Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1609/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunnu katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil Hətəm oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-5312/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş ziyanın əvəzi olaraq 6000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh ona təhvil aldığı mənzilinin əvəzində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində inşa olunan yeni 162 saylı binada 4-cü giriş, 6-cı mərtəbədə ümumi sahəsi 90.8 kv.m təşkil edən 218 saylı mənzili təmirli vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2017-ci il tarixli Əlavəyə əsasən ona 84 kv.m mənzil əvəzinə 90.8 kv.m mənzil verildiyi üçün 6.8 kv.m sahənin pulunun təmir pulundan 6000 manat çıxılması, mənzilin təmirinin öz hesabına həyata keçirməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli əlavə və dəyişiklikliyə əsasən isə ümumi sahəsi 90.8 kv.m təşkil edən 218 saylı mənzilin ona təmirsiz vəziyyətdə təhvil verildiyinə görə cavabdeh tərəfindən ona 18160 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin xx.xx.2021-ci il tarixdə qeyd olunan mənzilə reyestrdən çıxarış alarkən ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Belə ki, mənzilin sahəsi 90.8 kv.m deyil, 84.5 kv.m təşkil edir. Ödənilməmiş 6000 manatın ödənilməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə həmin pulu ödəməkdən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)- 5312/2021 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin olunaraq, cavabdehdən 5558,8 manat və ödənilmiş dövlət rüsumunun 28 manatının iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 46 manatının cavabdehdən, 4 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddianın tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, tərəflərin razılaşmasına əsasən mənzilin ümumi sahəsinin hansısa norma və əmsalların tətbiqi ilə deyil, faktiki ölçülər əsasında aparılması və müqavilədə razılaşdırlmış sahələrin ölçüləri ilə faktiki yerində təhvil verilmiş ölçülər arasında fərq olmaması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş məhkəmə kollegiasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalıdır. İşdə olan 15 avqust 2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvan 554-568), mənzil 32 ünvanında yerləşən 68 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdehnə təhvil verməyi, Cavabdeh isə həmin yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çox mənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 84 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 avqust 2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əsas Müqaviləyə “Əlavə”yə əsasən tərəflərin razılığı əsasında mənzil mülkiyyətçisi İddiaçı ona veriləcək 3 otaqlı, ümumi sahəsi 84 kv.m olan mənzil əvəzinə 3 otaqlı, giriş 1, mərtəbə 6, mənzil 26 ümumi sahəsi 90.8 kv.m olan mənzili öz adına rəsmiləşdirir. Artıq götürülmüş 6.8 kv.m sahəyə görə mənzilin təmir pulundan 6000 manat çıxılaraq yerdə qalan məbləğ mülkiyyətçiyə veriləcək və mülkiyyətçi özü öz hesabına mənzili təmir edəcək. Müqaviləyə qeyd olunmuşdur ki, 09 aprel 2019-cu il tarixdə ödədi 6000 manat, borcu yoxdur. İşdə olan 09 aprel 2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əsas Müqaviləyə əlavə və dəyişikliklərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 4, mərtəbə 6, 90.8 kv.m olan 218 saylı mənzili təmirsiz olaraq mənzilin mülkiyyətçisi olan İddiaçı təhvil verilməsi, yuxarıda qeyd olunan olunan mənzil təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 18160 manat kompensasiya ödənilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 fevral 2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, 218 saylı mənzilin (yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 564, M6, m5) ümumi sahəsi 84.5 kv.m-dir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 218 (yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 564, M6, m5) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 84.50 kv.m-dir. Qeydiyyat tarixi 06 fevral 2021-ci ildir. İşin hallarından və təqdim olunmuş sübutlardan mübahisəsiz olaraq müəyyən edilir ki, tərəflər arasında 15 avqust 2017-ci il tarixdə müqavilə bağlanmış, iddiaçı öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 68 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çox mənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 84 kv.m tam təmirli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Daha sonra, tərəflər arasında yuxarıda qeyd olunan müqaviləyə əlavə bağlanmış və tərəflər ümumi sahəsi 84 kv.m olan təmirli mənzilin ümumi sahəsi 90.8 kv.m olan təmirsiz mənzillə əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Həmçinin, ümumi sahəsi 90.8 kv.m olan mənzilin təmirsiz verilməsinə görə 18160 manat məbləğində kompensasiyadan artıq götürülmüş 6,8 kv.m sahəyə görə 6000 manat çıxılmış, qalan pul isə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hazırki tələbində - cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsinə, müqavilə ilə nəzərdə tutulmuş 90,8 m2 ümumi sahəsi olan mənzilin ona təhvil verilməməsini, mənzilin sahəsinin daha az, yəni 84,5 m2 olmasını, bu səbəbdən də ondan artıq alınmış pulun cavabdeh tərəfindən ona ödənilməli olmasını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutumuş ölçüdə mənzilin verilməsini, iddiaçıya hər hansı pul vəsaiti qaytarılmalı olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində cavabdeh məhz müqavilədə göstərilən ölçüdə olan mənzili iddiaçıya verməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunan hal, yəni mənzilin ölçüsündə əskiklik olduğu iş materiallarında olan sənədlərlə (Çıxarış və Texniki Pasport) və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqavilədə cavabdehin iddiaçıya təhvil verməli olduğu mənzilin ümumi sahəsi 90.8 kv.m olaraq nəzərdə tutulmuş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin mənzilə dair iddiaçıya təqdim etdiyi sənədlərdə (Çıxarışda və Texniki Pasportda) onun ümumi sahəsi 84.5 kv.m olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə, həmin mənzilin ümumi sahəsinin 79.7 kv.m. olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda sözügedən mənzilin ümumi sahəsi 84.5 kv.m olaraq göstərildiyi halda, ekspert mənzilin ümumi sahəsinin 79.7 kv.m. olduğu qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda göstərilən ümumi sahə əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının məhz ümumi sahəsi 84.5 kv.m olan mənzilə dair hüquqları qeydə alınmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçıya təhvil verməli olduğundan 6.3 kv.m daha az ölçülü mənzili onun sahiblik və istifadəsinə təqdim etmişdir. Tərəflər arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqavilə ilə mübahisəli mənzilin 6.8 kv.m sahəsi 6000 manat məbləğində müəyyənləşdirilmişdir. Belə olan halda isə qeyd olunan mənzilin hər kv.m-nin dəyəri 882,353 (6.000 / 6.8 = 882,353) manat olaraq nəzərdə tutulmuşdur. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehdən cəmi 5.558,8 manat tutularaq iddiaçıya ödənilməlidir (90.8 – 84.5 = 6.3 kv.m x 882,353 manat = 5.558,8 manat). Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 90.8 kv.m-dən az sahə verilməsi halı ilə razılaşır. Cavabdeh bu istiqamətdə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Lakin, məhkəmə kollegiyası az verilmiş sahənin məhz 6,3 m2 olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Rayon məhkəməsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və mənzilin texniki pasportuna əsaslansa da, həmin sənədlərdən görünür ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 6,2 m2 ölçüdə balkon daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 1,9 m2 kimi nəzərə alınmışdır. Belə olan halda isə mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan 88,8 m2 təşkil etmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə isə mənzilin ümumi sahəsi azaltma əmsalları tətbiq olunmadan 84,4 m2 müəyyən olunsa da, işin hallarından və tərəflərin izahatlarından aydın olur ki, mənzildə iddiaçı tərəfindən təmir-tikinti və yenidənqurma işləri aparılmışdır. Belə olan halda isə hazırkı vəziyyətdə mənzilin ayrı-ayrı tikililərinin sahələrində mənzilin ilkin vəziyyətdə olan göstəricilərinə (texniki pasport) münasibətdə fərqin yaranması mümkündür. Eyni zamanda, iddiaçı da məhz texniki pasportun məlumatlarına əsasən hazırki iddia tələbini irəli sürmüşdür (sadəcə, azalma əmsalı tətbiq olunmaqla, ümumi sahəni 84,5 m2 kimi hesablamışdır). Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasporta əsasən 88,8 m2 müəyyən olunmuşdur. Hər bir halda cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə, yəni 90,8 m2 sahədə mənzil təhvil verməmişdir. Halbuki, MM-nin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə, işin hallarından və tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 90,8 m2 sahədə mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış əsas və əlavə müqavilələrə (15 avqust 2017-ci il tarixli əsas müqavilə, həmin müqaviləyə əlavə və dəyişikliklər kimi bağlanmış 15 avqust 2017-ci il tarixli və 09 aprel 2019-cu il tarixli müqavilələr) görə, tərəflər ilkin olaraq ümumi sahəsi 84,0 m2 olan təmirli yaşayış sahəsi ilə bağlı razılıq əldə etmiş, lakin sonradan sahənin artırılaraq 90,8 m2 təmirsiz olması razılaşdırmış, artıq 6,8 m2 sahəyə görə 6000 manat təmir pulundan çıxılaraq, qalan pul (təmirsiz olduğuna görə) 18160 manat iddiaçıya qaytarılmışdır. Göründüyü kimi, artıq verilmiş 6,8 m2 sahəyə görə 6000 manat hesablanmış, belə olan halda 1 m2-ə görə 882,35 manat, dolayısı ilə çatışmayan 2 m2 görə ödənilməli məbləğ 1764,7 manat təşkil edir. Belə olan halda isə cavabdeh mənzilin çatışmayan 2,0 m2 sahəsinə görə 1764,7 manat məbləğində əsassız varlanmışdır. Mülki Məcəllənin (bundan sonra-MM) 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Göründüyü kimi, cavabdehin qeyd edilən pul vəsaitini özündə saxlamaqla qanuni və hüquqi əsası yoxdur. Bu səbəbdən də həmin pul vəsaitini iddiaçıya qaytarmalıdır. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1764,7 manat pul vəsaiti tutulmalı, iddia yoxlanılan qalan hissədə təmin olunmamalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində ümumilikdə 150 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, belə olan halda qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-5312/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-5312/2021 saylı qətnaməsi yoxlanılan hissədə (yəni, “cavabdehdən 5558,8 manat pulun iddiaçının xeyrinə tutulması” hissədə) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 1764,7 (bir min yeddi yüz altmış dörd manat, 70 qəpik) manat pul vəsaiti tutulsun, iddia yoxlanılan qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh MMC-yə aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1609/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1609/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver