Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı9 İddiaçı3 nümayəndəsi Azər Nəsirovun, iddiaçıların vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8 və İddiaçı9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» 2(005)- 1637/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8, həmçinin İddiaçı2, İddiaçı5, İddiaçı9 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X9, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8 və İddiaçı9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2: 50000 ABŞ dolları alınaraq İddiaçı1, 100000 ABŞ dolları alınaraq İddiaçı2, 60000 manat alınaraq İddiaçı3, 120000 manat iddiaçı X6, 50000 manat iddiaçı X11, 60000 manat İddiaçı6, 120000 manat İddiaçı7 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 90000 manatı alınaraq İddiaçı7 oğluna, 25000 ABŞ dolları alınaraq İddiaçı9, 100000 ABŞ dolları alınaraq İddiaçı10 və İddiaçı8, Cavabdeh2 100000 ABŞ dolları alınaraq İddiaçı2, 150000 ABŞ dolları alınaraq İddiaçı4, 50000 ABŞ dolları alınaraq X11, 50000 ABŞ dolları alınaraq İddiaçı6 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı4 17.06.2021-ci il tarixdə ərizə təqdim edərək, ondan 04.02.2009-cu il tarixdə 120000 manat pul alındığını bildirərək, ona pulun dəyərdən düşməsi nəzərə alınaraq 106%-dən çox kompensasiya ödənilməsini xahiş etmişdir. Daha sona, İddiaçı4 21.09.2021-ci il tarixdə ərizə təqdim edərək hazırkı mülki iş üzrə iddia ərizəsini özünə aid olan hissədə geri götürdüyünü bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli 2(005)- 1637/2021 saylı qərardadı ilə iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8 və İddiaçı9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi İddiaçı4 aid hissədə baxılmamış saxlanılmışdır. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Bakı şəhəri C.Cabbarlı meydanında yeraltı keçiddə olan ticarət obyektində yerləşən ayrı-ayrı mağazalarda 1988ci ildən sahibkarlıq fəaliyyəti göstərmişlər. İddiaçı1 sahəsi 34,1 m2 olan 22 saylı, İddiaçı2 sahəsi 34,1 m2 olan 13 saylı, İddiaçı3 sahəsi 34,1 m2 olan 35 saylı, sahəsi 17,05 m2 olan 39 «a» saylı, X1 16,25 m2 olan 45 «b» saylı, X4 34,1 m2 olan 10 saylı, İddiaçı6 sahəsi 34,1 m2 olan 17 saylı, İddiaçı7 sahəsi 17 m2 olan 12 «b» saylı, sahəsi 35,2 m2 olan 23 saylı, sahəsi 34 m2 olan 51 saylı mağazada fəaliyyət göstərmişdir. Qeyd edilən ticarət obyektləri SSRİ dövründən ticarət obyektləri kimi fəaliyyət göstərmiş və iddiaçılar da həmin obyektlərdə işləmişlər. Həmin vaxtlarda və ondan sonrakı dövrlərdə ticarət obyektləri Bakı şəhər X10 İcraiyyə Komitəsinin ayrı-ayrı şöbələrinin nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra isə adları göstərilən ticarət obyektləri Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma İdarəsinin nəzdinə verildiyinə görə iddiaçılar həmin idarə ilə icarə müqaviləsi bağlayaraq fəaliyyət göstərmişlər. Sonra, sözügedən ticarət obyektləri Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verildiyinə görə iddiaçılarla icarə müqavilələri həmin təşkilatla bağlanmışdır. 1998-ci ildə adları qeyd edilən ticarət obyektləri Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin balansına verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 100 saylı qərarına əsasən Bakı Metropoliteninə verilmişdir. Həmin vaxtlarda da iddiaçılar iddia predmeti olan ticarət obyektlərində müqavilə əsasında fəaliyyət göstərmişlər. Dövlət əmlakının idarə edilməsi üçün yaradılmış qurum fəaliyyətə başladığı vaxtlarda Azərbaycan Respublikası Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 06 sentyabr 1997-cı il tarixli, 629 saylı Fərmanının tələblərinə əsasən 1997-ci ilin sentyabr ayından 2001-ci ilin mart ayına qədər iddiaçılar fəaliyyətlərini Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) ilə bağlanılan icarə müqavilələri əsasında davam etdirmişlər. 2001-ci ilin mart ayında ticarət obyektlərində təmir işlərinin aparılması adı ilə fəaliyyətləri dayandırılmışdır. Təmir adı ilə fəaliyyətin dayandırılması 2009-cu ilin yayına qədər, yəni 8 il müddətinə davam etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhəri nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı»nın 2.15-ci bəndinə əsasən Bakı şəhərinin avtomobil yollarında, prospektlərində və mövcud piyada keçidlərində (C.Cabbarlı meydanındakı yeraltı keçid də daxil olmaqla) bərpa və yenidənqurma işlərinin aparılması məqsədi üçün Nəqliyyat Nazirliyinin balansına verilmişdir. Nəqliyyat Nazirliyinin "xxxx" ASC dövlət vəsaiti hesabına təmir işləri aparmışdır. Təmir zamanı C.Cabbarlı meydanındakı yeraltı keçiddə iddiaçıların fəaliyyət göstərdikləri mağazalar da daxil olmaqla bütün mağazalar sökülərək müxtəlif ölçülərdə olan 80 mağaza quraşdırılmışdır. Lakin dövlət əmlakı olan sözügedən mağazalar Nəqliyyat Nazirliyinin balansında saxlanılmadan təmir olunan vaxtda belə sabiq nazir Ziya Məmmədovun daxili əmri ilə oğlu Anar Məmmədovun offşor zonada (Vircinia adalarında) qeydiyyata alınan "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Onu da bildirirk ki, "xxxx" MMC «Qarant Holding»in şirkətlər qrupunun tərkibindədir. Həmin ərəfədə "xxxx" MMC tərəfindən mağazaların onların sərəncamında olması bildirilərək iddiaçılardan əvvəl təmir üçün vəsait çatışmazlığı və həmin obyektlərin orada fəaliyyət göstərən şəxslərin adlarına özəlləşdilməsini təmin etmələri adı altında pul tələb edilmişdir. Həmçinin, həmin vaxtlarda yəni 2009-cu ilidə Cavabdeh1, Nəqliyyat Nazirliyini və "xxxx" MMC-ni təmsil edən Cavabdeh2 mağaza sahiblərindən fəaliyyət göstərdikləri mağazaların özəlləşdirilərək onlara verilməsini təmin etmək məqsədilə müəyyən məbləğdə pul istəmişlər. Fəaliyyət göstərdikləri mağaza özəlləşdirilərək onlara verilməsi iddiaçıları qane etdiyinə görə onların təklifləri ilə razılaşmışlar. 2009-cu ildə iddiaçılar mağazalarda müqaqvilə bağlayaraq fəaliyyətə başlamışlar. Sonra iddiaçılarla cavabdehlər aralarında olan razılaşmalara əsasən, İddiaçı1 50000 ABŞ dolları, İddiaçı2 iki mağaza üçün 100000 ABŞ dolları, İddiaçı3 sahəsi iki mağaza üçün 60000 manat, X12 iki mağaza üçün 120000 manat, X16 50000 manat, İddiaçı6 60000 manat, İddiaçı7 120000 manat pul vermişlər. Lakin, aradan keçən müddət ərzində iddiaçılar mağazaların özəlləşdirilməsi ilə maraqlandıqda həmişə onlara narahat olmamaları, vaxtında obyektlərin öz adlarına özəlləşdiriləcəyini bildirmişlər. Cavabdeh1 və Cavabdeh2 iddiaçıları mağazaların adlarına özəlləşdiriləcəyini bildirsələr də, sonradan öyrənmişlər ki, sözügedən mağazalar "xxxx" MMC-nin adına özəlləşdirilmişdir. Bundan sonra pullarını geri almaq məqsədilə cavabdehlərə dəfələrlə müraciət etsələr də, nəticəsi olmamışdır. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçılarla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında şifahi razılaşma əsasında şifahi əqd bağlanmış və bu əqdə əsasən iddiaçılar öhdəliklərini yerinə yetirərək yuxarıda qeyd edilən məbləğdə pulları cavabdehlərə vermişlər. Lakin, cavabdehlər şifahi əqdlə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Həm də iddiaçıların pullarını da qaytarmaq fikrində deyillər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8, həmçinin İddiaçı2, İddiaçı5, İddiaçı9 vəkili və nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı5, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı9 İddiaçı3 nümayəndəsi Azər Nəsirov, iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək, onların təmin olunmasını xahiş etdilər. Cavabdehlərin təmsilçiləri apellyasiya şikayətlərinə etiraz edərək, onların təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 04.02.2009-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti «28 May» metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 m2 olan və layihədə 45 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı4 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər m2 üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 24.09.2019-cu il tarixdə Bakı şəhərində bir tərəfdən 16.09.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçiləri təmsil edən X21 şəxsində və digər tərəfdən İddiaçı4 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyri-yaşayış sahəsinin 16,25 m2 hissəsini təşkil edən «45b» saylı mağazanı 01.12.2020-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 20.09.2019-cu il tarixdə Bakı şəhərində bir tərəfldən 16.09.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçiləri təmsil edən X17 şəxsində və digər tərəfdən İddiaçı10 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyri-yaşayış sahəsinin 34,1 m2 hissəsini təşkil edən «18» saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 17.01.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi İddiaçı10 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyri-yaşayış sahəsinin 34,1 m2 hissəsini təşkil edən «18» saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 28.11.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin idarə heyətinin sədri X18 icarəçi İddiaçı10 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyri-yaşayış sahəsinin 34,1 m2 hissəsini təşkil edən «18» saylı mağazanı 28.11.2021-ci il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür. 03.02.2009-cu il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru X7 icarəçi X13 arasında bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti «28 May» metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 m2 olan və layihədə 11 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı4 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər m2 üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 27.11.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin idarə heyətinin sədri X19 icarəçi X3 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyriyaşayış sahəsinin 34 m2 hissəsini təşkil edən «11» saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 04.07.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi X3 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyriyaşayış sahəsinin 34 m2 hissəsini təşkil edən «11» saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 11.07.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzovla icarəçi İddiaçı10 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən ümumi sahəsi 2854,30 m2 olan qeyri-yaşayış sahəsinin 34 m2 hissəsini təşkil edən «18» saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 05.12.2013-cü il tarixdə icarəyə verən "xxxx" MMC-nin İdarə heyətinin sədri X19 ilə icarəçi İddiaçı4 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən yeraltı piyada keçidindəki Ticarət Mərkəzindəki 34 m2 olan «45» saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 22.05.2017-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru Anar Novruzov ilə icarəçi İddiaçı4 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanında yerləşən yeraltı piyada keçidindəki Ticarət Mərkəzindəki 17 m2 olan «45B» saylı mağazanı icarəyə verməyi öhdəsinə götürmüşdür. 28.05.2011-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru X7 ilə icarəçi İddiaçı3 arasında bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti «28 May» metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 m2 olan və layihədə 35 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı3 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər m2 üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. 16.11.2000-ci il tarixli icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirinin müavini İ.Mənsimovla icarəçi «Sindibad» firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 60,4 m2 təşkil edən «Bakımetropoliteni»-nin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçini müddətli istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 23.02.1999-cu il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin 16 iyul 1998-ci il tarixli, 1081 saylı Sərəncamına əsasən Dövlət Əmlakı Komitəsinin Baş idarə rəisi vəzifəsini icra edən Ə.Məmmədov ilə icarəçi «Sindibad» firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 61,39 m2 olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 26.11.1998-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin 16 iyul 1998-ci il tarixli, 1081 saylı Sərəncamına əsasən Dövlət Əmlak Komitəsinin Baş idarəsinin rəyisi vəzifəsini icra edən Ə.Məmmədov ilə icarəçi «Sindibad» firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 61,39 m2 olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 18.01.2001-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlər Əmlakı Nazirinin müavini İ.Mənsimovla icarəçi «Sindibad» firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 60,4 m2 olan qeyriyaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 01.01.1997-ci il tarixdə icarəyə verən «Tərəqqi» Ticarət Mərkəzinin direktoru B.Həsənovla icarəçi «Sindibad» firmasının direktoru A.Nəsirov arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 54 m2 olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 25.04.2011-ci il tarixdə icarəyə verən "xxxx" MMC-nin direktoru X7 ilə icarəçi İddiaçı3 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti «28 May» metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 35 m2 olan və layihədə 35 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən İddiaçı3 icarəyə verilməsinə dair razılığa gəlinmişdir. Obyetkin icarəyə verilməsinə görə hər m2 üçün 22,8 manat hesablanaraq, aylıq 800 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul olunmuş 24.06.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın surətindən görünür ki, X14 sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun müraciəti əsasında 14.06.2017-ci il tarixli 1 saylı HK-273 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC ilə icarəçilər arasında gələcəkdə bu məsələ ilə bağlı narazılıq yarandığı halda tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 17.07.2000-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının registrı, icarəyə verilməsi və torpaq departamentinin direktoru cənab Ç.İbadovla "xxxx" X2 direktoru İddiaçı8 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 85,3 m2 olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 18.01.2001-ci il tarixdə icarəyə verən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamentinin direktoru cənab Ç.İbadovla "xxxx" X2 direktoru Y.Əfəndiyev arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri Nəsimi rayonu Cəfər Cabbarlı meydanı yeraltı keçid ünvanında yerləşən, ümumi sahəsi 43,8 m2 olan qeyri-yaşayış sahəsini ticarət məqsədilə icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 30.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədr müavini cənab X15 ilə "xxxx" MMC arasında bağlanmış icarəyə verilmiş əmlaklıarın alğısatqı müqaviləsinə əsasən, müqavilənin predmetini alıcının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı 23.04.2012-ci il tarixli, 3844 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2854,3 m2 qeyri-yaşayış sahəsi təşkil edir. Göründüyü kimi, iddiaçılar Bakı şəhəri C.Cabbarlı meydanında yeraltı keçiddə olan ticarət obyektində yerləşən ayrı-ayrı mağazalarda 1988-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Həmin mağazalar illər ərzində ayrı-ayrı qurumların balansında olmuşdur. İddiaçılar həmin təşkilatlarla ticarət obyektində yerləşən ayrı-ayrı mağazaların icarəyə götürülməsinə dair müqavilələr bağlamış və həmin müqavilələrə əsasən İddiaçı1 sahəsi 34,1 m2 olan 22 saylı, İddiaçı2 sahəsi 34,1 m2 olan 13 saylı, İddiaçı3 sahəsi 34,1 m2 olan 35 saylı, sahəsi 17,05 m2 olan 39 «a» saylı, X1 16,25 m2 olan 45 «b» saylı, X4 34,1 m2 olan 10 saylı, İddiaçı6 sahəsi 34,1 m2 olan 17 saylı, İddiaçı7 sahəsi 17 m2 olan 12 «b» saylı, sahəsi 35,2 m2 olan 23 saylı, sahəsi 34 m2 olan 51 saylı mağazalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Sonradan, 2001-ci ilin mart ayında ticarət obyektlərində təmir işlərinin aparılması adı ilə fəaliyyətləri dayandırılmış və təmir adı ilə fəaliyyətin dayandırılması 2009-cu ilin yayına qədər, yəni 8 il müddətinə davam etmişdir. Təmir işləri davam etdiyi müddət ərzində mağazalar "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçılar iddia edirlər ki, mağazalar "xxxx" MMC-nin istifadəsində olduğu müddət ərzində MMC-ni 2009-cu ildə təmsil edən Cavabdeh1 və Nəqliyyat Nazirliyini və "xxxx" MMC-ni təmsil edən Cavabdeh2 mağaza sahiblərindən fəaliyyət göstərdikləri mağazaların özəlləşdirilərək onlara verilməsini təmin etmək məqsədilə müəyyən məbləğdə pul istəmişlər. Hazırda isə onlar özəlləşdirilmə adı ilə cavabdehlər tərəfindən alındığı iddia olunan vəsaitlərin geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmənin bütün bu prosessual hərəkətləri iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçılar, cavabdehlərə icarəyə götürdükləri mağazaların onların adına özəlləşdirilməsi üçün iddia ərizəsində göstərilən məbləğlərdə pul vəsaiti ödədiklərinə dair sübut təqdim etməmişlər. Həmçinin, tərəflər arasında bu münasibətləri təsdiqləyən hər hansı bir müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8, həmçinin İddiaçı2, İddiaçı5, İddiaçı9 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(005)- 1637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1631/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1631/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver