Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1614/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin RETSİ-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: elektrik enerjisindən istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin RETSİ-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2111/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 029385 saylı akta görə, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman mənzilə məxsus elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir.
2. Abunə kodu **********70000 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2022ci il tarixli, NDM 029385 saylı akta əsasən ünvan 1 ünvanına müvafiq olaraq 432,38 manat əlavə ödəniş hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin RETSİ-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 432,38 manat məbləğində borcun silinməsi, cavabdehin əməkdaşları barəsində xüsusi qərarın çıxarılması və 1000 manat mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2022-ci il tarixdə saatı məlum olmayan vaxtda cavabdehin əməkdaşları iddiaçının iştirakı olmadan həqiqətə uyğun olmayan akt tərtib edərək iddiaçıya 432,38 manat dəyərində əsassız olaraq cərimə yazmışdırlar. Həmin aktın nə vaxt və harada yazılmasından iddiaçının xəbəri olmamışdır İddiaçıya bildirmişdirlər ki, guya elektrik sayğacından kənar xətdən istifadə olunmuşdur. İddiaçı bununla razılaşmır. Qeyd olunanlara əsasən iddianın təmin olunması bardə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2111/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən evə (abunə kodu **********70000) dair hesablanmış 432,38 manat məbləğində borcun iddiaçının abunə hesabından silinməsi, cavabdehlərdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pulun tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd olunmuş hal öz təsdiqini tapmadığından iddiaçının iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 432,38 manat məbləğində borcun əsaslı olması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı hesab edilməli və iddiaçının abunə hesabından əsassız olaraq hesablanmış 432,38 manat məbləğində borc silinməlidir. İddiaçı mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını, fiziki və mənəvi sarsıntı keçirməsini hər hansı hal və faktla sübuta yetirə bilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə, Mülki Prosessual Məcəllənin 77.2, 119.2-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci və 10-cu bəndlərinə və Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2111/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən- iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********70000) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli, NDM 029385 saylı müvafiq akt tərtib edilmişdir və video çəkiliş aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları C.Quliyev, A.Cəfərov və M.Məmmədov tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “iştirak etmədi” qeyd edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2022-ci il tarixli NDM 029385 saylı aktüzrə 3.326 kvts. (1,1 kvt*0.7*24 saat*180 gün=3.326 kvts) itirilmiş elektrik enerjisinin dəyəri 432,38 manat (3.326kvts*0,13=432,38 man) məbləğində müəyyən edilməklə abonentin (kod **********70000) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Video disklər məhkəməyə təqdim edilmişdir. Hesab edilir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akt əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 029385 saylı müvafiq akt tərtib edilmişdir və video çəkiliş aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “iştirak etmədi” qeyd edilmişdir. Video disklər məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akt əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
12. İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
17. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının,o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
19. Qaydaların 10.17-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. İddiaçı xx.xx.2022-ci il tarixli, NDM 029385 saylı akta əsasən hesablanmış 432,38 manat məbləğində borcun silinməsi, cavabdehin əməkdaşları barəsində xüsusi qərarın çıxarılması və 1000 manat mənəvi zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi borcun silinməsi hissəsində təmin edilmişdir.
25. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə halı aşkar edildiyi üçün tərtib edilmiş akt qanunvericiliyin tələblərinə uyğun olmuş və 432,38 manat borc 3.326 kvts. itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmışdır.
26. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ASC-nin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, iddiaçı tərəfindən elektrikdən istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir.
27. Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının 06 sentyabr 2022-ci tarixli məktubunda qeyd edilmişdir ki, sayğac sxemindən kənar xətdən istifadə halları aşkar olunduğu iddia edilərək xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və itirilmiş enerjinin bərpa edilməsi məqsədilə hesaba 3,326 kVts (dəyəri 432,38 manat) əlavə enerji sərfiyyatı yazılmışdır. Lakin akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci yarımbəndinin tələbi pozulmuşdur. .. Fərdi yaşayış evində sayğacdan kənar eletrik enerjisindən istifadə olunması ilə əlaqədar qeydə alınmış video görüntüdə giriş xəttinə qoşulmuş hər hansı kabel xətti müşahidə edilməmiş və yol verilmiş pozuntu öz təsdiqini tapmamışdır. Bu səbəndən tərtib edilmiş akta yenidən baxılması üçün "xxxx" ASC-yə məktubla müraciət edilmiş, cavab məktubunda akta yenidən baxılması ilə bağlı məsələyə münasibət bildirilməmiş, tərtib edilmiş aktın və aparılmış hesabatın qaydalara uyğun aparıldığı qeyd edilmişdir.
28. Digər tərəfdən iş materiallarıda olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən mənzildə sayğacın kənar üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilmədiyi qeyd edilmişdir.
29. Göründüyü kimi, iş materiallarının araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən yaşayış evində sayğacdan kənar xəttdən istifadə halı aşkar edilməmiş, bununla bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 029385 saylı akt etibarlı deyildir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2111/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev