Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1622/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2810/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********20000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd samovar, 1 ədəd dəmir peçi və bir ədəd kərpic plitə istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş baxış zamanı bu ünvanda təbii qazdan sayğacdan (ilk akt laborotoriyanın 29/1710-02402/1-3 nömrəli rəyinə əsasən 1202AQ**********3 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi əsası ilə tərtib edilmişdir) kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində müvafiq olaraq 4.860 m3 (xx.xx.2018-ci il tarixli akt), 8.532 m3 (xx.xx.2019-cu il tarixli akt), 1.332 m3 (xx.xx.2019-cu il tarixli akt), 1.332 m3 (xx.xx.2019-cu il tarixli akt), 1.332 m3 (xx.xx.2019-cu il tarixli akt), 324 m3 (xx.xx.2019-cu il tarixli akt), 7.560 m3 (xx.xx.2020-ci il tarixli akt), 2.520 m3 (xx.xx.2020-ci il tarixli akt) həcmində ziyanın vurulması əsası ilə həmin tarixlərdə aktlar tərtib edilmiş və göstərilən həcmdə qazın dəyərini təşkil edən 486 manat, 853,20 manat, 133,20 manat, 133,20 manat, 133,20 manat, 32,40 manat, 756 manat və 25,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərarlar qəbul edilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktlarda abonentin aktları imzalamaqdan imtina etməsi barədə qeydlər aparılmışdır. Keçirilmiş baxışlar zamanı fotoşəkillər də çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/992 saylı rəyinə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi, həmçinin qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/4768 saylı rəyinə əsasən xx.xx.2023-cü il tarixli, 3/992 saylı rəyin nəticə hissəsində göstərilənlərə əsasən məhkəmə-mühasibat ekspertizası qarşısında qoyulan suallar üzrə tədqiqat aparılmağının mümkün olmadığı qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan ünvan 1 (abonent kodu: **********20000) ünvanına hesablanmış 2.662,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Şeyx Hüseyn küçəsi, döngə 2, 10B saylı ev (abonent kodu: **********20000) hazırda faktiki olaraq ona məxsusdur. Bir müddət öncə Cavabdeh nümayəndələri həmin evdə qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək onun evinə cərimə yazmışlar. Halbuki onun evində sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi ona heçnə təqdim edilməmiş yalnız abonentin saldosu və aktın surəti verilmişdir. Həmin evdə yaşadıqları müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verilmişdir ki, onun sayğacda problem olub və o bununla bağlı borc ödəməlidir. Qaz İdarəsinin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdəndə əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2810/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanı üzrə (abonent kodu: **********20000) İddiaçı hesablanmış 2.552,40 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 45,53 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmə mübahisəyə hüquqi qiymət verərəkən qeyd etmişdir ki, borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun 2.552,40 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də məhkəmə iddianın qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2.552,40 manat məbləğində borcun silinməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, aktlarda göstərilən məbləğlərinin hesablanması əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələblərinin həmin hissədə təmin edilməsinə əsas yoxdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 77.2-ci, 119.2-ci, 217.3-cü, 217.4-cü, 218.1-ci, 220.4-cü, “İstehlakçıların hüquqlarının pozulması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı, 13.8-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2.662,40 məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Birliyə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, qətnamə iddianın təmin edilən hissəsinə münasibətdə mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti cavabdehdən iddiaçının xeyrinə tutulmuş pulun məbləği hissəsində dəyişdirilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslalan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir.
21. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli akt iddiaçıya məxsus qaz sayğacından çıxış plastmas borusunun deşilməsi əsası ilə (bu hal laboratoriya şəraitində keçirilmiş müayinə nəticəsində aşkar edildikdən sonra) tərtib edilmiş və vurulmuş zərər 90 gün, yəni faktiki olaraq xx.xx.2018-ci il – xx.xx.2018-ci il tarixləri üçün hesablanmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə isə artıq iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsi əsası ilə növbəti akt tərtib edilmiş və bu akt üzrə vurulmuş zərər 180 gün, yəni faktiki olaraq xx.xx.2018-ci il – xx.xx.2019-cu il tarixləri üçün hesablanmışdır. Bununla belə, xx.xx.2019cu il tarixli akt xx.xx.2018-ci il tarixli aktda göstərilən müddəti də əhatə etmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının abonent hesabına eyni dövr üçün iki dəfə zərər məbləği hesablanmışdır. Məhz bu səbəbdən məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli aktı və onun əsasında qəbul edilmiş qərarı etibarsız hesab edir və belə qənaətə gəlir ki, həmin akt əsasında iddiaçıdan hər hansı məbləğdə zərər tutula bilməz.
22. Digər tərəfdən iddiaçıya məxsus sayğac xx.xx.2018-ci il tarixdə dəyişdirilmişdir. Bu da öz növbəsində cavabdehin həmin tarixdə iddiaçının ünvanında olmasını təsdiq edir. Lakin xx.xx.2018-ci il tarixli akt sayğacda olan qüsur əsası ilə tərtib edilmişdir. Bu da öz növbəsində həmin vaxt iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsini istisna edir. Əks halda, akt, həmçinin, bu əsasla da tərtib edilərdi və ya aktda bu halın mövcudluğu da göstərilərdi.
23. Eyni zamanda, cavabdeh qanunsuz qoşulmanın xx.xx.2019-cu il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilmir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər isə ən yaxşı halda xx.xx.2019-cu il tarixinə aiddir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq xx.xx.2019-cu il tarixdən əvvəl istifadə etməsi barədə cavabdehin mövqeyini əsassız hesab edir və belə qənaətə gəlir ki, həmin akta əsasən hesablanmış 853,20 manat məbləği iddiaçıdan tutula bilməz.
24. Lakin məhkəmə kollegiyası zərər məbləğinin xx.xx.2019-cu il – xx.xx.2019-cu il tarixləri üçün hesablanmalı olması ilə bağlı cavabdehin dəlilləri ilə razılaşır və abonentə aid saldo məlumatlarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi həmin dövr üçün iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz birləşmə (xətt) vasitəsi ilə istifadə etməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının həmin dövrdə qeyd edilən ünvanda yaşamamasını təsdiq edən hər hansı sübut mövcud deyil. Həmin ünvana aid abonent saldosuna əsasən isə qeyd edilən dövr üçün təbii qazdan istifadəyə dair göstəricilər sıfra bərabərdir. Halbuki, aktın əhatə etdiyi və ilin soyuq, o cümlədən qış aylarına aid bu dövrdə sayğac üzrə qaz sərfiyyatının 0 (sıfır) olması qeyri-mümkündür. Bu da öz növbəsində cavabdehin təbii qazdan sayğacdan kənar, yəni qanunsuz qoşulma yolu ilə istifadə etməsini təsdiq edir.
25. Ekspert tədqiqatı isə xx.xx.2023-cü il tarixdə, yəni təxminən 4 ildən sonra aparılmışdır. Nəzərə alınmalıdır ki, bu aktlar tərtib edildikdən sonra, yəni 2020-ci ilin fevral ayından həmin ünvan üzrə mütəmadi olaraq sayğac üzrə təbii qazdan istifadə edilmiş, bu halı təsdiq edən qeydlər abonentin saldosunda öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixdə isə sayğac yenisi ilə əvəz edilmiş və bu zaman həmin ünvanda olan cavabdehin əməkdaşları hər hansı əsasla akt tərtib etməmişdilər. Bu da öz növbəsində həmin vaxt qanunsuz qoşulma halının olmadığını təsdiq edir, o cümlədən sayğacın və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilməsini istisna edir. Başqa sözlə, qeyd edilən müddət ərzində də həmin xəttin iddiaçı və ya cavabdehin özü tərəfindən ləğv edilməsi istisna deyil. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini hazırki iş üzrə mötəbər sübut kimi qəbul etmir və qiymətləndirmir.
26. Bununla belə, aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən iddiaçının bu prosesdə iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulma və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktdan başqa, iş materiallarında olan abonent saldosu və fotoşəkillərlə, habelə iddiaçının apardığı ödənişlərlə tam sübuta yetir. Nəticə etibarı ilə iddiaçı sayğacdan kənar təbii qazdan istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurmuşdur.
27. Məhkəmə kollegiyası aktlarda və aktlar əsasında qəbul edilmiş qərarlar üzrə aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə də razılaşır. Belə ki, aktlarda göstərilmiş hər bir cihaz üçün hesabat 24 saat üzrə deyil, cihazdan asılı olaraq, konkret saatlar üzrə aparılmışdır. Bu səbəbdən cihazların təyinatı və istifadə edilməsi müddəti nəzərə alınmaqla, həmin aktlar üzrə aparılmış hesablama nəticəsində ümumi zərər məbləğinin (133,20 + 133,20 + 133,20 + 32,40 = 432) 432 manat olması nəzərə alınmalı və həmin məbləğ ümumi hesablanmış 2.552,40 manatdan çıxılmalı, qalan (2.552,40 – 432 = 2.120,40) 2.120,40 manat məbləğində pul isə əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya hesablanmış zərər məbləği kimi qəbul edilməli və iddiaçının abonent hesabından silinməlidir.
28. Məhkəmə bu mövqeyinə əsaslanaraq, qeyd edir ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar da etibarlı hesab edilə bilməz. Belə ki, 2020-ci ildən başlayaraq, iddiaçı təbii qazdan sayğac üzrə istifadə edir (məsələn, fevral ayında 257 manat, mart ayında 318,40 manat, aprel ayında 260,40 manat, may ayında 42 manat dəyərində təbii qazdan istifadə edilmişdir). Lakin cavabdeh iddiaçının həmin vaxt abonent saldosunda göstərilən dəyərdən artıq dəyərdə təbii qazdan istifadə etməsini sübuta yetirə bilmir. Digər tərəfdən həmin aktlarda hesablama 24 saat üzrə aparılmış, habelə xx.xx.2020-ci il tarixli akt üzrə müəyyən edilmiş məbləğin hesablanması və iddiaçının abonent hesabına daxil edilməsi barədə qərar da mövcud deyil. Halbuki, həmin aktlarda göstərilən bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir.
29. Məhkəmə kollegiyası əsassız hesablanmış cərimənin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 41,20 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2810/2023 saylı qətnaməsi iddiaçının abonent hesabından silinməli olan borcun və cavabdehdən tutulmalı olan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, iddiaçıya məxsus olan fərdi yaşayış evi (abonent kodu **********20000) üzrə cavabdeh tərəfindən hesablanmış borcun 2.120,40 manat məbləğində hissəsi silinməli, habelə iddiaçının ödəməkdən azad edildiyi 41,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2810/2023 saylı qətnaməsi İddiaçı abonent hesabından silinməli olan borcun və Cavabdehndən tutulmalı olan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********20000) üzrə Cavabdeh tərəfindən hesablanmış borcun 2.120,40 (iki min bir yüz iyirmi manat, qırx qəpik) manat məbləğində hissəsi silinsin. İddiaçı ödəməkdən azad edildiyi 41,20 (qırx bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.