Məhkəmə qərarları › İş №2(103)-1630/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1630/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1630/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (maraqlı şəxslər X6, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1630/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və onların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (maraqlı şəxslər X6, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pulun notariat ofisinin depozit hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1779/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs3 tərəfindən verilmiş apelyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 ilə “Bentley Baku” (Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti) arasında xx.xx.2020-ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilə bağlanmış, X12 məbləğin bir hissəsinin ödənişini həyata keçirmiş, digər hissəni 12 ay ödənilmək şərtilə lizinq müqaviləsi bağlamışdır. Daha sonra sonuncu xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bu səbəbdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müqaviləyə birtərəfli xitam verilərək, avtomobil özgəninkiləşdirilmişdir. Mərhumun vərəsəsi İddiaçı həyat yoldaşı tərəfindən müqavilə üzrə ödənilmiş məbləği geri tələb etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (maraqlı şəxslər X6, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun notariat ofisinin depozit hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 71.500 ABŞ dolları və 5.900 manat məbləğin 52 saylı Notariat ofisinin depozit hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Şirkət lizinq şərti ilə mərhum həyat yoldaşına satdığı avtomobili, onun vəfatından sonra geri təhvil almış, onu satmış, lakin satışdan əldə etdiyi pul məbləğdən borcun qalığını çıxmasına baxmayaraq artıq qalan hissəsini mərhumun vərəsələrinə ödəməkdən yayınmışdır. Dəfələrlə müraciət edərək pulu vərəsəlik işini aparan notariusun bank hesabına mədaxil etməyi xahiş etsələr, cavabdeh bunu etmir. İddiaçı X12 ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşdur. Həyat yoldaşı ilə cavabdeh Şirkət arasında xx.xx.2020-ci il tarixində 2019 il buraxılış olan Bentley Continental GT V8 markalı avtomobilin lizinq şərtilə alğı-satqısına dair 2008/BB-20 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin avtomobilin qiyməti 245.000 Avro müəyyən edilmişdir. Müqaviləyə görə alış qiymətinin bir hissəsinin əvəzi olaraq alıcı, qiyməti 91.500 Avro olan, 2020-ci il buraxılış Mercedes Benz GLE53 markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili vermiş, bununla da satıcıya 153.500 Avro borc qalmışdır. Həmin qalıq borc 12 ay ərzində bərabər hissələrlə ödənilməli idi. xx.xx.2020-ci il tarixində yoldaşı cavabdeh Şirkətə əlavə olaraq 12.500 Avro ödəmişdir. Bununla da borc qalığı 141.000 Avroya düşmüşdü. Həyat yoldaşı X12 xx.xx.2020-ci il tarixində COVİD-19 səbəbindən vəfat etmişdir. Buna görə də ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobili satılmaq üçün cavabdeh Şirkətə geri qaytarmışlar. Cavabdeh Şirkət avtomobili satmış və satışdan əldə edilən vəsaitdən müqavilə üzrə borcun qalıq hissəsini çıxmışdır. Borcun qalan hissəsi çıxılandan sonra satışdan daxil olan vəsaitin artıq hissəsi 71.500 ABŞ dolları və 5.900 manat təşkil edir. P.Əliyevin vəfatından sonra qanunla nəzərdə tutulmuş müddət ərzində Pərvizin atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 və mərhumun həyatı yoldaşı İddiaçı mirasın qəbulu haqqında ərizə ilə Bakı şəhərinin 52 nömrəli notariat ofisinə müraciət etmişlər və həmin ofisdə vərəsəlik işi açılmışdır. 52 saylı notariat ofisin xüsusi notariusu X6 tərəfindən onlar mərhumun qanun üzrə vərəsələri kimi tanınmışlar. Həmin notarius tərəfindən iddiaçıya Pərviz Əliyevə "xxxx" MMC-nin nizamnamə kapitalında məxsus olmuş 60 payın (təsisçilik hüquqlarının) ½ hissəsinə dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvadın mülkiyyət hüququ kimi, qalan ½ hissəsinin 1/3 hissəsinə dair isə qanun üzrə vərəsəlik payı kimi şəhadətnamələr verilmişdir. Miras əmlakına daxil olan daşınmaz əmlaklara dair isə dövlət reyestrindən çıxarış olmadığına görə notarius şəhadətnamə verə bilməmişdir. Daşınmaz əmlaka dair onların vərəsəlik hüququ məhkəmə tərəfindən tanınmışdır. Hazırda cavabdeh Şirkətin rəhbərliyi təsdiq edir ki, satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 ABŞ dolları və 5.900 manat məbləğində pul vəsaiti hələ də onda saxlanılmaqdadır. Dəfələrlə cavabdehə ödənişi aparmaq üçün müraciət etməsinə baxmayaraq nəticəsi olmamışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1779/2023, saylı 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 71.500 ABŞ dolları və 5.900 manat pulun 52 saylı Notariat ofisinin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 418 manat dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 442, 558.1, 1151, 1157, 1255, 1257.1-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 17-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin, 14.2, 77, 88, 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Maraqlı şəxs3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə Maraqlı şəxs3 mərhum X9 anasıdır. Tərəfindən bildirilmişdir ki, onun prosessual statusu 1-ci instansiya məhkəməsi tərəfindən adekvat müəyyən olunmamışdır. Belə ki, o, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməli olduğu halda, 1-ci instansiya məhkəməsi onu iddiaçı tərəfindən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bu barədə nümayəndəsi tərəfindən aidiyyətı qaydada məhkəməyə müraciət olunsa da, sonuncu tərəfindən iş artıq, baxış iclasına təyin edilməsinə istinadən vəsatət təmin olunmamışdır. Bununla da, tərəfindən məhkəməyə müvafiq müraciət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Zəruri olaraq qeyd olunmalıdır ki, bu vəsatətlərin baxış iclasına qədər verilməsi iş üzrə mühüm sübutların əldə olunması ilə əlaqədar olmuşdur. Digər bir tərəfdən hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mübahisə predmeti olan avtonəqliyyat vasitəsinin dəyəri real bazar qiymətindən əhəmiyyətli dərəcədə az olmuşdur. Bu səbəbdən, onun əmlak hüquqları pozulmuş, 1-ci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir adekvat tədbir görülməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya baxışında iştirak edən Maraqlı şəxs3 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hazırda mübahisələndirilən Səbail Rayon Məhkəməsinin e-2(009)-1779/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi onların hüquq və mənafelərinə bilavasitə təsir etməkdədir. Belə ki, bütün müraciətlərinə baxmayaraq, cavabdeh Şirkət tərəfindən müvafiq avtonəqliyyat vasitəsinin real alqı-satqı dəyərini öyrənməyə nail olmamışdırlar. Yalnız BDYPİ-yə müvafiq sorğular təqdim etdikdən sonra, xeyrinə avtonəqliyyat vasitəsi özgəninkiləşdirilən şəxs tərəfindən bu məbləğin 200.000 avro olması bildirilmişdir. Bu da onun göstəricisidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1779/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsində əks olunan məbləğlə real qiymət fərqi kəskin səciyyə daşımaqdadır. Həmçinin bildirmişdir ki, bu iş üzrə aidiyyatı prosessual statuslarının təsdiq olunması üçün dəfələrlə müraciət etsə də, bu vəsatətləri 1-ci instansiya məhkəməsi tərəfindən artıq işin baxış iclasına təyin olunması səbəbindən təmin edilməmişdir.

11. Apellyasiya baxışında iştirak edən Maraqlı şəxs2 bildirmişdir ki, vəfat edən şəxs onun oğludur, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 bildirmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Digər maraqlı şəxs X3 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.

17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

18. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki apelyasiya baxışının predmetini qətnamənin bütövlükdə əsaslılığının və qanununiliyinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materiallarında olan X12 ilə “Bentley Baku” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilənin 3-cü maddəsinin 3.3-cü bəndinə əsasən alıcı aylıq ödənişi hər cari ayın sonunadək ödəməlidir. Aylıq ödənişin gecikdirilməsi 25 gündən çox olan halda, Satıcı bu müqaviləyə birtərəfli xitam vermək hüququndadır. Bu halda Avtomobil Satıcının dayanacağına gətirilərək qiymətləndirilir və bazar qiyməti ilə təkrar satışa çıxarılır. Müqavilənin 3.4-cü maddəsinə əsasən satıcı ödənilməmiş Avtomobili digər alıcıya satandan sonra, təkrar satış qiymətindən Alıcının borc olan hissəni və əlavə 20% öz hesabında saxlamaqnan, qalan pulu Alıcıya qaytarır.

34. AZ-İİ 121799 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

35. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 1779/2023 saylı Baş Dövlət Yol Polis İdarəsinə ünvanladığı alğı-satqı müqaviləsi barədə sənədlərin təsdiq olunmuş surətini məhkəməyə təqdim edilməsi barəsində sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023 tarixli № 3-13-16/2-136611/2023 saylı məktubun da bildirilir ki, bildirilir ki, “Bentley Continental GT V8” Markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X13in adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-ZZ-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X5 adına rəsmiləşdirilmişdir.

36. 1-ci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Bakı şəhərinin 52 nömrəli notariat ofisində vərəsəlik işi açılmış, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 və mərhumun həyatı yoldaşı İddiaçı mərhumun qanun üzrə vərəsələri kimi tanınmışdılar. Həmçinin müəyyən edilmişdir ki, ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobil satılmaq üçün cavabdeh Şirkətə geri qaytarılmış, Bentley Continental GT V8 markalı avtomobil xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X14 tərəfindən X1.

37. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, avtomobilin bazar qiymətinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasında bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyini bildirmiş və buna iddiaçı tərəfindən hər hansı etiraz daxil olmamışdır.

39. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

40. Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunması məqsədilə verdiyi ərizəsini icraata qəbul etmədən qərar qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

41. Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

42. Həmin Məcəllənin 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. İş materiallarından görünür ki, məhkəmə baxışının təxirə salınması barədə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunması məqsədilə verdiyi ərizə) Maraqlı şəxs3 1-ci instansiya məhkəməsinə ünvanladığı vəsatət təmin olunmamışdır.

44. Lakin buna baxmayaraq həm hazırki mərhələdə, həm də 1-ci instansiya məhkəməsində baxış zamanı maraqlı şəxs müvafiq sənədləri məhkəməyə təqdim etməmiş və tələb irəli sürməmişdir.

45. Kollegiya onu da qeyd edir ki, maraqlı şəxsin, həqiqətən də, irəli sürəcəyi tələbinin haqlı olacağı halda belə hazırki iş üzrə bu tələbi sürə bilməməsi onun gələcəkdə tərəflərdən hər hansı birinə və ya digər bir şəxsə qeyd etdiyi həmin tələblə (məbləğ fərqi ilə) ayrıca və yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

46. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs öz apellyasiya şikayətində iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin dəlillərində yuxarıda qeyd edildiyi kimi yalnız mübahisə predmeti olan avtomobilin dəyəri ilə razılaşmadığını bildirmiş və müstəqil tələb irəli sürə bilmədiyinə görə iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Lakin iddia tələbinin əsaslı olub-olmaması qeyd edilən dəlillərdən asılı olmamış, qanunvericiliklə müəyyən edilmiş əsası tamam başqa olmuşdur. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnaməni apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq mübahisələndirilən hissədə yoxlayır və aşağıdakıları qeyd edir.

47. Belə ki, iddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilənin 3.4-cü bəndindən görünür ki, alıcı ödənişləri gecikdirdikdə, satıcı avtomobili təkrar satışa çıxarır və təkrar satışdan əldə edilmiş vəsaitdən borc qalığını və əlavə faizi tutduqdan sonra, qalan vəsaiti alıcıya qaytarır. Müqavilənin şərtlərinə əsasən X12 91.500 Avro olan avtomobil verilmiş, 153.500 Avro borcunu 12 ay ərzində bərabər hissələrlə ödəməli idi. xx.xx.2020-ci il tarixdə 12500 Avro ödəmiş, 141000 Avro borcu qalmışdır. ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobil satılmaq üçün cavabdeh Şirkətə geri qaytarılmış, Bentley Continental GT V8 markalı avtomobil xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X14 tərəfindən X1. Bu halda iddiaçının mərhum həyat yoldaşının vərəsəsi olaraq (iş materialları ilə müəyyən olunmuş mübahisəsiz halı təşkil edir) satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 ABŞ dolları və 5.900 manat məbləğində pul vəsaitini tələb etmək üçün həm subyektiv hüququ, həm də hüquqi əsası olmuşdur.

48. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və mövcud sübutlara düzgün qiymət verməklə mübahisəni düzgün həll etmişdir və qətnamənin ləğvi üçün əsaslar yaranmamışdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1779/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar