Məhkəmə qərarları › İş №2(103)-1617/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1617/2021

11.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1617/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona illik 24 faizlə 36 ay müddətinə 11 000 ABŞ dolları mbləğində kredit verilmiş, borcun təminatı olaraq onunla bank arasında 17.091.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Hesab edir ki, onunla cavabdeh arasında bağlanmış kredit və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır, çünkü kredit müqaviləsi dollarla bağlanmış, lakin ipoteka müqaviləsində mənzilin dəyəri manatla ifadə olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini irəli sürmüşdür. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halın görə, tərəflər arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq iddiaçıya illik 25 faiz olmaqla 36 ay müddətinə 11 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, eyni tarixli ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 60 000 manat qiymətləndirilmişdir. İddiaçının iddiasına görə kredit ona dollarla verildiyindən, ipoteka müqaviləsində isə mənzilin dəyəri manatla ifadə olunduğundan hər iki müqavilə etibarsız sayılmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; qanunvericilikdə isə, ipoteka predmetinin dəyərinin kreditin valyutası ilə müəyyənləşdirilməli olması barədə şərt mövcud deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2847/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar