Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1632/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 10 noyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X9 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli sovxoz ünvanında yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan 0.08 ha olan torpaq sahəsinin 0.04 ha olan hissəsini bacısı İddiaçı bağışlamış, 0.02405 ha olan hissəsi isə hədiyyə verənin mülkiyyətində qalır.
2. Daşınmaz əmlakın bağışlanma müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixli sazişə əsasən, hədiyyə verən X9 və hədiyyə alan X11 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli sovxoz ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair payların müəyyənləşdirilməsinə dair aralarında razılığa gələrək bildirirlər ki, 12 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli müqaviləyə ilə 0.04 ha torpaq sahəsi 0.0427 ha olaraq əvəz edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 saylı məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 23.0.2018-ci il tarixli çıxarış ilə X4 adına qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin bir hissəsi ilə bağlı dövlət reyestrində əməliyyatlar aparılmışdır, yerdə qalan 0.0427 ha hissəsinin qeydiyyata alınmasına dair müraciət edilməsi ilə əlaqədar məlumat aşkar edilməmişdir.
4. Abşeron rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012- ci il tarixli F-583 saylı arxiv çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxoz üzrə əmrin çıxarışından görünür ki, vətəndaşların müraciətlərini nəzərə alaraq onlara savxozun əkinə yaramayan şorlanmış, istifadəyə yaramayan torpaq sahəsində fərdi yaşayış evləri tikmək üçün 0.10 ha. torpaq sahəsi X5 ayrılıb verilməsi qərarlaşdırılmışdır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən X1 rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli F-583 saylı arxiv çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxozda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsini qanuna uyğun özəlləşdirməyi, sənədləşdirməyi və.s kimi hərəkətlərin edilməsi ilə bağlı X6 xx.xx.2062-ci il tarixədək etibarnamə vermişdir.
6. xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən X2 Rahib Rəhim oğluna Abşeron rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.1012-ci il tarixli F-853 saylı Arxiv Çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxozda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinin 0.02 ha. ibarət hissəsini özəlləşdirməyə, sənədləşdirməyə və s. harəkətləri etməyi etibar etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz tikilmiş tövlənin sökülməsi və həmin tövlədən çıxan çirkab və yararsız tullantıların (otların) ona məxsus olan Bakı şəhəri, Sabunçu Rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2 Zülfü Adgözəlov döngə 2 ünvanında yerləşən evin qarşısına toplayaraq yandırılması, nəticədə ətraf əraziyə (o cümlədən evinə) pis qoxunu yayılması kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiada göstərilir ki, iddiaçı ailə üzvləri ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Zülfü Adgözəlov döngə 2-də yerləşən 4,5 sot torpaq sahəsi üzərində ev tikərək yaşayır. Qeyd edilən daşınmaz əmlak çıxarış əsasında bağışlama müqaviləsi əsasında ona məxsusdur. Onunla hasar qonşuluğunda yaşayan cavabdeh 1,5 sot torpaq sahəsi üzərində qanunsuz tövlə tikərək iri və xırda buynuzlu heyvanları həmin tövlədə saxlayır. Evinin pəncərəsi qarşısında tövlədən çıxan yararsız otları və digər tullantıları yandıraraq tüstüsünü onun evinə verir. Buda ona və ailə üzvlərinə öz mülkündə normal yaşamağına imkan vermir. Cavabdehin bu qanunsuz hərəkətlərindən dəfələrlə hüquq mühafizə orqanlarına, Sabunçu rayon Gigeyina və Epidemiologiya Mərkəzinə müraciət etmiş, lakin onun bu qanuna zidd və özbaşına hərəkətlərinin qarşısı alınmamışdır. Bugündə qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehin əmələrinə hüquqi qiymət verilməmiş, hər dəfədə aldığı cavab məktublarında ona bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Mülkiyyəçi kimi Azərbaycan Respublikası Konistusiyasının 13 və 29-cu maddələrində nəzərdə tutulan huqüqları pozulur, bu hüquqlarına təminat verilmir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evinin zaboruna bitişik hissədə tikilmiş tövlənin sökülməsi və Cavabdeh İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin qarşısında tullantıların yandırılması qadağan edilmiş və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli sovxoz ünvanında yerləşən torpaq sahəsinin 0.0427 ha olan hissəsi xx.xx.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsi və ona olan xx.xx.2019-ci il tarixdə edilmiş dəyişiklik əsasında İddiaçı qanun istifadəsindədir. İşin mübahisə olunmayan hissəsi isə ondan ibarətdir ki, Cavabdeh Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli sovxoz ünvanında iddiaçının istifadəsində olan 0.0427 ha torpaq sahəsinin qonşuluğundakı ərazidə yaşayır və məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindəki iddiaçıya məxsus evinə bir metr məsafəsində iddiaçıya məxsus zabora bitişik tövlə tikərək həmin tövlədə iribuynuzlu heyvan saxlayaraq iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsinin xassəsinə uyğun olaraq istifadə etməsinə maneə yaradır. Belə ki, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan da görünür ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqlarına aiddir. Belə olan halda, cavabdeh iddiaçıya aid olan torpaq sahəsinin zaborunun qarşısında tikmiş olduğu tövlə və həmin tövlədən çıxan zibillərin zaborun qarşısında yandırması iddiaçının öz qanuni istifadəsində olan torpaqdan təyinatı üzrə maneəsiz istifadə etmək hüququndan məhrum etmək ilə yanaşı, cavabdeh Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşuluq üzrə üzərinə düşən vəzifələrini yerinə yetirməməsinə əsas olmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin baxılmamış saxlanılmasını xahiş edərək şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı iddia edir ki, güya onun evinin pəncərəsinin qarşısında tövlədən çıxan tullantıları yandırır və bu zaman yaranan tüstü onun evinə dolur. Heç vaxt iddiaçının evinə yaxın məsafədə tullantı yandırmamışdır. Bu faktı sübut etmək üçün onun həyətinə nəzər salmaq kifayətdir. Çünki, həmin ərazidə tullantı yandırmaq üçün nə yer var, nədə şərait yoxdur. Öz həyətində tikdirdiyi tövlə ona məxsusdur və ona sahiblik edir. Tövlə qanunsuz tikili olsa da, lakin onun mülkiyyəti sayılır və sökülməsi mülkiyyətçi kimi hüquqlarının qanunsuz pozulmasına səbəb olur. Göründüyü kimi iddiaçı heç bir hüquqi əsas olmadan ona qarşı bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şəkər xəstəliyindən əziyyət çəkdiyinə, şəkərinin qəfil yüksəlməsi səbəbindən iştirak edə bilmədi. Məhkəmə də, məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclasını təxirə salmamışdır. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, işə birtərəfli yanaşmışdır. İşə baxarkən iddiaçının iddia tələbində qeyd etdiyi sözlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən iddia edilən tələblər barədə heç bir sübut təqdim edilməmiş, məhkəmə işə baxarkən qanunvericiliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, işin hallarına obyektiv qiymət vermədən, işə birtərəfli qaydada baxaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Əks halda məhkəmə ən azından tikililərə yerli baxış keçirərdi və yaxud da tikililərin yerləşmə vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin edərdi. Sabunçu Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara, uyğun qətnamə qət etməmişdir. Çünki, həyətində tikdirdiyi tövlənin real yerləşmə vəziyyəti İddiaçı evindən kifayət qədər aralıdır. Həmçinin qonşu divarından əlavə tövlə üçün hündürlüyü 3 metr olan divar hördürmüş, yəni tövlənin divarı ayrıdır, iddiaçı ilə həyət divarı isə ayrı. Göründüyü kimi bu hallara düzgün hüquqi qiymət verilmədən, iş araşdırılmadan, məhkəmə əsassız iddianı təmin etməklə nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddianın qismən edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tikilinin(tövlənin) sökülməsi hissəsində düzgün olmamışdır.
22. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iri və xırda buynuzlu heyvanların saxlanılması ilə bağlı maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini mübahisələndirilən hissədə pozmuş, bu hissədə düzgün nəticəyə gəlməmişdir.
23. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları olduğu kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. 24.Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Düzdü, iddia tələbininin birinci hissəsi cavabdeh tərəfindən qanunsuz tikilmiş tövlənin sökülməsi kimi qeyd olunmuşdur. Lakin iddiaçının əslində istəyi və niyyəti cavabdehə onun evinə bitişik inşa etdiyi tövlədə(tikilidə) iri və xırda buynuzlu heyvanların saxlanılmasını qadağan etmək olmuşdur. Bu istəyini iddiaçı apellyasiya baxışında verdiyi izahatında da müdafiə etdi. Demək, əslində iddiaçının niyyəti əvvəlcədən də cavabdehə onun evinə bitişik inşa etdiyi tövlədə(tikilidə) iri və xırda buynuzlu heyvanların saxlanılmasını qadağan etmək olmuşdur. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, cavabdehə məxsus tövlə tikilisinin təyinatı istənilən vaxt dəyişdirilərək yaşayış və qeyri-yaşayış sahəsi kimi də istifadə oluna bilər. İddiaçı hüquq mühafizə orqanlarına yazdığı şikayət ərizəsində də tikilidən tövlə kimi istifadə olunmasının qadağan edilməsini xahiş etmişdir.
25. Bununla əlaqədar, mülki iş apellyasiya icraatında olarkən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və X13 Xidmətinə həvalə edilərək konkret suallar qoyulmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 3-44/1-1762/2023 saylı, 13 mart 2023-cü il tarixli rəyində qeyd edilir ki; 1-ci suala cavab: ünvan 6 ünvanında Cavabdeh məxsus tövlə ümumi sahəsi 60 m2 olmaqla yeraltı suların yaxın olmadığı yerdə tikilmiş və ətrafı hasarlanmışdır. Tövlədə 4 baş iribuynuzlu Holşteyn cinsi olan südlük inək və 3 baş buzov saxlanılmaqdadır. Heyvanların sağlam və gümrah olması, onlardan yaxşı çəki artımı, keyfiyyətli ət, süd məhsulları əldə edilməsi məqsədilə, tövlədə 1 ədəd ventilyator vasitəsilə havalandırma aparılır. Tövlənin divarları əhənglənmiş (ağardılmış) daş materialdan, tavanı taxta, döşəməsi isə beton materialdan işlənmişdir. İşıqlandırma sistemi süni 4 ədəd lampa və təbii 3 ədəd pəncərə vasitəsilə aparılır. Heyvanlar keyfiyyətli yemlərlə və içməli su ilə təmin edilir. Heyvanlar həddindən artıq istismar edilmir, ətraf mühitin çirklənməsinə yol verilmir, ifrazat məhsulları və peyin kütləsi kanalizasiya sistemi vasitəsilə şamboya axıdılır. 2023-cü ilin epizootik tədbirlər planına uyğun olaraq aparılmış proflaktik tədbirlər tam icra olunmuşdur. Qeyd olunan ərazidə heyvanların kəsimi həyata keçirilmir. Eyni zamanda tövlədə və ətraf ərazidə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması haqqında akt təqdim olunmadı. 2-ci suala cavab: Cavabdeh məxsus heyvandarlıq təsərrüfatı Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi,Sovxoz-2, Zülfü Adıgözəlov döngə-2 ünvanında (ünvan şərtidir) fərdi yaşayış evində yaşayan İddiaçı yaşadığı evə təqribən 2 metr məsafadə yerləşir. Bu səbəbdən də qonşunun həyətində iy-qoxu, səs-küy və havanın tempuraturundan aslı olaraq həşəratların olması halları müşahidə edilə bilər. Hazırda təsərrüfata baxış zamanı qeyd olunan hallar müşahidə edilməmişdir. 3-cü suala cavab:X16 məxsus tövlənin daxili-çöl divarları suvanaraq ağardılmalıdır. Tövlənin döşəməsində peyin kütlələri mütəmadi olaraq təmizlənməlidir. Ərazidə yarana biləcək tullantılar ağzı kip bağlanan və qoxu yaymayan paketlərdə (və ya qablarda) toplanmalıdır. Tövlədə və tövlənin ətrafında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır. 4-cü suala cavab: ünvan 6 ünvanında Cavabdeh məxsus tövlədə və tövlənin ətrafında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalı və müvafiq tədbirlərin görülməsi ilə bağlı aktların nüsxələrinin saxlanması tövsiyə olunur.
26. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin 28 aprel 2023-cü il tarixli məktubunda isə Aqrar Xidmətlər Agentliyinin tabeliyində X13 xidmətinin mövcud olmadığı, X13 xidmətinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 01 may 2018-ci il tarixli 28 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verildiyi, məsələ ilə əlaqədar AQTA-ya müraciət etməyin məqsədəuyğun olduğu göstərilmişdir.
27. Bundan əlavə, işdə olan (bax.i.v.47) X3 Bakı Regional Bölməsinin 17 noyabr 2022ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda adıçəkilən ünvanda ev heyvanlarının saxlanılması zamanı baytarlıq haqqında qanunvericiliyin tələblərinin pozulduğu, heyvan saxlayan şəxs tərəfindən ətraf ərazinin peyin tullantılarından təmizlənmədiyi və yığılmış peyin kütləsinin müvafiq qaydada zərərsizləşdirilmədiyi, binanın içi, ətrafı vaxtaşırı təmizlənmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmadığı, eyni zamanda heyvanlar arasında müxtəlif növ yolxucu xəstəliklərə qarşı peyvəndləmə işlərinin həyata keçirilmədiyi, sözügedən məsələ ilə əlaqədar qeyd olunan ünvanda “Baytarlıq haqqında” Qanunun 19.0.1-ci maddəsinin və Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarının 2.14-cü bəndlərinin tələblərinin pozulması hallarının müəyyən edildiyi, Cavabdeh heyvanların saxlanması ilə bağlı yol verilən pozuntuların aradan qaldırılması üçün məktub göndərildiyi və icrası məcburi olan göstərişlər verildiyi qeyd olunmuşdur.
28. Göründüyü kimi, “Baytarlıq haqqında” Qanunun 19.0.1-ci maddəsində nəzərdə tutulan heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıqsanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək heyvan saxlayan fiziki şəxs kimi cavabdehin vəzifəsi olmuş, eləcə də Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarının 2.14-cü bəndinə əsasən heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki şəxs kimi ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməli olduğu halda buna əməl etməmişdir. Nəticədə iddiaçının yaşadığı evdə hüquqları açıq-aşkar pozulmuşdur.
29. Beləliklə, cavabdehə məxsus heyvandarlıq təsərrüfatının Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi,Sovxoz-2, Zülfü Adıgözəlov döngə-2 ünvanında (ünvan şərtidir) fərdi yaşayış evində yaşayan iddiaçının yaşadığı evə təqribən 2 metr məsafadə yerləşdyi yuxarıda qeyd olunan rəylə də təsdiq olunmuşdur. Bu səbəbdən də iddiaçının yaşadığı evə demək olar ki, bitişik(2 metr məsafədə) cavabdehə məxsus tikilidə(tövlədə) iribuynuzlu heyvanların saxlanılması nəticəsində onun həyətində ağır iy-qoxunun, səs-küyün və havanın tempuraturundan aslı olaraq həşəratların olması və normal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmazdır və bu hallar da istər-istəməz iddiaçının normal yaşamasına maneə olmaya və hüquqlarını pozmaya bilməz. Məhz qeyd olunan səbəblərə görə əslində iddiaçının niyyəti əvvəlcədən də cavabdehə onun evinə bitişik inşa etdiyi tövlədə(tikilidə) iri və xırda buynuzlu heyvanların saxlanılmasını qadağan etməyə nail olmaq olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehə məxsus tövlənin sökülməsini qət etməklə əslində nə iddiaçının, nədə cavabdehin mənafeyinə uyğun olmayan bir nəticəyə gəlmişdir. Çünki, cavabdehə məxsus tövlə tikilisi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək yaşayış və qeyri-yaşayış sahəsi kimi də istifadə oluna bilər. Başqa sözlə, bu tikilinin inşa olunması üçün həm də pul vəsaiti xərclənmişdir. Tövlə kimi istifadə olunaraq orada heyvan saxlanılmasaydı yəqin ki, iddiaçının belə bir iddiası da olmazdı. Eyni zamanda tövlə tikilisi sökülsə belə iddiaçının hüquqlarının pozulması davam edə bilər, yəni heyvanlar yaz, yay və payız aylarında açıq hava şəraitində cavabdehin istifadəsində olan açıq sahədə də saxlanıla bilər. Deməli, iddiaçının həqiqətən də məqsədi cavabdehə məxsus hansısa tikilinin, o cümlədən də tövlə kimi istifadə olunan tikilinin sökülməsinə nail olmaq deyil, orada iri və xırda buynuzlu heyvanların saxlanılması nəticəsində səs-küyün, ağır qoxunun və digər mənfi qanunsuz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur. Qeyd olunduğu kimi, iddiaçı hüquq mühafizə orqanlarına yazdığı şikayət ərizəsində də tikilidən tövlə kimi istifadə olunmasının qadağan edilməsini xahiş etmişdir. Deməli, yaşayış məqsədilə istifadə edilən fərdi yaşayış evlərinə bitişik ərazilərdə iri və xırda buynuzlu heyvanların saxlanılması həm də ekoloji cəhətdən yolverilməzdir.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evinin zaboruna bitişik hissədə tikilmiş tövlənin sökülsün” hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh həmin tikilidə və həyətində iri və xırda buynuzlu heyvanların saxlanılması qadağan edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evinin zaboruna bitişik hissədə tikilmiş tövlənin sökülsün” hissəsində ləğv edilsini, həmin hissədə iddia qismən təmin edilsin, Cavabdeh istifadəsində olan həmin tikilidə və həyətində iri və xırda buynuzlu heyvanların saxlanılması qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxzlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.