Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh və eyni zamanda digər Cavabdeh1 direktoru Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 manat məbləğində ödənilməyən əmək haqqı, 1000 manat məbləğində gecikmə faizi, 2000 manat məbləğində maddi zərərin əvəzi, 1000 manat məbləğində mənəvi zərərin əvəzi, 30 manat dövlət rüsumu, cəmi 6430 manat pulun cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər “xxxxxxxx” MMC-də qaynaqçı vəzifəsində çalışmış və aylıq 1000 manat əmək haqqı almışdır. 2019-cu ilin may ayında Səbuhi adlı orada çalışan bir qaynaqçı ona yaxınlaşaraq demişdir ki, BP şirkətinə qaynaqçı yığırlar və bu iş Cavabdeh1 MMC-yə həvalə olunmuşdur. Bu məqsədlə Səbuhi ona cavabdeh təşkilatın direktoru Cavabdeh2 telefonunu vermişdir. O, Cavabdeh2 zəng etmiş, Mətanət ona təlimlər üçün 200 manat ödəniş etməli olduğunu və bundan sonra onunla əmək müqaviləsi bağlanacağını demişdir. O, xx xxx 2019-ci ildə Cavabdeh1 MMCnin hesabına 200 manat ödəniş etmişdir. Daha sonra xx xxxx 2019-cu il tarixində öz xahişi ilə “xxxxxxxx” MMC-dəki işindən çıxmış və Bakı şəhərində Cavabdeh2 dediyi təlimlərə başlamışdır. Təlimlərə başladığı vaxt Mətanət ona demişdir ki, ona aylıq əmək haqqı da yazılır. Təlimlər bitəndən sonra xx xxxx 2019-cu il tarixində Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə əmək müqaviləsi bağlamış və onu qaynaqçı kimi işə götürmüşdür. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1200 manat təşkil etmişdir. Onun əmək müqaviləsi elektron sistemə yerləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, lakin ona əmək müqaviləsinin surəti verilməmişdir. Bütün bunlarla birlikdə Cavabdeh2 ona əmək haqqı ödəməmiş, iddia ərizəsi məhkəməyə verilən dövrə qədər də əmək müqaviləsinə xitam verməmişdir. Cavabdeh2 söz verdiyi təlimlər vaxtı ona yazılan maaşı da ödəməmişdir. Bundan əlavə o, əvvəlki işini də itirdiyi üçün 2000 manat maddi zərərə, habelə mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4498/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixli əmək müqaviləsi əsasında aylıq əmək haqqı 1200 manat olmaqla çilingər vəzifəsində işə götürülmüş, Əmək və X4 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarışda onun xx xxxxxxxx 2019-cu il tarixinə qədər işdə olduğu qeyd olunmuş, lakin məhkəmə buna əhəmiyyət verməmişdir. O, xx xxxxxxx 2019-cu il tarixinə qədər orada işləsə də, cavabdeh bu günə qədər ona əmək haqqı ödəməmiş, əmək müqaviləsinə xitam verməmişdir. Cavabdehlərin hərəkəti ona mənəvi zərər vurulmasına səbəb olsa da, məhkəmə iddia tələbini həmin hissədə də təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Belə ki, əgər Cavabdeh2 onu işlə təmin edəcəyinə vəd verməsəydi, o, “xxxxxxxx” MMC-də çilingər vəzifəsindəki işindən çıxmaz və əmək haqqından məhrum olmazdı. xx xxxx 2019-cu il tarixdə Cavabdeh2 onunla əmək müqaviləsi bağladıqdan sonra o dəfələrlə Cavabdeh2 xahiş etmişdir ki, onu əmək müqaviləsində nəzərdə tutulmuş çilingər işi ilə təmin etsin və ona lazımi iş şəraiti yaratsın. Buna baxmayaraq, Cavabdeh2 onu çilingər işi ilə təmin etməmiş, ayrı-ayrı tanışlarının yanına göndərərək guya onu işlə təmin etmək arzusunda olmaq görüntüsü yaratmışdır. Həmin şəxslər isə Cavabdeh2 ilə yaxın münasibətdə olan şəxslər olmaqla ümumiyyətlə onu işlə təmin etmək niyyətində olmamışlar. Digər tərəfdən isə Cavabdeh2 onunla bağladığı əmək müqaviləsinə də xitam verməmişdir ki, o özünə başqa yerdə iş tapsın. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 onun işdən azad olunması barədə arxa tarixə əmr vermiş və əmrin surətini məhkəməyə təqdim etmişdir. Bu dəfə də məlum olmuşdur ki, həmin əmr Əmək və X4 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminə x xxxxxxx 2019-cu il tarixdə yerləşdirilmişdir. Sistemdən çıxarışla onun işdən azad olunması barədə əmr tutuşdurulduqda daha bir saxtakarlıq faktı üzə çıxmışdır. Belə ki, Cavabdeh2 məhkəməyə təqdim etdiyi onun işdən azad olunması barədə əmr xx.xx.2019-cu il tarixli 29 saylı əmr olduğu halda, sistemdən çıxarışda əmrin tarixi xx.xx.2019-cu il, nömrəsi isə 28 göstərilmişdir. Beləliklə, ona məlum olmuşdur ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 ay 17 gün Cavabdeh2 ilə əmək münasibətlərində olmuşdur. Həmin müddətdə Cavabdeh2 onu əmək müqaviləsində nəzərdə tutulmuş işlə təmin etmədiyinə görə o, əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bununla belə, əmək qanunvericiliyinin tələblərinə əsasən, Cavabdeh2 onu müqavilədə nəzərdə tutulmuş işlə təmin etməli və ona əmək haqqı ödəməli idi. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 əvvəllər digər şəxslərə qarşı da dələduzluq əməllərinə yol verdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub məhkum olunmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qərar qəbul etdiyinə görə apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh və eyni zamanda digər cavabdeh “xxxxxxxx” MMC-nin nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçmiş Cavabdeh1 MMC və xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçmiş “xxxxxxxxx” MMC-nin yeganə təsisçisi və qanuni təmsilçisidir. Hər iki MMC-də onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. İddiaçı işə düzəlmək üçün ona müraciət etmiş, o, İddiaçı izah etmişdir ki, ixtisasını artırmaq üçün o, təlimlərə cəlb olunmalıdır. Onun təklifi ilə İddiaçı onun təsisçisi və rəhbəri olduğu Cavabdeh1 MMC-nin hesabına 200 manat pul keçirmişdir. Bundan sonra o, təlimlərə cəlb olunmuş, təlim başa çatdıqdan sonra xx xxxx 2019-cu il tarixdə o, İddiaçıla əmək müqaviləsi bağlayaraq onu təsisçisi və rəhbəri olduğu “xxxxxxxxx LTD” MMC-yə aylıq 1200 manat əmək haqqı ilə çilingər vəzifəsində işə götürmüşdür. Lakin İddiaçı hazırlıq səviyyəsi onu qane etmədiyinə görə elə həmin gün onu işdən azad etmişdir. Bundan sonra o, Camalı bir neçə tanışının yanına göndərərək onu işlə təmin etmək istəmiş, lakin Camalın peşə hazırlığı kifayət səviyyədə olmadığına görə onu işə götürməmişlər. Təklif olunan bir neçə işdən isə Camal özü imtina etmiş və daha yüksək əmək haqqı olan işlə təmin olunmasını tələb etmişdir. Hesab edir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İzahatının sonunda Cavabdeh2 bildirdi ki, o əvvəllər dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sınaq müddəti təyin olunmaqla azadlıqdan məhrum etməyə şərti məhkum olunmuşdur. İddiaçı iddiasını qəbul etməməklə yanaşı, bildirir ki, əgər məhkəmə tərəfindən ona hər hansı məbləğdə təzminat ödənilməsi barədə qərar çıxarılsa belə, o, Camala hər hansı məbləğdə pul ödəmək fikrində deyil. Məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4498/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “xxxxxxxx” MMC-yə əmək müqaviləsi ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-yə 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən götürülmüş iş yerinə dair arayışdan görünür ki, İddiaçı “xxxxxxxxx LTD” MMC-də xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə əsasən 1200 manat aylıq əmək haqqı ilə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi və qanuni təmsilçisi həmin Cəmiyyətdə 100 faiz 1 paya malik olan Cavabdeh2dır. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxx LTD” MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi və qanuni təmsilçisi həmin Cəmiyyətdə 100 faiz 1 paya malik olan Cavabdeh2dır. İş materiallarında olan “xxxxxxxxx LTD” MMC-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş işdən azad olunma haqqında xx.xx.2019-cu il tarixli 29 №-li əmrdə İddiaçı xx.xx.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə sistemə daxil edilən xx.xx.2019-cu il tarixli 28 nömrəli əmrə əsasən İddiaçı “xxxxxxxxx LTD” MMC-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci mçaddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 “xxxxxxxxx LTD” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və direktorudur. O, xx xxxx 2019-cu il tarixdə İddiaçı ilə əmək müqaviləsi bağlayaraq onu 1200 manat aylıq əmək haqqı ilə qaynaqçı işinə götürmüş, həmin tarixdə İddiaçı işdən azad olunması barədə əmr versə də, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş yalnız xx xxxxxxx 2019-cu il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin3-cü bəndinə görə, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən hesab olunur. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən müvafiq əmək şəraitini təmin etməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 156-cı maddəsinə görə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən hesab olunduğundan, əmək müqaviləsinin bağlandığı xx xxxx 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edildiyi xx xxxxxxx 2019-cu il tarixədək İddiaçı “xxxxxxxxx LTD” MMC ilə əmək münasibətlərində olmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, Cavabdeh2 “xxxxxxxxx LTD” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və direktoru kimi Əmək Məcəlləsinin 3-cü maddəsinin3cü bəndinə görə əmək müqaviləsində faktiki olaraq işəgötürən qismində çıxış etmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edildiyi xx xxxxxxx 2019-cu il tarixədək “xxxxxxxxx LTD” MMC ilə əmək münasibətlərində olduğuna görə müəssisənin rəhbəri olan Cavabdeh2 həmin dövrdə ona müvafiq əmək şəraitinin təmin etməli olduğu halda, işəgötürən kimi həmin vəzifəsini yerinə yetirməmişdir. İddiaçı cavabdehlərdən iki aylıq əmək haqqı kimi 2400 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan dövrdə o həmin təşkilatda əmək funksiyasını yerinə yetirmədiyinə görə ona əmək haqqı yox, boşdayanma vaxtı üçün haqq ödənilməlidir. Boşdayanma əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma vaxtı işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləğləri tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə müəyyən şərait yaratmalıdır. Qeyd olunan maddəyə uyğun olaraq müvafiq şəraitin yaradılmasına görə boşdayanma vaxtı birbaşa olaraq işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma vaxtı kimi qəbul olunur. Bu zaman işçinin əmək haqqı Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq ödənilir. Buna görə də İddiaçı əmək münasibətlərində olduğu xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan 2 ay 17 gün dövr üçün əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə maaşının üçdə iki hissəsi miqdarında ona haqq ödənilməlidir. Həmin dövr üçün İddiaçı əmək müqaviləsi üzrə maaşının 1200x2+600=3000 manat təşkil etdiyini nəzərə alaraq həmin məbləğin üçdə iki hissəsi, yəni 2000 manatı işəgötürən Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1000 manat məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı öz tələbini əsaslandırdığı həmin maddə boşdayanma vaxtı üçün haqqın ödənilməsinin yox, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc verilməsini nəzərdə tutduğuna görə iddia bu hissədə təmin oluna bilməz. İddia tələbinin 2000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəməyə heç bir sübut təqdim olunmadığına görə həmin hissədə iddia təmin oluna bilməz. İddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində İddiaçı hər hansı zərurət olmadan təlimlərə cəlb olunmuş, bu məqsədlə o, 200 manat pul ödəmiş, bir neçə ay işdən və əmək haqqından məhrum olmuşdur. Bu hərəkətlərin İddiaçı şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması, ona mənəvi zərər vurması şəksizdir. Məhkəmə kollegiyası hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun Cavabdeh2 İddiaçı xeyrinə tutulması hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-yə qarşı hissədə təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı ilə əmək münasibətlərində işəgötürən kimi faktiki olaraq Cavabdeh1 MMC və “xxxxxxxxx LTD” MMC-nin yeganə təsisçisi, qanuni təmsilçisi və rəhbəri olan X3 çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4498/2019 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4498/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə boşdayanma vaxtı üçün 2000 manat və mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində, habelə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi 2520 manat pul tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzi Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1631/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1631/2020
03.03.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver