Məhkəmə qərarları › İş №2(103)-1630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1630/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1630/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(006)-3719/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən hal-hazıradək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl-Şüvəlan küçəsində yerləşən evdə yaşamışdır. 2003-cü ildən istifadə etdikləri enerjinin haqqını tam həcmdə müvafiq hesablara ödəmişdir. Lakin 30.01.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları yuxarıda qeyd etdiyi ünvana gəlmiş və bildirmişlər ki, sayğac köhnə nəsil kateqoriyasına aid olduğu üçün yeni nəsil sayğacla dəyişdirilməlidir. Beləliklə, “xxxx” ASC-nin əməkdaşları sayğacı söküb əvəzində yeni sayğac quraşdırmışlar. Həmin günün səhəri “xxxx” ASC-nin əməkdaşları yuxarıda qeyd olunan ünvana bir daha gələrək iddiaçıya bildirmişlər ki, guya o, sayğaca müdaxilə etmişdir. Bununla da iddiaçıya 017715 saylı akta əsasən 886,83 manat cərimə təyin olunub. Həmin akta iddiaçının imza etməsinə çalışsalar da, iddiaçı imza etməkdən imtina etmişdir. 017715 saylı akt tamamilə əsassız, qanunsuz və ədalətsizdir və qeyd edilən 886,83 manat məbləğində hesablanmış cərimə qanunsuz və əsassız olduğundan silinməlidir. “xxxx” ASC-nin əməkdaşları iddiaçıya bildirmişlər ki, sayğacda olan nöqsanla bağlı onu laboratoriyaya dəvət edəcəklər. Lakin iddiaçını bu günə heç bir yerə dəvət etmədən barəsində qanunsuz akt tərtib etmişlər. Göstərilənlərə əsasən iddiaçı barəsində qanunsuz tərtib edilmiş 017715 saylı aktın ləğv edilməsi və həmin akt əsasında təyin edilmiş 886,83 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(006)- 3719/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli, NDM № 017715 saylı aktın ləğv edilməsi və cavabdeh «xxxx» ASC tərəfindən əsassız hesablanmış 886,83 manat cərimənin silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, məişət abonenti tərəfindən elektrik sayğacına müdaxilə öz təsdiqini tapdığı halda, məhkəmə əsassız olaraq ona hesablanmış cəriməni silmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon 23 sentyabr 2020-ci il tarixli 2(006)-3719/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin 31 yanvar 2020-ci il tarixli, NDM № 017715 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl-Şüvəlan küçəsində yerləşən İddiaçı məxsus yaşayış evinə yoxlama keçirən zamanı məlum olmuşdur ki, sayğac sxemdən keçən elektrik yükünü tam hiss etmir. «xxxx» ASC tərəfindən verilmiş 31.08.2020-ci il tarixli abunə haqqında arayışdan görünür ki, 31 yanvar 2020-ci il tarixli, NDM № 017715 saylı akta əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl-Şüvəlan küçəsində yerləşən yerləşən yaşayış evinə 886,83 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan 31 yanvar 2020-ci il tarixli, NDM № 017715 saylı akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə əsasən həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edildiyindən, etibarsız hesab edilməli, akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sayğaca məhz abonent tərəfindən müdaxilə olunması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(006)- 3719/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu “xxxx” ASC-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar