Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1597/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndələri X6, eyni zamanda vəkili Vəkil2, Cavabdeh4in nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)-1098/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri Cavabdeh4 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilə dair Cavabdeh4 (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC (“Podratçı”) və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış 13 avqust 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqaviləsinin, Cavabdeh4 (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC ("Podratçı”) və Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 2 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzili qanunsuz olaraq başqa şəxsə satdıqlarına görə həmin mənzilin dəyəri olan 145.500 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh4dən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və onun dəyişdirilməsi barədə ərizə belə əsaslandırılmışdır ki, cavabdehlər ilə arasında Bakı şəhər Baş planına uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 3 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m 3 otaqlı 16a saylı mənzillə təmin olunması barədə 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsi imzalanmışdır. Ona heç bir məlumat verilmədən, razılıq ərizəsi olmadan və əmlakının satılması barədə onun tərəfindən hər hansı üçüncü şəxsə etibarnamə verilmədən həmin mənzillə bağlı Nərimanov İcra Hakimiyyəti və "xxxx" MMC qanunsuz və əsassız olaraq, onun mülkiyyət hüquqlarını pozaraq Cavabdeh1 ilə 13 avqust 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi bağlanmışdır. Cavabdeh1 isə 07 sentyabr 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi əsasında sözügedən mənzili Cavabdeh2 satmışdır. Yaranmış mübahisənin araşdırılması məqsədi ilə tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, həmin məktubla bağlı ərizədə qeyd olunur ki, bu mənzil ona məxsusdur. Həmçinin məktubdan görünür ki, guya Əfsun Budaqov onun atasının bacısı oğludur. Halbuki, onun atasının belə bacısı oğlu və ya hər hansı qohumu yoxdur. Əgər olsaydı belə, təbiidir ki, qohumluq münasibətlərinin olması onun adından mülkiyyətində olan daşınmaz əmlakların satılmasına əsas ola bilməzdi. Həmin şəxsin adı Əfsun Budaqov yox, Əhmədli Əfsun Əli oğludur. O, Cavabdeh3 yuxarıda qeyd olunan mənzillə və onun satılması ilə bağlı hər hansısa bir rəsmi səlahiyyət, etibarnamə verməmişdir. Həmin məktubdan görünür ki, guya ki, Nərimanov icra hakimiyyətinin məsul işçilərinin məsələdən məlumatları yoxdur. Halbuki, həmin mənzilin inşası ilə məşğul olan "xxxx" MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh3 və Nərimanov icra hakimiyyətinin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzilin müqaviləsinin əsli onda ola-ola saxtalaşdırılaraq başqa səxlərə təkrar olaraq satmışlar. Lakin cavabdehlər saxta müqavilələr tərtib etməklə ona məxsus olan mənzili özgəninkiləşdirmək niyyətində olmuşdurlar. Sözügedən müqavilələr saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur. Mənzilin dəyəri Cavabdeh1 qızı və sonradan Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ödənildiyindən onlar vicdanlı alıcı hesab olunurlar. Alqı-satqı müqaviləsi bağlanan zaman Əliyeva Arzu Arif qızı və sonradan Cavabdeh2 əmlakın əvvəlcədən ona satıldığını bilə bilməzdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)- 1098/2021 saylı qətnaməsi iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndələri (eyni zamanda vəkil) apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh4in nümayəndəsi və cavabdeh MMC-nin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarından aşağıdakılar müəyyən edilir. Cavabdeh4 (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı (“Zəmanət alan”) arasında Bakı şəhər Baş planına uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 4 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi olan 97 kv.m 3 otaqlı 16a saylı mənzillə təmin olunması barədə 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsi imzalanmışdır. Cavabdeh4, Cavabdeh5 MMC və Cavabdeh2 arasında bağlanmış 07.09.2018-ci il tarixli 83-85-16a saylı Zəmanət müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Heydər Əliyev prospekti 83 binanın birinci mərtəbəsində ona məxsus, ümumi sahəsi 68.9 kv.m olan sökülmüş qeyri-yaşayış sahələri əvəzinə, yerləşən Heydər Əliyev prospekti 83-85 saylı ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzillə təmin olunmuşdur. 21.12.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh5 MMC tərəfindən ünvan 5 ünvanında və 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 92.2 kv.m olan 3 otaqlı mənzil Cavabdeh2 bağışlanmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi 29, M8, 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dır. "xxxx" MMC tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 29, M8, mənzil 1 (əvvəlki Heydər Əliyev prospekti, ev 83-85, 16a) saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 2018-ci ilin sentyabr ayından Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83/85, 16 a saylı mənzili qəbul etmişdir. Cavabdeh5 MMC-nin 11.03.2021-ci il tarixli məktubundan görünür ki, 07.09.2018-ci il tarixli 83-85-16a saylı Zəmanət müqaviləsində göstərilən Heydər Əliyev prospekti 83/85 saylı ünvanında 8-ci mərtəbədə inşa edilmiş, 97 kv.m 3 otaqlı 16 a saylı mənzil 21.12.2018-ci ildə notarial qaydada bağlanmış bağışlama müqaviləsində göstərilən ünvan 6 ünvanında yerləşən mənzil ümumi sahəsi 92.2 kv.m eyni mənzildir və eyni ünvanda yerləşir. DƏDRX-nin 1 saylı BƏİ-nin 06.07.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 64-87 və 89/29 saylı binalarda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırda ona məxsus olan mənzilin qanunsuz olaraq başqa şəxsə satıldığına görə mənzilin dəyərinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı təqdim etdiyi müqavilələrdə qeyd olunan Heydər Əliyev prospekti 83 binanın birinci mərtəbəsində ona məxsus, ümumi sahəsi 98.9 kv.m olan, sökülmüş qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. İddiaçının cavabdehlərə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənəti qanuni və əsaslı olmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinə onunla Cavabdeh5 MMC arasında bağlanmış 13.07.2017-ci il tarixli 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsinin surəti əlavə edilmişdir. Daha sonra müqavilənin əsli olaraq Cavabdeh5 MMC ilə arasında bağlanmış 13.07.2017-ci il tarixli 83-85-16a nömrəli müqaviləni təqdim etmişdir ( cild İ, səh.213-214). Bundan başqa iddiaçı tərəfindən müqavilənin əsli kimi Cavabdeh5 MMC ilə arasında bağlanmış 13.07.2017-ci il tarixli 83-85-16a-131a 66-68-39a nömrəli zəmanət müqaviləsi təqdim edilmişdir (cild İİ, səh.102-103). İddiaçı tərəfindən müqavilənin əsli kimi iki müqavilə təqdim edilmiş və həmin müqavilələr bir-birindən fərqli olmaqla, nüsxələr arasında ziddiyyət olduğu üçün Bakı Apelyasiya Məhkəməsinin 14.02.2022-ci il tarixli qərardadı ilə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2022-ci il tarixli 5/282-5/292 saylı ekspert rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş 13.07.2017-ci il tarixli 83-85-16a-131a 66-68-39a nömrəli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin müqavilədə olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir; - 13.07.2017-ci il tarixli 83-85-16a nömrəli zəmanət müqaviləsinin ikinci vərəqində olan möhür əksləri və imzalar hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə elektrofotoqrafik (lazer) printerdə çap edilmişdir. Həmin müqavilənin birinci və ikinci vərəqləri tərtibatına və kağızın fiziki göstəricilərə görə fərqlənir. Təqdim edilmiş 13.07.2017-ci il tarixli 83-85-16a nömrəli zəmanət müqaviləsinin ikinci vərəqi təqdim edilmiş 13.07.2017-ci il tarixli 83-85- 16a-131a 66-68-39a nömrəli müqavilənin ikinci vərəqinin surətidir. - Tədqiqata təqdim edilmiş 13.07.2017-ci il tarixli 83-85-16a-131a 66-68-39a (c.İİ, i.v.102-103) zəmanət müqaviləsində olan “Sifarişçi və zəmanətverən” qrafasındakı imza rəngləyici maddəsinin kimyəvi tərkiblərinə görə gelli qələmlə icra olunmuşdur. Həmin müqavilədə olan “Podratçı şirkət” qrafasındakı imza və “Zəmanətalan” qrafasındakı imza və “İddiaçı” əlyazısı rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin müqavilədə olan “Sifarişçi və zəmanətverən” və “Podratçı şirkət” qrafalarındakı dairəvi möhür əksinin boyasının rənglərici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddirlər və öz aralarında fərqlənirlər. - tədqiqata təqdim edilmiş 13.07.2017-ci il tarixli 83-85-16a nömrəli (c.İ, i.v 213-214) zəmanət müqaviləsində olan imzaların, “İddiaçı” əlyazısının və möhür əkslərinin icra olunmasında printerlərdə istifadə olunan rəngləyici maddələrdən istifadə olunmuşdur. Bakı şəhəri Cavabdeh4 başçısının birinci müavini tərəfindən vətəndaş X5 (iddiaçının atası) verilmiş 10.12.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “təşkilatı tədbirlər çərçivəsində Sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlarla aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda Sizə 5 ədəd 3 otaqlı, 2 ədəd 2 otaqlı mənzillərin verilməsi razılaşdırılmışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığında mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Budaqov Əfsun tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış, 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq H.Əliyev prospekti ev 66-68, mənzil 74 və H.Əliyev prospekti ev 83-85, mənzil 131 a ünvanlar üzrə X1 və İddiaçı münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirilir ki, S.Budaqova sizin vəkil etdiyiniz həmin Əfsun Budaqovun arvadı, İddiaçı isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (S.Budaqova və İddiaçı) və Sizin zəmanət müqavilələrinin digər şəxslərin adına dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nərimanov RİH bu məsələdə məsuliyyət daşımamışdır.” Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, Cavabdeh4 tərəfindən 01.10.2020-ci il tarixli 1/671 saylı məktubla aşağıdakı məzmunda arayış verilmişdir: «… Hazırki iş üzrə müqavilə tərəfi olmayan iddiaçı X3 məhkəmə baxışında məhkəməyə verdiyi izahatından göründüyü kimi onun istifadəsində olan torpaq sahəsi AR MN-in (Maliyyə Nazirliyi nəzərdə tutulur) sərancamına verilmiş, əvəzində MN sözügedən yaşayış binalarında 7 mənzilin N.Rzayevin adına Zəmanət müqavilələri ilə sənədləşdirilməsi üçün komissiya sədri Ş.İbadova göstəriş vermişdir. N.Rzayev göstərişin rəsmiləşdirilməsi üçün Ş.İbadovun yanına gəlmiş, özünün şəxsi sürücüsü və yaxın adamı olan hazırki işə 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh3 Ş.İbadova təqdim edərək, etdiyi şərti şəxslərin adına müqavilələrin bağlanmasını xahiş etmişdir. N.Rzayev eləcə də bildirmişdir ki, Cavabdeh3 təqdim etdiyi şərti şəxslərin adına Zəmanət müqavilələrinin bağlanmasını xahiş etmişdir. N.Rzayev eləcə də bildirmişdir ki, Cavabdeh3 şərti şəxslərin adına sənədləşdirilmiş əmlakı özgəninkiləşdirdikdən sonra əldə olunan pul vəsaitini ona verməli idi. Cavabdeh3 tərəfindən bütün 7 mənzil özgəninkiləşdirilmiş, əldə olunan vəsait bir mənzilin pulu istisna olmaqla N.Rzayevə verilmiş, Cavabdeh3 N.Rzayevdən əlavə vəsait istəyərək həmin pulların başqa təyinat üzrə xərclənərək külli miqdarda gəlir əldə edəcəyini bildirmiş, nəticə etibarı ilə N.Rzayevin etibarından sui-istifadə edərək ona külli miqdarda zərər vurmuşdur. Bütün qeyd edilənlərlə bağlı N.Rzayev məhkəmə baxışında izahat verərək, işin xüsusatlarını etiraf emişdir. Bütün qeyd edilənlərlə bağlı N.Rzayev Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edərək, Cavabdeh3 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. …Zəmanət müqavilələrində istər İddiaçı, istərsə də S.Budaqovanın adlarına sadalanan əmlaklar mövcud olmamış, məhiyyət etibarı ilə həmin zəmanət müqavilələri başqa əqdin pərdələnməsi üçün, yəni N.Rzayevin digər ərazidə istifadəsində olan torpaq sahəsinin əvəzlənməsinə yönəlmiş bir əqddir. … 16a saylı mənzil İddiaçı adından Cavabdeh3 razılığı ilə Cavabdeh1, daha sonra sonuncunun razılığı ilə X2 adına sənədləşdirilmişdir. Müqavilədə İddiaçı adından Namil Rzayev imza atmışdır…» İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə zəmanət müqaviləsi bağlanmışdır, bu hal Nərimanov RİH-nin cavab məktubları ilə də müəyyən edilir, daha sonra iddiaçının razılığı olmadan həmin mənzilə dair başqa şəxslə müqavilə bağlanmışdır. Daha sonra isə Cavabdeh5 MMC tərəfindən Cavabdeh2 bağışlanmış və sonuncu mənzilə dair Çıxarış almışdır. Nərimanov RİH tərəfindən göstərilmişdir ki, mübahisəli mənzil ilə bağlı Cavabdeh1 ilə müqavilə Namil Rzayevin nümayəndəsi olan Əfsun Budaqov adlı şəxsin tapşırığı ilə bağlanmışdır. Lakin işin müəyyən edilmiş hallarından Əfsun Budaqov adlı şəxsə bu barədə hər hansı səlahiyyət verilməsini göstərən etibarnamənin mövcudluğu və ya belə bir razılığın olmasını təsdiq edən hər hansı sənəd olduğu müəyyən edilmir. İddiaçı tərəfindən mübahisəli mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsi üçün Əfsun Budaqov adlı şəxsə hər hansı tapşırıq verilməsi və ya belə razılıq verilməsini göstərən ərizənin olması müəyyən edilmir, cavabdehlər tərəfindən belə bir sənəd təqdim edilməmişdir. Mübahisəli mənzilə dair iddiaçı ilə bağlanmış müqavilə mübahisələndirilməmişdir və həmin müqavilə əsasında mübahisəli mənzilin İddiaçı verilməsi təsdiq olunur. Belə olan halda iddiaçı hazırda həmin mənzilin dəyərinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Çünki onun razılığı və məlumatı olmadan mənzil başqa şəxsə satılmışdır, ona dəyən ziyan ödənilməlidir. Cavabdehlərin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, mübahisəli mənzillə əvəzləşdirilməsi üçün iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı əmlakın qeydə alınmaması tərəflər arasında bağlanmış 13.07.2017-ci il tarixli 83-85-16a- 131a 66-68-39a nömrəli zəmanət müqaviləsinin etibarlılığını şübhə altına almağa əsas vermir və bunun iş üçün heç bir əhəmiyyəti yoxdur, çünki cavabdehlər özləri etiraf edirlər ki, 16a saylı mənzil əvəzləşdirmə qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. Belə olan halda həmin mənzilin nəyin qarşılığında iddiaçıya verilməsi hazırki mübahisənin həllinə təsir etmir. Müqavilə qüvvədədir, onun etibarsızlığı, o cümlədən başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olması barədə hər hansı dəlillər təqdim olunmamışdır, nə də ki, həmin məsələ cavabdehlər tərəfindən mübahisələndirlməmişdir. Əksinə, cavabdehlərin mövqeyi ondan ibarətdir ki, 16a saylı mənzil əvəzləşdirmə qaydasında iddiaçıya verilsə də, sonradan məhz iddiaçının (atasının) səlahiyyətli nümayəndəsi olan Cavabdeh3 tapşırığı ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Başqa sözlə, cavabdehlər 13.07.2017-ci il tarixli 83-85-16a-131a 66-68-39a nömrəli zəmanət müqaviləsini məhz etibarlı müqavilə, iddiaçını isə 16a saylı mənzilin ilkin qanuni sahibi kimi qəbul edirlər. Mübahisəli hal isə ondan ibarətdir ki, 16a saylı mənzil Cavabdeh1 adına iddiaçının razılığı ilə, yaxud belə razılıq olmadan rəsmiləşmişdir. İddiaçı belə bir razılıq vermədiyini bildirir və onunla bağlanmış müqavilənin əslini məhkəməyə təqdim edərək, əgər razıılıq versəydi ən azı müqavilənin əslini təhvil verməli olduğunu qeyd edir. Cavabdehlər isə iddiaçının rəsmi razılıq vermədiyini etiraf edir, lakin bu razılığın səlahiyyətli şəxs olan Əfsun Budaqov tərəfindən şifahi verilməsini bildirirlər. Nəticə ondan ibarətdir ki, 16a saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün nə iddiaçının rəsmi razılığı, nə də Əfsun Budaqova iddiaçı tərəfindən belə bir səlahiyyət verilməsi müəyyən olunmur. Kollegiya onu da qeyd edir ki, işdə olan Cavabdeh3 barəsində olan ittiham aktının surətindən görünür ki, ona 16a saylı mənzillə bağlı ittiham verilməmişdir. Beləliklə Kollegiya hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənzilindən məhrum olmuş və nəticədə ona maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mənzilin dəyəri ilə bağlı isə birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və “X7” MMC-nin 06.09.2021-ci il tarixli rəyi ilə ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilin 13.07.2017-ci il tarixində bazar dəyərinin 145000 manat olduğu müəyyən edilmişdir. Odur ki, həmin məbləğ iddiaçıya ödənilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Namil Rzayev (iddiaçının atası) bildirmişdir ki, mübahisəli 16 a saylı mənzillə əvəzləşdirilmiş əmlak ona məxsus olsa da, onun əvəzləşdirilməsi barədə müqavilənin oğlunun adına bağlanması onun iradəsinə uyğun olmuşdur və onun tapşırığı ilə həmin müqavilə bağlanmışdır. Bununla bağlı hər hansı mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1098/2021 saylı işi üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 2 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul cavabdehlər "xxxx" MMC və Cavabdeh4dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 manat (80+80) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1597/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1597/2022
11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver