Məhkəmə qərarları › İş №2(103)-1631/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1631/2021

03.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh “R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, xx.xx.2020-ci il tarixli, 006/20 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının pozulması nəticəsində ona vurulmuş 50.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh təşkilatın direktoru barədə İXM-in 192.4-192.6-cı maddələri ilə qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı nəzərə almamışdır. Belə ki, həmin inzibati orqan həqiqətən də cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması qənaətinə gəlmişdir. Eyni zamanda, iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi iddiaçının işdən çıxma barədə ərizə verməsini guya onun həmin dövrdə rəhbəri olan İlqar Kərimovun işdən çıxması ilə əlaqələndirmişdir. Halbuki, İ.Kərimovun əmək müqaviləsinə xitam verilməsi də onun istəyi ilə baş tutmamış, o, işdən çıxma barədə ərizə yazmamışdır. Hazırda həmin şəxs barəsində verilmiş əmrin qanuniliyinin müəyyən olunması da məhkəmə araşdırması mərhələsindədir. İddiaçı, İ.Kərimovun şahid qismində dindirilməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməmişdir. İddia müddətinin tətbiqinə gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ilkin olaraq yuxarıda adıçəkilən inzibati orqana müraciət edilərək, hüquqlarının pozulması faktının aşkar edilməsi xahiş edilmiş və həmin orqan tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin cavabdeh bundan sonra da iddiaçının hüquqlarını pozmaqda davam etmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə isə, bunları nəzərə almamış və müddətin buraxılmasını üzrlü hesab edərək bərpa etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, iddiaçının istinad etdiyi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cavabdeh təşkilat barəsində qəbul edilmiş xx.xx.2020ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Dolayısı ilə, cavabdeh, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verməklə əmək qanunvericiliyinin tələblərini və işçinin hüquqlarını pozmamışdır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmrlə “R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. xx.xx.2020-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, tutduğu vəzifədən həmin tarixdən etibarən öz xahişi ilə azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. “R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmrilə İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən həmin tarixdən xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla “R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X6 İnzibati Xətalar Məcəlləsinin 196.2-ci maddəsində təqsirli bilinərək, 1700 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə X5 şikayəti təmin edilərək, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlar, iddia ərizəsi, ******* saylı əmək kitabçasının surəti, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi, xx.xx.2020-ci il tarixli, 006/20 saylı əmr, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-1980/2020 saylı qərarı, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1800/2020 saylı qərarı və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya ilk növbədə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə bildirir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. MM-in 375.1-ci və 375.2-ci maddələrinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcəllənin müddəaları da nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İşdən görünür ki, İddiaçı, xx.xx.2020-ci il tarixli əmrlə həmin tarixli ərizəsinə əsasən öz xahişilə vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün xx.xx.2020-ci il tarixidir. Buna baxmayaraq o, iddia ərizəsini xx.xx.2020-ci ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Hazırda iddiaçı, işdən çıxmaq barədə ərizəni könüllü surətdə deyil, işəgötürənin təhdidləri nəticəsində məcbur olub yazdığını, 1 gün sonra həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə ilə müraciət etdiyini və müvafiq inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən onun əmək hüquqlarının pozulmasının təsdiqləndiyini, buna görə də iddia müddətinin üzrlü səbəbdən buraxıldığını bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 7-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin olmasıdır. Bu zaman əmək müqaviləsinə ərizədə işçi tərəfindən əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməyibsə, işəgötürən tərəfindən yalnız 1 aylıq xəbərdarlıq müddəti gözlənildikdən sonra, konkret müddət göstərildikdə isə, həmin vaxtdan xitam verilə bilər. İşçi 1 aylıq xəbərdarlıq müddəti ərzində işdən azad olunma barədə ərizəni geri götürə və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Baxılan işdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə həmin tarixdən işdən azad olunmaq barədə ərizə ilə işəgötürənə müraciət etmiş və ərizəsi nəzərə alınmaqla işəgötürənin eyni tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, o, 1 gün sonra işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə ilə müraciət etmiş olsa belə (iş materiallarına əlavə edilməmişdir), yuxarıdakı normaların tələbləri baxımından həmin ərizənin hüquqi qüvvəsi yoxdur. Çünki, iddiaçı məhz xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işdən azad olunma barədə əmr də müvafiq olaraq həmin tarixdə verilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı işdən azad olunma barədə xx.xx.2020ci il tarixli ərizəni könüllü deyil, işəgötürən tərəfindən edilmiş hədələr nəticəsində yazdığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Əksinə, iş materiallarından görünür ki, bu faktın təsdiqi üçün sübut qismində istinad etdiyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir. Sözügedən məhkəmə aktında qeyd olunmuşdur ki, …İddiaçı, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən həmən tarixdən azad olunması ilə bağlı müraciət etmiş, bu ərizə əsasında şirkətin müvafiq əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərək, qeyd olunan tarixdə tutduğu vəzifədən azad olunmuşdur. İşçinin isə sonradan əvvəlki ərizəsinin geri götürməsi belə müraciəti hüquqi qüvvə yaratmır. Onunla bağlanılmış əmək müqaviləsinə hədə-qorxu gəlinərək xitam verilməsi faktı isə hər hansı dəlillərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli işdən çıxma barədə ərizənin işəgötürənin hədələri nəticəsində yazılmadığı və onunla bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də təsdiq olunur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4504/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar