Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1636/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma, məcburetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (həyat yoldaşı) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi, ev 3, 62 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi, 117, M9, m1) İddiaçı məxsus olmuş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 50 000 (əlli min) manata Cavabdeh satılmış, xx.xx.2021-ci il tarixdə mənzil sonuncunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
2. Mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı Cavabdeh tərəfindən İddiaçı əlavə olaraq 10 000 manat da verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qardaşları X4 və X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-49-cu məhəllədə yerləşən 3 saylı evin 62-ci mənzilində yaşamış, qardaşlarının təsiri və təzyiqi nəticəsində mülkiyyətində olan həmin evi 67 000 manata satmaq barədə bir nəfərlə razılaşmış, hətta həmin şəxs ona beh də vermişdir. Evi almaq istəyən həmin şəxsin xırda bir problemi olduğu üçün evin sənədləşdirilməsinin qısa müddətə təxirə salınmasını xahiş etmiş, bundan sonra qardaşlarının təsiri və təzyiqi nəticəsində evi birinci müştəri ilə razılaşdığı qiymətə deyil, hazırkı cavabdehə 60 500 manata satmağa məcbur olmuşdur. xx.xx.2021ci il tarixdə mənzilini Cavabdeh 50 000 manata satması barədə notarial müqavilə bağlanmış, əlavə olaraq ona 10 000 manat da verilmişdir. Mənzilin alqı-satqısından sonra peşiman olmuşdur və bu gün də həmin peşmançılığı keçirir. Hazırda mənzilə çəkilmiş xərcin geri qaytarılmasına da etiraz etmir.
5. Cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs mənzilin alqı-satqısından öncə İddiaçı tanımamış, ev almaq niyyətilə müxtəlif üsullarla (elan saytları, vasitəçilər) axtarış edərkən bir vasitəçinin aracılığı ilə sözügedən evi tapmış, evə baxış keçirmiş, qiymət barədə razılığa gəlmişlər. Əslində sözügedən mənzilin alınması üçün satıcıya cavabdeh tərəfindən faktiki olaraq 60 500 manat vəsait ödənilmişdir. Belə ki, satıcı əvvəlcədən 10 000 manatın ona müqavilədənkənar ödənilməsini xahiş etmiş, bu xahişi nəzərə alaraq cavabdeh vasitəçinin, həyat yoldaşının atasının da iştirakı ilə müqavilə imzalanmadan öncə 10 000 manatı İddiaçı xx.xx.2021-ci il tarixdə şəxsən təqdim etmiş, müqavilə imzalandıqdan sonra isə 50 000 manat ödənişi həyata keçirmişdir. Daha sonra isə iddiaçının və digər şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxmaları prosesində də əlavə olaraq 500 manat vəsait ödəmişdir. Belə ki, həmin mənzil üzrə İddiaçı aid kommunal borclar olduğundan, onun xahişi ilə qeydiyyatdan çıxma prosesinin tezləşdirilməsinə dəstək olmaq üçün 500 manat vəsaiti iddiaçıya 09 sentyabr 2021-ci il tarixdə ödəmişdir. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra, müvafiq olaraq yeni mülkiyyətçi kimi sözügedən mənzilə dair cavabdeh öz adına 18 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Evin alqı-satqısı zamanı olan bütün dövr ərzində İddiaçı ilə cavabdehin arasında məbləğlə və digər mövzularla bağlı heç bir anlaşılmazlıq olmamışdır. Hansı məbləğə razılaşmışdıqsa, o məbləği də ödəniş etmiş, hətta sonradan əlavə də ödəniş etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi peşmançılıq duyğusunun heç bir hüquqi əsası yoxdur. Müqavilənin alıcı tərəfi olaraq, satıcıya heç bir təsir və təzyiq etmədiyi aşkardır. Müqavilə tərəfləri olaraq, müqavilə ilə razılaşdırdıqları tələbləri hər ikisi könüllü şəkildə notariusda rəsmiləşdirmiş və icra etmişlər. Hesab edir ki, iddia ərizəsində Mülki Məcəllənin 390.3, 329.1-ci maddələrinə olan istinadların da hüquqi əsası yoxdur. Belə ki, müqavilə imzalanarkən, satıcı mənzilin satışı üçün ona ödənilməli məbləği şəxsən cavabdehə elan etmiş və cavabdeh də alıcı olaraq iddiaçının tələbini qəbul edib, ödənişi icra etmişdir. Bundan başqa, alqı-satqı müqaviləsi rəsmi olaraq imzalanarkən notarius da imza prosesində müqavilənin şərtlərini, mahiyyətini hər iki tərəfə bir daha izah etmiş, şifahi razılığını aldıqdan sonra imzalarla bu razılığı rəsmiləşdirmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı anlaqlıdır, həmin əqdi notariat orqanında şəxsən özü imzalayarkən öz iradə ifadəsini bildirmiş, daşınmaz əmlakın tərəflər arasında razılaşdırılmış dəyərini almış və bir ildən sonra həmin əmlakı ucuz satması ilə bağlı mübahisə qaldırmışdır. Müqavilənin bağlanmasında hər iki tərəf iştirak etmiş, onların iradə ifadəsi mövcud olmuş və əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Əmlakın daha ucuz satılması müqavilənin etibarsız hesab olunması üçün əsas ola bilməz.
8. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337ci, 339-cu, 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarlarına istinad etmişdir.
9. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, Mülki Məcəllənin 337-ci və 339-cu maddələrinin tələblərini pozduğunu, vəsatətlərini əsassız olaraq təmin etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, evin 60 000 manata satılmasına baxmayaraq alqı-satqı müqaviləsində qiymətin 50 000 manat göstərilməsini, yəni müqavilənin rəsmiləşdirilməsi zamanı pozuntuya yol verildiyini nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
10. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
12. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
17. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
18. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
19. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
20. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
21. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
22. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
36. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
37. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
38. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, qardaşlarının təsiri və təzyiqi nəticəsində mülkiyyətində olan evi 67 000 manata satmaq barədə bir nəfərlə razılaşmış, lakin evi almaq istəyən həmin şəxs evin sənədləşdirilməsini gecikdirdiyi üçün evi onunla razılaşdığı qiymətə deyil, cavabdehə 60 500 manata satmağa məcbur olmuş, beləliklə həm də aldadılmışdır.
39. Kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
40. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 14) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
41. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
42. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 15-18) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
43. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
44. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
45. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
46. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
47. İddiaçının bilavasitə özünün bildirdiklərinə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir.
48. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olduğu ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir.
49. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.
50. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.
51. İşin hallarından görünür ki, iddiaçı sözügedən halları ümumiyyətlə sübuta yetirə bilməmişdir.
52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi iddiaçının azadlığı olmuşdur və onun, həmin müqaviləni məcburetmə (hədə-qorxu) ilə bağladığı qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4670/2022 saylı iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə