Məhkəmə qərarları › İş №2(103)-1623/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1623/2021

19.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1623/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər bacı-qardaşdır. Onların arasındakı mübahisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev № 6-da yerləşən 69 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə tərəflərin anası Lalə Sultanovanın mülkiyyətində olub, o, xx.xx.2014-cü ildə ölüb. Bundan sonra mənzil vərəsəlik qaydasında tərəflərin atası Sultan Sultanovun mülkiyyətinə keçib, o, xx.xx.2018-ci il tarixdə ölüb, onun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə (ölümündən sonra) dövlət reyestrində qeydə alınıb. İddiaçı atasının ölümündən sonra mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət edib, lakin tərəflərin arasında mübahisə olduğuna görə notarius şəhadətnamə verməkdən imtina edib və məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyyə edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənzildə tərəflərin hər birinin miras payı ½ hissə müəyyən edilsin. Tələb onunla əsaslandırılıb ki, tərəflərin atası öləndən sonra iddiaçı mirası qəbul etmək üçün notariusa müraciət edib, lakin cavabdeh mirasın ikisinin arasında bölünməsinə etiraz etdiyinə görə notarius notariat əməliyyatını aparmaqdan imtina edib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsalandırılıb ki, iddiaçı qanunla müəyyən edilmiş müddətə və qaydada mirası qəbul etməyib. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı ailə qurduqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşayıb, mənzildə mütəmadi yaşamayıb, bunun 2 səbəbi var: birinci, öz ailəsi olub, milli adət-ənənəyə görə gəlin köçən qız övladın ata evində yaşamaması normal halıdır; ikinci, mənzildə cavabdeh yaşayırdı. Bundan başqa, hüquqi cəhətdən savadsızdır, mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin göstərişini bilməyib. Habelə maddi vəziyyəti və ailə vəziyyəti olduqca acınacaqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, mənzil 1987-ci ildə alınıb, o, 2002-ci ilə kimi mənzildə yaşayıb, 2002-ci ildə ailə qurub, bundan sonra müxtəlif ünvanlarda kirayədə yaşayıb. 20 ilə yaxındır ki, kirayədə yaşayır. Özünə məxsus olan bəzi əşyalar – yorğan-döşək, qab-qacaq və s. mənzildədir. Atasının ölümündə 8 ay sonra mirası qəbul etmək üçün notarisa müraciət edib. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddiaçının mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyinə dair heç bir sübut yoxdur. Qətnamənin yoxlanılması: Qətnamə qanuni və əsaslıdır, ona görə də dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının vərəsə olması faktı öz-özlüyündə mənzilə hüquq yaratmır: hüququn yaranması üçün o, mirası qəbul etməlidir. Müəyyən olunur ki, iddiaçı mirası qəbul etməyib. Belə ki, miras xx.xx.2018-cı ildə açılıb, lakin həmin tarixdən sonra 6 ay ərzində iddiaçı mirası qəbul etməyib. Mülki Məcəllənin 1243-cü maddəsində mirasın qəbulunun 2 forması müəyyən edilib: 1) notariat ofisinə mirasın qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. İddiaçı mirası 1-ci formada qəbul etməyib, yəni mirasın açılmasından sonra 6 ay ərzində notariusa ərizə verməyib. Onun özü bildirir ki, atasının ölümündən 8 ay sonra notariusa müraciət edib. Bundan başqa, notarius tərəfindən iddiaçıya ünvanlanmış məktubun (iş v. 12) tarixi xx.xx.2019-cu ildir, bu tarix mirasın açılmasından 1 il sonraya aiddir. İddiaçı mirası 2-ci formada da qəbul etməyib, yəni mirasın açılmasından sonra 6 ay ərzində “miras əmlaka sahiblik etmə” və ya ”miras əmlakı idarə etmə” hesab edilən hər hansı hərəkəti etməyib: mənzildə yaşamayıb, kommunal xidmətlərə görə haqq ödəməyib və s. İddiaçının özü də mirasın açılmasından sonra belə hərəkətləri etdiyini iddia etmir. Bundan əvvəl apelyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilmiş, lakin Ali Məhkəmə həmin qətnaməni ləğv edərək bir sıra göstərişlərlə işi yeni baxışa göndərmişdir. Həmin göstərişlərlə bağlı məhkəmə qeyd edir ki, tələbin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hansısa halı sübut etmək üçün əvvəlcə tələbin əsası kimi həmin hala istinad etmək lazımdır. Lakin iddiaçı notariusa 8 aydan sonra ərizə verdiyini və ailə qurduqdan sonra 20 ilə yaxındır ki, kirayədə yaşadığını bildirir. Bu isə o deməkdir ki, iddiaçı 6 ay ərzində notariusa ərizə vermədiyini, miras sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamadığını bildirir. Hakim iddiaçının əvəzinə hansısa halı sübut etməli deyil, lakin sübutetmə ilə bağlı Ali Məhkəmənin göstərişi var. Ona görə də əvvəlcə iddiaçı tələbinin əsası kimi müvafiq hala istinad etməlidir, daha sonra işə yenidən baxan hakim Ali Məhkəmənin göstərişini yerinə yetirərək həmin halı onun əvəzinə sübut etməlidir. İddiaçı isə nəinki müvafiq hala istinad etmir, əksinə, bildirir ki, atası öləndən sonra 6 ay ərzində notariusa ərizə verməyib, miras sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamayıb. Ona görə də Ali Məhkəmənin göstərişlərinin yerinə yetirilməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar