Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1624/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)-6609/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum anası X1 öldüyü ana qədər mülkiyyətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)- 6609/2022 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi məhkəməyə şikayət ünvanlayaraq, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İnstinad olunan qanunun müddəası aydın şəkildə izah edir ki, xüsusi icraat qaydasında məhkəmə əmlak huquqlarının əmələ gəlməsindən asılı olduğu faktları müəyyən edir. Məhkəməyə verilmiş ərizədə aydın şəkildə qeyd edilmişdir ki, məhkəmə ərizənin predmetini təşkil edən fərdi yaşayış evinin ərizəçinin anasının 1965-ci ildən 1992-ci ildə öldüyü ana qədər istifadəsi və sərəncamında olmasını müəyyən edəcəyi halda, ərizəçinin vərəsəlikdən yaranan gözlənilən mülkiyyət hüquqları əmələ gələcəkdir. Bu faktları ərizəçi başqa yolla təsdiq edə bilmir. Yəni, MPM-in 307.1-ci maddəsində qeyd olunmuş əmlak hüququqnun əmələ gəlməsindən asılı olan faktın müəyyən olunması xahiş edilmişdir. Lakin, məhkəmə bu maddənin tələbini öz mülahizəsinə görə yanlış şərh edərək, tətbiq edilməli olan normanı kənara qoyaraq, işə aidiyyəti olmayan normalara istinad etmişdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Hakim, qərardadın təsviri hissəsində MPM-in 307.2-ci maddəsinin tələblərini sadalasa da, ərizəçinin tələbinin bu maddə ilə əsaslı olmasına heç bir əhəmiyyət verməmişdir, əksinə növbəti abzasda qeyd etmişdir ki, qanunvericilikdə ərizə ilə tələb olunan faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(004)- 6609/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)-6609/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəçi şikayəti ilk növbədə onunla əsaslandırmışdır ki, ərizənin predmetini təşkil edən faktları ərizəçi başqa yolla təsdiq edə bilmir. Bununla bağlı məhkəmə MPM-in 308-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, hüququ əhəmiyyətli olan faktın xüsusi icraat qaydasında baxılmasına o halda yol verilir ki, həmin faktın məhkəmədənkənar digər yolla müəyyən edilməsi mümkün olmasın. Lakin iş materiallarından müəyyən olunur ki, ərizəçi ərizədə qeyd olunan faktın müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməli olduğu halda bunu etməmiş və ya bu barədə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq ərizəçiyə qeyd olunan müvafiq orqana müraciət etməli olduğu bildirilmiş, əlavə olaraq isə həmin inzibati orqan imtina etdiyi halda müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiya şikayətin digər dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə xüsusi icraat qaydasında baxılır. Bu maddənin tələbi ondan ibarətdir ki, həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müaciətin məqsədi daşınmaz əmlak barəsində hüquqmüəyyənedici sənədlərin əldə edilməsidir. Belə faktın xüsusi icraat qaydasında müəyyən edilməsi zərurəti o halda meydana çıxa bilər ki, özünün daşınmaz əmlakın ona məxsus olduğunu hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və bu sənədlərin məhkəmədənkənar qaydada bərpası hər hansı yolla mümkün olmasın. Lakin ərizəçi qeyd olunan əmlakın X3 mülkiyyətində olmasına və hər hansı səbəbdən həmin hüquqmüəyyənedici sənədlərin mövcud olmamasına dair sübut əlavə etməmişdir. Ərizəçi bunun müəyyən edilməsi ilə bağlı müvafiq orqana müraciət etməli idi. Göründüyü kimi, əmlakın X3 mülkiyyətində olması mübahisə doğurur. Kollegiya hesab edir ki, hazırkı tələbdə qeyd olunan əmlaka dair hüquqla bağlı mübahisə edilə bilən tələb olduğundan xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Şikayətin digər dəlili isə odur ki, məhkəmə MPM-in 306.4-cü maddəsinə əsaslansa da, ərizənin baxılmamış saxlanılması barədə deyil, icraata götürülməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə ərizənin baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsinə yalnız ərizə icraata götürüldükdən sonra yol verilir. Hazırkı iş üzrə ərizə icraata qəbul edilmədiyindən və ərizədə qeyd olunan tələbin gələcəkdə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsinə əsas ola bilməsi müəyyən edildiyindən ərizənin icraata qəbulundan imtina edilmişdir. Həmçinin imtina barədə qərardad qəbul edilməsinə hüquqi əsas o, olmuşdur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməli olduğu halda bunu etməmiş, əgər gələcəkdə müraciət edib həmin inzibati orqan imtina etdiyi halda müvafiq inzibati məhkəmədə işə baxılmalıdır. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki iş üzrə isə ərizədə qeyd olunan faktın müəyyən edilməsi mübahisəsiz deyildir, gələcəkdə mübahisələndirilməsi mümkündür. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)-6609/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)-6609/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1624/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1624/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver