Məhkəmə qərarları › İş №2(103)-16/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-16/2024

30.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-16/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “kanalizasiya xəttinin ərazidən çıxarılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı ASC, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən diametri 1.200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus kollektorun üzərində özbaşına tikili inşa edilmişdir. Özbaşına tikilinin inşası nəticəsində qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan texniki qurğuların ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Həmin özbaşına tikili nəticəsində 8-ci kilometr kanalizasiya kollektorunun böyük hissəsinə vaxtlıvaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsi, çirkab suyun əraziyə axması ilə gigiyenik təhlükənin yaranma ehtimalını artırır, baş vermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır. Cavabdeh öz növbəsində iddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış evinin ərazisindən keçən kanalizasiya xəttinin ASC-nin öz hesabına həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Özündə ilk iddiaya qarşı etirazı ehtiva edən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ev özbaşına tikili deyildir. Həmin evin yerləşdiyi torpaq sahəsi o ərazidə inşa edilmiş çoxsaylı evlərdən biri kimi Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 284 nömrəli, xx.xx.1999-cu il tarixli “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən vətəndaş X2 ayrılmış və həmin yerdə mübahisələndirilən ev inşa edilmişdir. Evin tikintisi ilə bağlı layihə-smeta bürosu və rayon İcra Hakimiyyətinin məmuru tərəfindən çəkilmiş cizgidə həmin ərazidən hər hansı magistral su xəttinin keçmədiyi bildirilmişdir. xx.xx.2013-cü il tarixdə Səkinə Rəşidova ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh, həmin evi almış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport verilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsini qət etmişdir. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi, qismən qarşılıqlı iddia tələbinin həll edilməsi hissəsinin ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın həll edilməsi hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh yuxarıda göstərilən qarşılıqlı iddia ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki həmin tələbə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (maddə 2.2.4.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırki işdən müəyyən olunur ki, cavabdeh, iddiaçı ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xəttinin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14cü bəndinin tələblərinə əsasən hazırki qarşılıqlı iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 15.4-cü bəndinə görə, ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim (məhkəmə) iş üzrə icraata xitam verir (maddə 261.0.1.). Bu Məcəllənin 261-ci maddəsində göstərilən əsaslar olduqda, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə, yaxud qismən ləğv edib, MPM-in 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.1.). Yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (maddə 384.0.5.). Bu baxımdan, Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin həll edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 261, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2020-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kanalizasiya xəttinin ərazidən çıxarılması tələbi barədə” qarşılıqlı iddiasının həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Cavabdeh izah edilsin ki, o, qarşılıqlı iddia göstərilən məsələ ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etməli, müraciəti ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsin (şəxslərin) hərəkət-hərəkətsizliyindən narazı qaldığı halda isə iddiaya cavab verməli olan şəxsə qarşı müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar