Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1628/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2022-ci il tarixli qətnamədən cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı özünün, cavabdeh Sığorta Şirkətinin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərdən müştərək qaydada 2.060 manat pulun, xx.xx.2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 faizi məbləğində pulun, göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 101 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan “Hyundai Sonata” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə idarə edərkən Cavabdeh3 idarə etdiyi və yolun kənarında dayanmış "xxxx" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən həmin avtomobildə əyləşmiş sərnişin Cavabdeh2 avtomobilin arxa sol qapısını açmış, nəticədə qapı iddiaçının avtomobilinə dəyərək avtomobilini zədələmişdir. Baş vermiş bu hadisə ilə bağlı "xxxx" markalı avtomobilin sürücüsü Cavabdeh3 və sərnişin Cavabdeh2 barəsində inzibati protokol tərtib edilmişdir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi "xxxx" Şirkəti tərəfindən həyata keçirilmiş müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə salınması üçün 2.060 manat pul vəsaiti tələb olunur. Bu barədə həmin Şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə “Qüsur aktı” verilmişdir. "xxxx" markalı avtomobilin sahibi Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini tərəfindən icbari qaydada sığorta olunmuşdur. Sığorta Şirkəti iddiaçıya məxsus avtomobilə dəymiş ziyanı 1.300 manat məbləğində qiymətləndirmişdir. Sığorta Şirkətinin mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, hadisənin baş verməsində sürücü Cavabdeh3 ilə yanaşı sərnişin Cavabdeh2 də təqsiri olduğundan və sonuncu Sığorta Şirkəti tərəfindən sığortalanmadığından iddiaçıya məxsus avtomobilə dəymiş ziyanının yarısı, yəni 650 manat iddiaçıya ödənilməlidir. Lakin iddiaçı həmin məbləğlə razı olmadığına görə ödənişi qəbul etməmişdir. Çünki iddiaçıya dəymiş zərər 2.060 manat təşkil edir. Cavabdehlərlə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və sığorta ödənişinin tam şəkildə həyata keçirilməsi ilə bağlı aralarında yaranmış mübahisəni məhkəmədənkənar yolla həll etmək mümkün olmadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən iddiaçının xeyrinə 2.060 manat pul müştərək qaydada tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehlər iddiaçıya dəymiş zərəri ödəməkdən yayındıqları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 faizi məbləğində pulu da iddiaçıya müştərək qaydada ödəməlidirlər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia ərizəsinin hazırlanması üçün aldığı hüquqi yardıma görə iddiaçı tərəfindən vəkilə 101 manat məbləğində pul ödənilmişdir. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat
3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi yazılı etirazla Rayon Məhkəməsinə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən yol nəqliyyat hadisəsi iştirakçılarının verdiyi izahatlardan aydın olmuşdur ki, iddiaçı özünə məxsus olan “Hyundai Sonata” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə idarə edərkən Cavabdeh3 idarə etdiyi və yolun kənarında dayanmış "xxxx" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən həmin avtomobildə əyləşmiş sərnişin Cavabdeh2 avtomobilin arxa sol qapısını açmış, nəticədə qapı iddiaçının avtomobilinə dəyərək avtomobilini zədələmişdir. Baş vermiş bu hadisə ilə bağlı "xxxx" markalı avtomobilin sürücüsü Cavabdeh3 və sərnişin Cavabdeh2 barəsində inzibati protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi Sığorta Şirkəti tərəfindən ilkin olaraq sığorta hadisəsi kimi qiymətləndirilmiş və buna görə də Şirkət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi üçün hesablamalar aparılmışdır. Lakin sənədlər təhlil olunarkən müəyyən edilmişdir ki, hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi üçün hüquqi əsaslar yoxdur. Bu səbəbdən də Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuş və bununla bağlı olaraq hazırki iş üzrə iddiaçıya xx.xx.2021-ci il tarixli bildirişlə məlumat verilmişdir. İddia tələbi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50-ci fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına” uyğun əsaslandırılsa da, nəzərə alınmalıdır ki, həmin normalar və qaydalar könüllü sığorta müqavilələrinin bağlanması ilə əlaqədar məsələlərin tənzimlənməsini nəzərdə tutur və hazırkı iş üzrə, yəni icbari sığorta müqavilələrindən yaranan mübahisələrə tətbiq edilmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, bu Qanunun “Xüsusi bölməsinin” müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbari sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Qanunun 6.2-ci maddəsinə görə, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Qanunun 6.3-cü maddəsinə görə, bu Qanunun “Xüsusi” bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur. Qanunun 53.3-cü maddəsinə görə, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Qanunun 53.4-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun 13.2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Qanunun 52.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsinin baş verməsində "xxxx" markalı avtomobilin sürücüsü, yəni Sığorta Şirkəti tərəfindən sığortalanmış Cavabdeh3 hər hansı təqsiri olmamış, o, yalnız dayanma qaydasını pozmağa görə inzibati məsuliyyətə cəlb edilmiş, yol nəqliyyat hadisəsi isə həmin avtomobildə sərnişin qismində əyləşən Cavabdeh2 ehtiyatsızlığından baş vermiş və sonuncu bu səbəbdən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticə olaraq, Şirkətdə icbari sığorta müqaviləsi ilə sığortalanmış Cavabdeh3 iş üzrə iddiaçıya məxsus avtomobilə zərər vurulmasında təqsiri olmadığından Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi yaranmamışdır. Buna görə də xahiş olunur ki, iddia tələbinin Şirkətə aid olan hissəsi təmin edilməsin.
4. Cavabdeh2 nümayəndəsi (atası) Nümayəndə Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, "xxxx" markalı avtomobilin sürücüsü Cavabdeh3 və həmin nəqliyyat vasitəsində sərnişin olmuş, təmsil etdiyi Cavabdeh2 barəsində müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1 və 338.3-cü maddələri ilə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilməsinə baxmayaraq hesab edir ki, nə sürücü, nə də sərnişin hadisənin bilavasitə baş verməsində təqsirli olmamışlar. Qeyd olunan qərarlar onlar tərəfindən mübahisələndirilməmiş və gələcəkdə də mübahisələndirmək niyyətləri yoxdur. Çünki hadisənin bilavasitə təqsirkarı iddiaçı olmuşdur. Belə ki, arxadan gələn nəqliyyat vasitəsini idarə edən sürücü hər zaman araməsafəsi saxlamalıdır. Hazırki işin faktiki hallarından görünür ki, sürücü Cavabdeh3 yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. Arxa oturacaqda əyləşmiş sərnişin Cavabdeh2 isə açıq vəziyyətdə qalmış qapının təkrar örtülməsini təmin etmək istədikdə arxadan gələn və araməsafəsi saxlamayan iddiaçının nəqliyyat vasitəsinə dəymişdir. Belə olan halda, nə sürücünün, nə də sərnişinin hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Yol nəqliyyat hadisəsi səthi araşdırılmış və hadisənin bilavasitə törədilməsində sərnişinin texniki imkanının olubolmamasına dair ekspertiza təyin edilib rəy alınmamışdır. Bu isə xüsusi bilik tələb etdiyindən hesab edir ki, inzibati tənbehvermə haqqında qərarlar əsassızdır. Sxemin çəkilməsi, izahatların alınması işin hallarını müəyyən etmir. Həmçinin sığorta şirkəti hadisə yerində olmamış və sənədlər araşdırılmışdır. Bundan başqa işin əsli ondan ibarət olmuşdur ki, tərəflər hadisə yerində barışmış və hər biri öz nəqliyyat vasitəsinin təmir edilməsi ilə razılaşmışlar. Lakin 1 il keçdikdən sonra iddiaçı fikrini dəyişərək tələb irəli sürmüşdür.
5. Cavabdeh3 məhkəmənin hazırlıq iclasında Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, ona qarşı yönəlmiş iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində onun iddiaçıya vurduğu zərər onunla cavabdeh Sığorta Şirkəti arasında bağlanmış "xxxx" əsasən həmin Sığorta Şirkəti tərəfindən ödənilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş 1.500 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 750 manat məbləğində pul cavabdeh Sığorta Şirkətindən və 750 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 101 manat məbləğində pul vəsaitinin cavabdeh Sığorta Şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin – 100 manat məbləğində pulun cavabdeh Sığorta Şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan avtomobilə ziyan vurulmasında təqsirli olan şəxslər "xxxx" markalı avtomobilin sürücüsü olan Cavabdeh3 və həmin avtomobildə sərnişin olmuş Cavabdeh2dir. Buna görə də, onlar iddiaçıya vurulmuş zərərin əvəzini bərabər qaydada aradan qaldırmalıdırlar. Lakin bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh3 ilə cavabdeh Sığorta Şirkəti arasında "xxxx" bağlanmışdır. Buna görə də, iddia tələbinin Cavabdeh3 aid hissəsi rədd edilməli, onun iddiaçıya ödəməli olduğu pul məbləği cavabdeh Sığorta Şirkətindən tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, yol-nəqliyyat hadısəsi nəticəsində ona 2.060 manat məbləğində maddi zərərin dəyməsini bildirsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4646 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus “Hyundai Sonata” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində iddiaçıya 1.500 manat məbləğində maddi zərər dəymişdir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ekspertiza cavabdeh tərəfin vəsatətinə əsasən təyin edilmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardıma görə vəkilə 101 manat məbləğində xərc çəkmişdir. Həmin xərc cavabdehlər Sığorta Şirkətinə və Cavabdeh2 aid edilməlidir. Eyni zamanda “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən həmin xərcin 15 manat hissəsi iddiaçının özünə, qalan 35 manat isə cavabdehlər Sığorta Şirkətinə və Cavabdeh2 aid edilməlidir. Qalan hissədə iddia əsassızdır. d) apellyasiya şikayətləri barədə məlumat
8. Cavabdeh Sığorta Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, ona qarşı yönəlmiş tələbin təmin edildiyi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh2 də qətnamədən apellyasiya şikayətləri verərək, ona qarşı yönəlmiş tələbin təmin edildiyi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Hər iki apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsində bildirilmiş etirazların məzmunun ilə eyni olduğundan Məhkəmə onların bir daha təsvir edilməsinə lüzum görmür.
11. Hər iki apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
12. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, təmsil etdiyi Şirkət tərəfindən verilmiş “iddiaya etirazın” və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
13. Cavabdeh2 nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək verdiyi apellyasiya şikayətinin və Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun izahat verdi.
14. Cavabdeh3 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmamasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
15. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
16. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
17. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə özlərinə aid olan hissədə iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişlər.
18. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, hazırki apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə hissəsi təşkil edir. g) işdə olan sənədlər barədə məlumat
19. AC seriyalı, 619217 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Hyundai Sonata” markalı, **-OM-*** qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir.
20. AC seriyalı, 058009 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, "xxxx" markalı, **-SC-*** avtomobil (hazırki iş üzrə tərəf olmayan) X1 mülkiyyətindədir.
21. X4 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2016-cı il tarixli, ƏN-İİİ seriyalı, 662916 nömrəli etibarnamədən görünür ki, Əntiqə Qurbanova özünə məxsus "xxxx" markalı, **- SC-*** avtomobili xx.xx.2023-cü il tarixədək Cavabdeh3 istifadəsinə verilmişdir.
22. İşdə olan sənələrdən görünür ki, iddiaçı özünə məxsus olan “Hyundai Sonata” avtomobili xx.xx.2021-ci il tarixdə idarə edərkən Cavabdeh3 idarə etdiyi və yolun kənarında dayanmış "xxxx" markalı avtomobilin yanından keçərkən "xxxx" markalı avtomobildə əyləşmiş sərnişin Cavabdeh2 avtomobilin arxa sol qapısını açmış, nəticədə qapı iddiaçının avtomobilinə dəyərək avtomobilini zədələmişdir.
23. TP seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (dayanma və durma qaydalarının pozulması) törədilməsində təqsirli bilnmişdir.
24. TP seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanın (sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) törədilməsində təqsirli bilinmişdir.
25. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan aydın olur ki, həmin “İnzibati tənbeh vermə haqqında qərarlar” ləğv olunmamışdır.
26. İddiaçıya məxsus “Hyundai Sonata” markalı, **-OM-*** qeydiyyat nişanlı avtomobil ilə bağlı "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qüsur aktından” görünür ki, həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün əvəz olunmalı ehtiyat hissələrinin və görülməli olan təmir işlərinin ümumi dəyəri 2.060 manat təşkil edir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4646 saylı ekspert rəyindən isə görünür ki, iddiaçıya məxsus həmin avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün əvəz olunmalı ehtiyat hissələrinin və görülməli olan təmir işlərinin ümumi dəyəri 1.500 manat təşkil edir.
28. Cavabdeh Sığorta Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şirkət yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 ilə yanaşı Şirkət tərəfindən sığortalanmış Cavabdeh3 da təqsirli olmasını nəzərə alaraq, iddiaçının avtomobilinin zədələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin 50%-nin Şirkət tərəfindən ödənilməsini iddiaçıya təklif etmişdir. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
29. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1.). Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd-sığorta şəhadətnaməsi verməlidir (maddə 901.1.). Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüflilik əlamətlərinə malik olmalıdır (maddə 922.). Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir 9maddə 925.1.). Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir (maddə 925.5.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə görə, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.
32. Yuxarıda qeyd edildiyi kimi cavabdeh Sığorta Şirkəti apellyasiya şikayətində bildirir ki, hadisə baş verən zaman cavabdeh (sığortalı) Cavabdeh3 idarə etdiyi avtomobil hərəkətsiz vəziyyətdə olmuş, onun baş vermiş hadisədə təqsiri olmamışdır. Yol nəqliyyat hadisəsi isə bilavasitə həmin sığorta olunmuş avtomobildə sərnişin qismində əyləşən, Cavabdeh2in ehtiyatsızlığından, yəni qapını açması səbəbindən baş vermiş və sonuncu məhz bu səbəbdən baş vermişdir.
33. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh3 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (dayanma və durma qaydalarının pozulması) törədilməsində təqsirli bilnmişdir. Onun törətdiyi inzibati xəta nəticəsində iddiaçıya maddi zərər dəyməsinə səbəb olmuşdur. Sığorta Şirkəti ilə Cavabdeh3 arasında bağlanmış "xxxx" üzrə isə Sığorta Şirkəti üzərinə öhdəlik götürmüşdür ki, o, yollarda həmin şəxsin hərəkətləri zamanı üçüncü şəxslərə vurula biləcək zərərin əvəzini ödəyəcək. Belə olan halda hesab edilməlidir ki, bu halı nəzərə almış Rayon Məhkəməsi hazırki apellyasiya baxışının predmeti olan nəticəyə gəlməkdə, yəni iddiaçıya dəymiş zərərin yarısını Cavabdeh3 mülki məsuliyyətini sığortalamış cavabdeh Sığorta Şirkətindən tutaraq iddiaçıya verilməsini qət etməkdə haqlı olmuşdur. Sığorta Şirkətinin verdiyi apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızıdır.
34. Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, iddiaçının diqqətsizliyi və “Yol hərəkəti haqqında” qaydalarının tələblərini pozaraq ara məsafəsi saxlaması nəticəsində baş vermiş hadisəyə görə məsuliyyət daşıya bilməz.
35. Məhkəmə bu apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, işin yuxarıda qeyd olunan mübahisəsiz hallarından görünür ki, Cavabdeh2 baş vermiş hadisədə təsiri müəyyən olunmuş və bununla bağlı o, qanunla müəyyən edilən qaydada inzibati məsuliyyətə cəlb olunmuşdur. Baş vermiş hadisədə iddiaçının hər hansı bir formada təqsirinin olması isə iş materialları ilə müəyyən olunmur. Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsi barədə TP seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” qüvvədədir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh2 verdiyi apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızıdır. Rayon Məhkəməsi müzakirə edilən bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
36. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin apellyatorların maraqlarına toxunan diğər hissəsi ondan ibarətdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 101 manat məbləğində pul vəsaitinin cavabdeh Sığorta Şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin – 100 manat məbləğində pulun cavabdeh Sığorta Şirkətindən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidr.
37. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
38. Qeyd edilən prosessual normalarının tələblərini və işin müəyyən edilmiş hallarını nəzərə alana Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən nəticəyə gəlməkdə də haqlı olmuşdur.
39. Beləliklə də apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. İş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır.
40. Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.