsəsi olması, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etməsi, belə olan halda artıq onun yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququndan irəli gəldiyini nəzərdən qaçırmış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara hüquqi qiymət verməmişdir.

22. Hazırki apellyasiya baxışı iclasında iddiaçı bildirdi ki, onun mülkiyyətində olan daşınmaz əmlak kimi qeydiyyata alınmış mübahisəli evi o və Əli Zeynalov birgə nikahda olduqları dövrdə əldə etmiş və sonradan evdə təmir-tikinti işləri aparaq evin sahəsini genişləndirmiş, şəraitini yaxşılaşdırmışlar.

23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.).

24. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ onun mülkiyyət hüququndan irəli gəldiyi üçün bu hüquqa kompensasiya verilməklə məcburi qaydada xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə evdən çıxarılması mümkün deyil.

25. Belə ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında bu məsələ də şərh edilərək göstərilmişdir ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).

26. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

27. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Çünki vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

28. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

29. Belə olan halda Məhkəmə hesab edir ki, iddia əsasızdır, Rayon Məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də Məhkəmə apellyasiya şikayətinin iddiaçı tərəfindən ədalətli kompensasiya təklif edilməməsi ilə bağlı dəlillərinə qiymət verməyə lüzum görmür və qətnamənin yuxarıda qeyd edilən əsaslarla ləğv edilməli olduğu qənaətinə gəlir. e) apellyasiya baxışının nəticəsi

30. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddia tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri təklif edilən kompensasiya məbləğinin ədalətli olmaması ilə əsaslandırılmış olsa belə Məhkəmə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qənaətinə gəldiyindən apellyasiya şikayəti əsaslı hesab edilir.

31. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

32. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi rədd edildiyindən cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

33. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

34. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar