Məhkəmə qərarları › İş №2(103)-1600/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1600/2022

26.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1600/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Alıyeva Gülər Neymət qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 2(005)-4008/2021 qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış və hazırda onun mülkiyytində olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olun 288137 adi səhmlərinin cavabdeh tərəfindən yüklülüyündən azad edilməsinə və onun mülkiyət hüquqlarının qornumasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 189137 ədəd səhəmlərin üzərinə həbs qoyulması və onlarla əlaqədar hər hansı bir hərəkətin edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, "xxxx" ASC-nin 189137 ədəd səhmlərinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)- 4008/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qərardadı ilə İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)-4008/2021 nömrəli nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh ASC 03.12.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4008/2021 saylı 30.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qərardadı ləğv edilməsi, "xxxx" ASC-nin 189137 ədəd səhmlərinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 2(005)- 4008/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və 30 iyul 2021-ci il tarixli qərardadın qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yuxarı instansiya məhkəməsində iddianın nəticəsi məlum deyil və iddianın təmin ediləcəyi halda səhmlərin vəziyyətinin necə olacağı sual altında qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından isə göründüyü kimi İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh ASC-nin ərizəsi təmin edilməklə müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, iddiaçı həmin qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi hazırki vəziyyətdə iddia tələbinin rədd edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)-4008/2021 nömrəli qətnaməsi qüvvəsini aldıqdan sonra müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının qəbul edilmiş qətnamədən yenidən apellyasiya şikayəti verməsi həmin apellyasiya şikayətinin mümkün hesab edilməklə icraata qəbul edilməsi anlamına gəlmir və hazırki vəziyyətdə iddianın rədd edilməsi barədə qətnamədən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçirilməklə verildiyindən qətnamənin qanuni qüvvəsində olması hesab edilir, həmçinin gələcəkdə iddiaçının apellyasiya şikayəti icraata qəbul edildiyi halda hazırki məsələ ilə bağlı, yəni iddiaçının “müvəqqəti təminat tədbiri barədə” yenidən məhkəməyə müraciət etmək hüququ qalmaqdadır. Hazırki vəziyyətdə isə iddia tələbi rədd edildiyindən və qətnamə qanuni qüvvəsini almış hesab edildiyindən müvəqqəti təminat tədbirinin saxlanılmasına zərurət olmamışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istinad edilən normaların tələbləri baxımından müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir, hazırda qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli 2(005)-4008/2021 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar