Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1605/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5578/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı adına tərtib edilmiş “abonentin saldosu”na əsasən 2021-ci ilin noyabr ayında akt üzrə 875,52 manat məbləğində təbii qazdan istifadəyə görə borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00134) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 875,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanda özünə yeni fərdi yaşayış evi inşa etmişdir. Tikintidə elektrik enerjisindən istifadə olunduğundan tərəfindən “Azərenerji" ASC-yə müraciət edilmiş və torpaq sahəsinə elektrik xətti çəkilərək adına işıq hesabı açılmış və sayğac quraşdırılmışdır. Evin tikintisi başa çatdıqdan sonra qaz sayğacının quraşdırılması ilə bağlı yerli qaz idarəsinə müraciət etmiş, bu zaman bildirilmişdir ki, abonent kodu artıq açılmış və hətta ödənilməmiş cəriməsi də var. xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə mexaniki tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən məsələ ilə bağlı yerli qaz idarəsinə getdikdə bildirdilər ki, guya fərdi yaşayış evinə təbii qazdan sayğacdan kənar istifadə etmiş və bu səbəbdən adına qaz hesabı açılmış və barəsində xx.xx.2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək 875,52 manat cərimə hesablanmışdır. Ərazidə tikinti işləri ilə əlaqədar yalnız elektrik enerjisinə ehtiyac vardır. Hamıya bəlli olan haldır ki, tikinti işlərində təbii qazdan istifadə olunmur. Adına açılmış abonent saldosundan da göründüyü kimi, cərimə yazılan dövrdə təbii qaz istehlakçısı olmamışdır. Tərtib edilmiş saxta aktlardan görünür ki, cavabdeh təşkilat saxta akt tərtib etdiyi azmış kimi cərimənin məbləğini də süni şəkildə şişirtmək üçün istifadəsində mövcud olmayan cihaz qeyd etmiş və bundan əlavə guya cihazlar 90 gün müddətində 24 saat işləmişdir. Bütün bunlardan cavabdeh təşkilatın qanunsuz əməllərinin məqsədi aydın görünür. Yaşayış evində cərimənin yazıldığı dövrdə təbii qazdan nəinki qanunsuz, heç ümumiyyətlə istifadə etməmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iradlarına məhəl qoymamışlar. 4.Cavabdeh iddiaya qarşı etiraz göndərərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, iddiaçı uzun müddət təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır. İddiaçı təbii qazdan sayğaca müdaxilə vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək, ümumilikdə 875,52 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00134 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsilə istifadə edilmişdir və bunun nəticəsində 8.208 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 5472 x 0,10 man. = 547,2 man., 2736 x 0,12 man. = 328,32 man. Cəmi: 875.52 manat. Yuxarıda sadalanan və əldə olan əsaslı sənəd iddiaçının uzun müddət təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5578/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1354 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xəttin çəkilməsi müşahidə olunmamışdır.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5578/2022 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00134) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 875,52 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 30 manatın tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri 64 manatın Cavabdehndən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin çəkildiyi məyyən olunmadığından iddia tələbi təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8, 4.2, 6.5, 6.6 və 6.7-ci bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6, 13-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyərinin iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanına qaz sayğacı quraşdırılmazdan 3 ay öncə, daha dəqiqliklə 11/2021-ci il tarixində Cavabdeh İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə rezin qaz şlanqı vasitəsilə qanunsuz qoşulmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, təbii qazdan qanunsuz şəkildə (sayğacdankənar) rezin qaz şlanqı vasitəsilə istifadə etməklə Cavabdeh İB-yə 875,52 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçıdan vurmuş olduğu zərərin əvəzinin ödənilməsi tələb edilmiş və o, 02/2022-ci il tarixində həmin borcu üzrə 200 manat məbləğində ödəniş etmişdir (ətraflı abonentin saldosunda). İddiaçı vurmuş olduğu maddi zərərin bir qismini ödədikdən sonra, ona məxsus fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixində Zenner G4 MEXANİKİ tipli **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçının 11/2021-ci il tarixində yol verdiyi hüquqpozmaya görə 02/2022-ci il tarixində 200 manat ödəniş etməsi, iddiaçının törətmiş olduğu həmin faktı qəbul etməsi anlamına gəlir. Lakin, birinci instansiya məhkəməsi iddiaçı tərəfin qanunazidd hərəkətləri nəticəsində vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə səhv qənaətə gələrək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin təqsirli və qanunazidd davranışı nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmiş, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq kimi onda motivasiya və stimul yaratmışdır. İstehlakçı məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən tələblərdən birinə əməl edilmədən istehlakçı tərəfindən məhkəməyə müraciət edildiyi üçün, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanmalı idi. Lakin, mülki prosessual qanunvericiliyin, habelə Qaz təchizatı haqqında və Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İddiaçının ünvanında 11/2021-ci il tarixində çəkilmiş fotoşəkildən də açıq aşkar görünür ki, küçə qazpaylayıcı qaz xəttindən iddiaçıya məxsus fərdi yaşayış evinə qanunsuz çəkilmiş rezin qaz şlanqı fərdi yaşayış evinin daş hasarları arasından evin həyətinə daxil olur. Məhkəmə mülki işə əlavə olunmuş, üzərində fotoşəkillərin çəkilmə saatı, tarixi və koordinatları göstərilən fotoşəkillərin tədqiqatını aparmamış, onları sübut qismində qiymətləndirməmiş və “fotoşəkillərdə göstərilən şəraitdə” abonentin qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə edib-etməməsinin mümkünlük tədqiqatını müzakirə etməmişdir. İddiaçıya məxsus ünvanda aşkar edilmiş qanunsuz qaz xəttinin qoşulması yeri 11/2021-ci il tarixində dərhal aradan qaldırılmışdır. xx.xx.2022-ci il tarixindən etibarən də ünvanda qanunsuz qaz xəttinin qoşulması yerinə Zenner G4 MEXANİKİ tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçıya məxsus ünvanda qanunsuz qaz xəttinin qoşulması yeri Cavabdeh İB tərəfindən tamamilə aradan qaldırılmış olduğundan iş üzrə məhkəmə tərəfindən ekpertizanın təyin edilmiş olması düzgün deyildir. Belə ki, həmin ünvanda ekspert artıq heç bir qeyri-qanuni qoşulma halı və ya izi aşkar etməyəcəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
15. Maddə 11. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Maddə 13. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
17. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
18. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
19. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evində qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin çəkildiyi məyyən olunmadığından iddia tələbi təmin edilməlidir.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5578/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov