Məhkəmə qərarları › İş №2(103)-1626/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1626/2023

02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1626/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(011)- 2417/2022 saylı qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı X2 məxsus Sabunçu rayonu, Maştağa kəndi, Bağlar küçəsi 471-də yerləşən abonent kodu: **********00000 olan yaşayış sahəsinə hesablanmış 2165,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2417/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda həmin tarixdə ərizə ilə müraciət edərək qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2417/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh İB-nin elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir, lakin cavabdehin nümayəndəsi sözügedən qətnamədən apellyasiya şikayətini elektron qaydada məhkəməyə xx.xx.2022-ci il tarixdə göndərmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayətini onun verilmə müddəti bitdikdən 13 gün sonra verməklə qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdehin nümayəndəsinin şikayətində qeyd etdiyi yeganə dəlil ondan ibarətdir ki, cavabdehin hüquqi ünvanı Xətai rayonu ərazi dairəsinə düşdüyü üçün Respublika üzrə demək olar ki, istehlakçıların böyük əksəriyyəti iddia ərizələrini Xətai rayon məhkəməsinə verməkdədir. On minlərlə istehlakçıların iddialarına bir nəfərin nəzarəti fiziki cəhətdən mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin hüquqlarının müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Prosessual müddətlərə əməl edilməsinin rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu tərəfləri vaxtında öz hüquqlarını həyata keçirməyə məcbur edir, həmçinin hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. Qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnə bilər. Məhkəmə qərarlarından şikayət verilməsi üçün konkret müddətlərin müəyyən edilməsinin məqsədlərindən biri də elə bundan ibarətdir. K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin şikayətdə göstərdiyi dəlillər buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz, çünki cavabdehin nümayəndəsi konkret hal göstərməyərək yalnız subyektiv mülahizələr (ailə vəziyyəti ilə əlaqədar qətnamədən vaxtında apellyasiya şikayəti verməməsi) təqdim etmişdir. Kollegiya qeyd edir ki, həmin subyektiv mülahizələr və formal əsaslarla məhkəmə ötürülmüş müddəti üzrlü hesab edə bilməz. Çünki, cavabdehin nümayəndəsi nə ötürülmüş prosessual müddətin bərpası barədə ərizədə, nə də şikayətdə qeyd etdiyi dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə etməmişdir. Həmçinin cavabdehin işlərinin çoxluğu səbəbindən də müddətin ötürülməsi üzürlü səbəb hesab edilə bilməz. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Formal əsaslarla buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirə bilər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaltmış olar, habelə hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2417/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar