Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1636/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və s.tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 01 iyul 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə 20.01.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 1 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)- 307/21) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər, Q.Əsgərov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)- 7416/21) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xələfov, iş № 2(102)-5723/21) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli qətnaməsi qismən - gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 20.01.2010-cu ildə Badamdar qəsəbəsindəki Cavabdeh adı ilə fəaliyyət göstərən supermarket şəbəkəsində satıcı kimi əmək müqaviləsi bağlayaraq işə başlamış, fasiləsiz olaraq 01.07.2020-ci ilə kimi Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra 01.08.2013-cü il tarixdən 18.06.2016-cı il tarixədək ”Bizim Market” MMC-də inzibatçı menecer marketinq üzrə mütəxəssis, 19.11.2016-ci il tarixdən 01.07.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi vəzifəsində işləmişdir İddiaçı və digər işçilər işini davam etdirərək “Meyvəli Bazar”-da gündəlik saat 18:00-dan səhər saat 08:00-a kimi iş yerində olmuşlar.İddiaçı 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvə-tərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Halbuki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. İddiaçı 10.06.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 19.06.2020-ci il tarixində İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsiylə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. İddiaçı 17.06.2020-ci il tarixindən 30.06.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək fəaliyyətinin olmamasina dair sənədi var. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, 12.06.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun 11.06.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqramın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. O, 11.06.2020-ci il tarixində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyilə bağlı heç bir akt tərtib olunmamışdır. Cavabdeh MMC-də işlədiyi 10 il ərzində heç vaxt xəbərdarliq və ya töhmət almamışdır. Satıcı kimi əmək fəaliyyəti dövründə işinə məsuliyyətlə yanaşdığına görə vəzifələrə təyin olunmuşdur, nümunəvi işçi kimi “Bizim Market" MMC-nin Badamdar qəsəbəsindəki supermarketə müdir təyin olunmuşdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Cavabdeh MMC ilə işçi İddiaçı ilə arasında əmək münasibətlərinin əsası 18 iyun 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. 20.01.2010cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMFyə 20.01.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə Cavabdeh MMC cavabdeh deyildir. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə iddia müddətinin ötürüldüyünü bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əmək haqqı, istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin 16.02.2022-ci il tarixli məhkəmə iclasında izahat verərkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməmiş və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə ilkin apellyasiya baxışı zamanı tam yoxlanılmış, kassasiya qaydasında isə yalnız gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, digər hissələrdə qüvvədə saxlanılmışdır. Bu səbəbdən də hazırkı məhkəmə baxışının həddini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçı gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvətərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. Cavabdeh tərəf bu hissəyə münasibətdə iddianı qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçı sentyabr 2016-cı ildən 01.07.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin ödənilməsi hissəsində iddia müddətini ötürdyündən həmin hissədə iddia rədd olunmalıdır. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. İddiaçı pozulmuş hüququnun müdafiəsi üçün əvvəlcə X3 Xidmətinə müraciət etsə də, İddiaçı Cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar X3 Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2021-ci il tarixədək dayandırıldığından X3 Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparılması mümkün olmamışdır. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər (V.Abbasov, A.Heybətzadə, S.Əliyev) öz ifadələrində iddiaçının gecə saatlarında işə cəlb edildiyini və səhər saat 06:00-a qədər çalışdığını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iddiaçının 01.09.2016-cı il tarixdən 01.07.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim olunmadığını əsas gətirərək iddianı həmin hissədə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya məhkəməsi bununla razılaşmamışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar. Bu hallar isə həmin tələbə münasibətdə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Lakin iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildiiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki kompyuter çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları X4, X2 və X5 bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda kompyuter proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Sonuncu apellyasiya baxışı zamanı iddiaçıya 01.09.2016-cı ildən 01.07.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2022-ci il tarixli rəyi ilə iddiaçıya 01.09.2016-cı ildən 01.07.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 54318,5 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən rəy verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97, 166-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarı rəhbər tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Həmin Məcəllənin 166-cı maddəsinin birinci hissəsinə görə gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Hazırkı işdə iddiaçı işəgötürənin 01 iyul 2020-ci il tarixli əmri ilə işdən azad edilmiş və o, 2020-ci ilin elə həmin ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırkı apellyasiya baxışının predmeti olan hissədə tələbi 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün (yəni, 3 il 10 ay) meyvə-tərəvəz məhsullarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatlarında işə görə əlavələrin hesablanması və ödənilməsi barədədir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılmış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz. Ekspert rəyindən göründüyü kimi, 2019-cu ilin iyul ayından 2020-ci ilin iyul ayına qədər olan bir illik müddət ərzində gecə vaxtı yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 26.954,36 manat (iyirmi altı min doqquz yüz əlli dörd manat, 36 qəpik) təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin olunmalı və 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatlarında işə görə 26.954,36 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi qismən gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları yerinə yetirilən işə görə əlavə haqq kimi 26.954,36 manat (iyirmi altı min doqquz yüz əlli dörd manat, 36 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1636/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1636/2022
08.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver