Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1637/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqdə müddətin keçməsinin təsiri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2412/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 ** TP *** markalı, “Mercedes Benz ML 350” minik markalı avtomobilini 20.000 manata satmışdır.
2. Baş Dövlət Yol Polisi İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-92774- /222 nömrəli məktubda göstərilib ki, “Skoda Fabia” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmiş, həmçinin “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.
3. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-xx-xx/260464/2024 nömrəli məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına xx.xx.2014cü il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmişdir, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək nəqliyyət vaistəsini istifadə etmə hüququna dair Cavabdeh2 adına etibarnamə verilmişdir.
4. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-xx-xx/260464/2024 nömrəli məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2020-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2031ci il tarixədək nəqliyyət vaistəsini istifadə etmə hüququna dair Cavabdeh1 adına etibarnamə verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-88/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, “Kristal-5” firmasına Cavabdeh1 ½ hissədə, İddiaçı ½ hissədə payının müəyyən olunması, ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Mercedes ML 350“ minik markalı, buraxılış ili 2011-ci il olan, ağ rəngli ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 19725 manat vəsaitin ½ hissədə (9.862.50 manat) İddiaçı, ½ hissədə (9862.50 manat) Cavabdeh1 paylarının müəyyən olunması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatının X1, 25 manatının İddiaçı, 240 manat dövlət rüsumunun 120 manatının Cavabdeh1, 120 manatının İddiaçı aid edilməsi qət edilmişdir.
6. e-2(008)-2412/2024 nömrəli mülki işin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir.
7. Elektron Məhkəmə İnformasiya sistemdən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3000/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında “MERCEDES BENZ ML350” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.
9. İddiada göstərilib ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-609/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında 04 oktyabr 1990-cı il tarixdə Naxçıvan şəhər Nikah evində 269 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, onun cavabdehlə ailə münasibəti 2020-ci ilin mart ayında pozulmuş, həmin vaxtdan Naxçıvana getmişdir. Onun Naxçıvanda olmağından istifadə edən cavabdeh birgə nikah dövründə əldə etdiyi “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında öz adından qeydiyyatdan çıxararaq digər oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu faktı Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 2-4498/2024 saylı cavab məktubunun məzmunu təsdiq edir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi qeyd edilən avtomobili ona pay düşməməsi üçün qəsdən öz adından çıxararaq oğlunun adına rəsmiləşdirmişdir. Avtomobil oğlunun adına sənədləşdirilərkən onların nikahı qüvvədə olsa da, artıq ailə münasibətləri pozulmuş, birgə təsərrüfat aparmır və onun bu sənədləşdirmədən xəbəri, məlumatı, eləcə də razılığı olmamışdır. Bu barədə yuxarıda qeyd edilən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 2- 4498/2024 saylı cavab məktubunu əldə edəndən sonra bilmiş və buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh1 “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə alqısatqı müqaviləsi əsasında öz adından qeydiyyatdan çıxararaq digər oğlu Cavabdeh2 adına rəsmiləşdirdikdən sonra avtomobil yenə də onun istifadəsində qalmışdır. Sözügedən məktuba qeyd edilən avtomobilə dair əlavə edilmiş kompüter çıxarışından görünür ki, avtomobili xx.xx.2020-ci il tarixdən sonra Cavabdeh2 adına rəsmiləşdiriləndən sonra Cavabdeh1 həmin tarixdən xx.xx.2021-ci il tarixə, daha sonra isə xx.xx.2021-ci il tarixdən isə xx.xx.2031-ciil tarixə kimi nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə vermişdir. Sözügedən məktubdan daha sonra görünür ki, Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh1 adında xx.xx.2014-cü il tarixdən “MERCEDES ML350” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Bu avtomobilə dair əlavə edilmiş kompüter çıxarışından da görünür ki, Cavabdeh1 həmin avtomaşını idarə etmək üçün Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə vermişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasındakı xx.xx.2020-ci il tarixli müqavilə formal olaraq görüntü üçün bağlanmışdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2412/2024 saylı, 26 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında “Mercedes Benz ML 350” minik markalı **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsinə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onlar birgə nikahda olduğu dövürdə “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında faktiki nikah münasibətləri 2020-ci ilin mart ayından pozulmuş, iddiaçı xx.xx.2020-ci il tarixdə nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi vermişdir. Məhz bundan sonra Cavabdeh1 mülkiyyətində olan avtomobilin alqı-satqı müqaviləsi ilə öz adından çıxardaraq oğlu mülki iş üzrə digər Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Lakin məhkəmə iclasında Cavabdeh1 vermiş olduğu izahatından da görünür ki, mübahisə predmeti olan avtomobil faktiki olaraq əvvəl gündən digər Cavabdeh2 istifadəsində olmuşdur. Beləliklə, mübahisə predmeti olan avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş olduğundan, iddiaçı ilə cavabdehin arasında faktiki nikah münasibətləri pozulduqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsündən boyun qaçırmaq üçün sözügedən avtomobili hüquqi nəticə yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün oğlunun adına keçirmək məqsədi ilə uydurma əqd bağlanmışdır. Qanunvericiliyin mənasından da görünür ki, uydurma əqd bağlandığı anadn əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməlidir Bundan başqa cavabdeh məhkəmədə izahat verərkən hazırki mülki iş üzrə əqdin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş müddətin ötmüş olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etməsi tələbinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti olduğundan və cavabdeh tərəflərin iddia müddətinin tətbiqinə dair ərizəsi müvcud olmadığından iddia tələbi müddət tətbiq edilməklə rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqə dair ərizə yükləmiş olsada, qeyd edilən ərizənin məzmunundan da məlum olur ki, sözügedən ərizə hazırki işlə əlaqədar deyil, məhkəmənin icraatında olmuş İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş ilə bağlıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, birinci instansiya məhkəməsinin 2020-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmasına dair mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, cavabdehlər arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən o, satış predmeti olan avtomobili alıcı Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alqı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). Bundan başqa, birinci instansiya məhkəməsində tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunaraq, iddiaçının Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməsi səbəbindən iddianın rədd olunması xahiş olunmuşdur. İddiaçının Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-92774-/222 nömrəli məktubundan xəbərsiz olmasını iddia etmək sadəcə absurddur və heç bir normal məntiqə sığmır. Belə ki, “Skoda Fabia”minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2019-cu iltarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilməsi, o cümlədən “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilməni təsdiq edən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-92774-/222 nömrəli məktubun surətini bundan əvvəl xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinə 2(007)-88/2023 nömrəli mülki iş üzrə verdiyi Q-3088 qeydiyyat nömrəli etiraz ərizəsinə qoşma ilə təqdim edib (əlavə olunur). Nizami Rayon Məhkəməsinin 2(007)-88/2023 nömrəli iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qərarın 8-ci səhifəsinin 6-cı abzasında Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edilmişdir. Həmin məhkəmə qərarında “Skoda Fabia” minik markalı, **-SJ-***dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilməsi və satılaraq ailənin ehtiyacların xərclənməsinə görə İddiaçı qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməmişdir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçı tərəfi işin məhkəmə tərəfindən araşdırılması zamanı “Mercedes Benz ML350” markalı, **-TP-*** nömrəli avtomobilin özgəninkiləşdirilməsindən artıq 2022-ci ilin sentyabr ayından məlumatlı olmuşdur. Halbuki, avtomobilin satılması nəticəsindən əldə olunmuş pulu o, evinə, ailəsinə, o cümlədən keçmiş həyat yoldaşına xərcləyib. Avtomobil isə alqısatqıdan sonra idarə etmək hüququ ona verilməsinə baxmayaraq faktiki olaraq onun istifadəsində olmayıb və bu barədə qeyd etdiyi şəkildə də məhkəmədə səsləndirib, lakin məhkəmə tərəfindən onun sözləri təhrif olunmaqla qətnamədə öz əksini tapmışdır. Onun təqdim etdiyi iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü tarixli ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir (əlavə olunur). Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı əsaslandığı arqument, yəni guya iddiaçının hüquqlarının pozulduğunu gec aşkarlaması barədə mövqeyi, o cümlədən ərizənin təqdim olunmaması fikri tamamilə absurddur və işin hallarına uyğun deyildir. İddiaçı tələbini məhkəməyə xx.xx.2022-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı alqı-satqı müqaviləsinin qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
29. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Avtomobilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanması apellyasiya baxışı zamanı cavabdehin verdiyi məlumatlarla da təsdiq olundu.
30. Belə ki, müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilənin predmeti olan avtomobilin alıcısı kimi göstərilmiş Cavabdeh2 mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqd Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə doğurmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən bu müqavilə görünüş üçün bağlanan uydurma əqd hesab olunur. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd çox vaxt hüquqazidd xarakter daşıyır. Müqavilənin əhəmiyyətsiz əqd olduğunu iddiaçı iddia edir. “Müqavilə tərəfi” olan şəxslər isə həmin müqaviləni hansısa formada mübahisələndirməyiblər. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək.
31. Qeyd olunduğu kimi apellyasiya baxışı zamanı da cavabdehin izahatından bəlli oldu ki, əslində mübahisə predmeti olan avtomobili digər cavabdeh olan oğluna satmaq niyyəti olmayıb, avtomobil taksi fəaliyyəti üçün oğlunun adına keçirilmiş, yol polisində “belə məsləhət gördükləri” üçün alqı-satqı formasında rəsmiləşib, avtomobil həqiqətən iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş, avtomobildən özü və oğlu da istifadə edir. Göründüyü kimi, bu hallar da alıqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını açıq-aşkar bir daha təsdiq edir. 32.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında qeyd olunduğu kimi,.. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər müddətin keçib-keçməməsindən asılı olmayaraq özü-özlüyündə etibarsız əqdlər sayılır. Başqa sözlə, əhəmiyyətsiz əqdlər müddətin keçməsinə görə dönüb avtomatik olaraq əhəmiyyətli hala gəlmir. Ona görə də hansısa maddəddə, o cümlədən Mülki Məcəllənin 354.1-ci maddədə nəzərdə tutulan müddətin keçib-keçməməsinin hazırkı iddiaya heç bir təsiri ola bilməz. Yəni, iddiaçının etibarsızlığını tələb etdiyi müqavilə əhəmiyyətsiz əqd olduğundan, əhəmiyyətsiz əqdin təsbiti iddiasının irəli sürülməsi heç bir müddətə tabe deyil. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinin hazırkı işə aid olmadığı, eləcə də iddia müddəti ilə bağlı lazımsız və düzgün olmayan hüquqi dəyərləndirmə aparmışdır. Belə çıxır ki, ərizənin hazırkı işə aid olduğu qənaətinə gəlsə idi, iddia müddətini tətbiq edərək iddianı rədd etməli olacaqdı. Bu isə əlbətdə ki, düzgün nəticə olmayacaqdı. Ancaq nə qədər ki, iş üzrə iddianın təmin edilməsinə dair çıxarılmış qətnamə mahiyyəti üzrə düzgündür, məhkəmə tərkibi formal əsaslara görə qətnamənin ləğv edilməsinə lüzum görmür.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2412/2024 saylı, 26 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2412/2024 saylı, 26 iyul 11 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.