Məhkəmə qərarları › İş №2(103)-164/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-164/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-164/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı (əvvəlki adı "xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 fevral 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın adından çıxış edən nümayəndə Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2014-cü il tarixli “Kredit müqaviləsi” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 65.380,52 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 28.963,93 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbənin ödənilməsi məqsədi ilə 815,47 manat, cəmi 95.159,92 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, həmin bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən, 3 otaqlı, 72.3 kv.m ümumi 53.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 35b nömrəli evin 103 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda borcun Cavabdeh1 ümumi qaydada tutulması, mənzil satıldığı halda 1 ay sonra Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla iddiaçı Bankın “MXM” filialı arasında 28.10.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 25 faiz dərəcəsi ilə, 70.000 manat məbləğində pulu, 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə borc almışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Bank ilə Cavabdeh1 arasında 28.10.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq Cavabdeh1 Bankdan aldığı kredit borcunu müqavilə şərtlərinə uyğun ödəyə bilməmiş və Bank Cavabdeh1 ona etdiyi müraciəti nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinin dəyişdirlməsinə razılıq vermiş və 06.04.2016-cı il tarixdə Cavabdeh1 ilə “Əlavə saziş” bağlamışdır. Həmin Sazişə uyğun olaraq kredit borcunun qaytarılması müddəti 28.04.2023-ci il tarixədək uzaldılmışdır. Buna baxmayaraq Cavabdeh1 Bankdan aldığı kredit borcunu müqavilə şərtlərinə uyğun ödəyə bilməmiş və onun Banka 65.380,52 manat məbləğində əsas kredit borcu, 25.295,35 manat məbləğində isə faiz borcu yaranmışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Bank, “Kredit müqaviləsinin” şərtlərini nəzərə alaraq Cavabdeh1 815,47 manat məbləğində dəbbə hesablamışdır. Çünki “Kredit müqaviləsinin” şərtinə görə, şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Bank xəbərdarlıq məktubu ilə Cavabdeh1 müraciət edərək borcun ödənilməsi tələb etmiş və borc ödənilmədiyi halda tələbin ipoteka predmetinə yönəldilməsi üçün müvafiq iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq Cavabdeh1 borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat və “Tələbin ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumları, habelə bildirişin qeydə alınması üçün isə 20 manat məbləğində xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.02.2019-cu il tarixli qətnamə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini; həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 63.953,48 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 28.400,50 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 80 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini; mənzilin açıq hərracdan satılmasını; satışdan əldə oluna biləcək pul vəsaitinin Banka olan borcun ödənilməsinə yönəldilməsini; həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini; mənzil satıldığı halda cavabdehlərin 1 aydan sonra mənzildən çıxarılmalarını və mənzilin boşaldılmasını; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 28.04.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. İddiaçı Bank həmin qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin qismən ləğv edilməsini, iddia ərizəsi ilə Cavabdeh1 tutulması tələb olunan borcların iddia ərizəsində qeyd edilən məbləğlərdə tutulmasını və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019cu il tarixli, 0104/19/NB saylı rəydə göstərilən məbləğdə, yəni 140.000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə Cavabdeh1 Bankın xeyrinə tutulmalı olan əsas kredit borcunun, əsas kredit borcuna hesablanmış faiz borcunun, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğini iddia ərizəsində qeyd edildiyi qaydada deyil, ekspertiza tərəfindən verilmiş rəyə uyğun olaraq daha az məbləğdə müəyyən etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, rəydə qeyd edilən məbləğlər həqiqəti əks etmir. Rayon Məhkəməsi bunu nəzərə alsa idi iş üzrə əlavə qaydada mühasibatlıq ekspertizası təyin edərdi. Bundan başqa işə baxmış Rayon Məhkəməsi acıq hərracdan satılmalı olan mənzilin ilkin satış qiymətini müəyyən etməməklə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin əsaslarına uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 iddiaçı Bankın verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O əlavə olaraq bildirdi ki, o, borcun səhv və ya düzgün hesablandığını, ipoteka predmetinin qiymətinin "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019-cu il tarixli, 0104/19/NB saylı rəydə göstərilmişdən daha çox olub-olmamasını müəyyən etmək üçün müstəqil ekspertiza şirkətlərinə müraciət etmişdir. “X2” MMC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli rəydə göstərilmişdir ki, onun Banka olan əsas kredit borcu 60.255,63 manat, faiz borcu isə 16.154,32 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 25.02.2021-ci il tarixli “Hesabatda” isə göstərilmişdir ki, mənzilin bazar dəyəri 200.000 manatdır. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın apellyasiya şikayətində qətnamənin iddianın tələbinin bir qisminin, yəni Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda borcun Cavabdeh1 ümumi qaydada tutulması, mənzil satıldığı halda 1 ay sonra Cavabdeh1 və digər cavabdehlərin mənzildən çıxarılması barədə tələbin təmin edilməsi, habelə mənzilin boşaldılaraq Banka təhvil verilməsi barədə tələbin təmin edilməməsi mübahisələndirilmir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehlər (Cavabdeh1 apellyasiya şikayətinin qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın qanuni qüvvəyə minməsi nəzərə alınmaqla) qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərraca çıxarılaraq satılması hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərək mənzil açıq hərraca çıxarılmalı, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bankın “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2014cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən illik 25 faiz dərəcəsi ilə, 70.000 manat məbləğində pulu, 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə Bankdan borc almışdır. İddiaçı Bankın “MXM” filialı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 28.10.2014-cü il tarixli “İpoteka müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” 31.10.2014-cü il tarixdə qeydə alınmış və bununla bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən reyestrdən RX seriyalı, № ******* saylı “Çıxarış” verilmişdir. İş materiallarından görünür və Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, o, Bankdan aldığı kredit borcunu müqavilə şərtlərinə uyğun ödəyə bilməmiş və onun Banka etdiyi müraciət əsasında Bank “Kredit müqaviləsinin” şərtinin dəyişdirlməsinə razılıq vermiş və 06.04.2016-cı il tarixdə onunla Banka arasında “Əlavə saziş” bağlamışdır. Həmin Sazişə uyğun olaraq kredit borcunun qaytarılması müddəti 28.04.2023-ci il tarixədək uzaldılmışdır. İş materiallarından görünür və Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, o, Bankdan aldığı kredit borcunu “Kredit Müqaviləsinin” və “Sazişin” şərtlərinə uyğun ödəyə bilməmişdir. Nəticədə onun Banka 65.380,52 manat məbləğində əsas kredit borcu, 25.295,35 manat məbləğində isə faiz borcu yaranmışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini nəzərə almış Bank, “Kredit müqaviləsinin” şərtinə əsaslanaraq Cavabdeh1 815,47 manat məbləğində dəbbə hesablamışdır. Bank tərəfindən Cavabdeh1 göndərilmiş 05.06.2018-ci il tarixli bildirişindən görünür ki, Bank Cavabdeh1 məlumat vermişdir ki, kredit borcu ödənilmədiyi üçün Bank tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı prosedura başlamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə apellyasiya şikayətinin əsas və faiz borclarının məbləği ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçı Bank Rayon Məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edilən əsas kredit borcunun və əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği ilə razılaşmır. Cavabdeh1 isə Məhkəməyə verdiyi izahatında bildirdi ki, borcun məbləği şişirdilmişdir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın tələb etdiyi məbləğlərin həqiqəti əks etdirib-etdirməməsini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.12.2019-cu il tarixli, 18187 saylı rəyini almışdır. Həmin rəydə qeyd edilir ki, Cavabdeh1 iddiaçı Banka 14.05.2019-cu il tarixə 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 63.953,48 manat əsas və 28.400,50 manat faiz borcu var. İşin hallarını və ekspertizanın rəyini nəzərə almış Rayon Məhkəməsi Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləğləri məhz ekspert rəyinə əsasən müəyyən edərək iddianı qismən, yuxarıda qeyd edilən qaydada, təmin etmişdir. Apellyasiya icraatı zamanı, Cavabdeh1 “X2” MMC tərəfindən ona verilmiş 31.03.2021-ci il tarixli rəyi Məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin MMC tərəfindən aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, onun iddiaçı Banka olan əsas kredit borcu 60.255,63 manat, faiz borcu isə 16.154,32 manat məbləğindədir. İddiaçı Bank kredit borcunun məbləği ilə bağlı hər hansı mütəxəssis tərəfindən verilmiş və Rayon Məhkəməsinə təqdim edilmiş ekspert rəyini şübhə altına ala biləcək hesablamanı təqdim etməmişdir. Məhkəmə, Bankın borcun məbləği ilə bağlı apellyasiya şikayətində ifadə olunmuş dəlilinin, habelə Cavabdeh1 izahatında bildirdiklərinin əsaslı olub-olmamasını yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11.03.2022-ci il tarixli, 9/7588 saylı rəyindən görünür ki, Cavabdeh1 iddiaçı Banka olan əsas kredit borcunun məbləği 63.953,48 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 28.400,50 manat təşkil edir. Göründüyü kimi bu rəy ilə Rayon Məhkəməsinə təqdim edilmiş rəy arasında ziddiyyət yoxdur, ilk olaraq verilmiş rəydə göstərilən məbləğlər sonradan verilmiş rəydə göstərilən məbləğlər ilə eynilik təşkil edir. Bu rəylər xüsusi biliyə malik olan ekspert tərəfindən verildiyindən, Məhkəmə, zəruri biliyə malik olan mütəxəssis tərəfindən verilmiş hesablama rəyini nəzərə almamışdır. Növbəti apellyasiya baxışı iclasında Cavabdeh1 onun tərəfindən Banka müxtəlif məbləğlərdə edilmiş ödənişləri özündə əks etdirən 6 ədəd “Ödəniş qəbzlərini” Məhkəməyə təqdim edərək, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş qəbzlərdən görünür ki, ödənişlər 16.09.2021, 15.10.2021, 15.11.2021, 15.12.2021, 30.03.2022 və 27.04.2022-ci il tarixlərdə həyata keçirilmişdir. Göründüyü kimi, həmin ödənişlər ekspertiza tərəfindən Rayon Məhkəməsinə verilmiş rəydə göstərilən 14.05.2019-cu il tarixdən, yəni ekspertiza tədqiqatın aparıldığı dövrdən sonrakı müddətdə, hətta Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra olmuşdur. Odur ki, bunu nəzərə almış Məhkəmə iş üzrə Cavabdeh1 iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Beləliklə müəyyən edilir ki, borcun məbləği ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi və müzakirə edilən bu nəticəsi əsaslıdır. Məhkəmə apellyasiya şikayətinin ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) məbləği ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) azaldılmış məbləğdə Cavabdeh1 tutulması barədə Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimə borcu əsas borca nəzərən tənasübsüz surətdə xeyli yüksəkdir və cəriməni azaldaraq 80 manat məbləğində müəyyən etmişdir. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, Rayon Məhkəməsi qeyd edilən maddi hüquq normalarına əsaslanaraq dəbbə ilə bağlı müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid olan dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlilli ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Apellyasiya şikayətində Bank qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi acıq hərracdan satılmalı olan mənzilin ilkin satış qiymətini müəyyən etməməklə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Buna görə də, borcun tutulması üçün üzərinə tələb yönəldilən mənzilin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019-cu il tarixli, 0104/19/NB saylı rəydə göstərilən məbləğdə, yəni 140.000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 Məhkəməyə verdiyi izahatında qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın ona qarşı irəli sürdüyü tələbləri qismən təmin edərkən həmçinin hesab etmişdir ki, Bankın tələbi ipoteka predmeti olan mənzilə yönəldilməli və mənzil açıq hərracdan satılmalıdır. Bu nəticəyə gəlmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə hərracdan satılmalı olan mənzilin ilkin satış qiymətini göstərməmişdir, baxmayaraq ki, "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019cu il tarixli, 0104/19/NB saylı rəydə göstərilmişdir ki, mənzilin bazar qiyməti 140.000 manatdır. Bu rəyin mövcud olmasına baxmayaraq o, həmin rəy ilə razılaşmır, çünki mənzilin dəyəri 250.000 manatdan çoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, apellyasiya baxışı iclasında Cavabdeh1 bildirmişdir ki, o, ipoteka predmeti olan mənzilin qiymətinin "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019-cu il tarixli, 0104/19/NB saylı rəydə göstərilmişdən daha çox olub-olmamasını müəyyən etmək üçün müstəqil qiymətləndirici şirkətə - "xxxx" MMC müraciət etmiş və həmin MMC-nin “Qiymətləndirmə hesabatını” almışdır. “Hesabatda” göstərilir ki, mənzilin bazar dəyəri 200.000 manatdır. Bunları bildirən Cavabdeh1 mənzilin qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə vəsatəti təmin edərək iş üzrə “daşınmaz əmlakın qiymətləndirilməsi” ilə bağlı ekspertiza təyin etmiş və qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş 21.08.2021-ci il tarixli, 37/2021 saylı rəydən görünür ki, Cavabdeh1 məxsus olan və ipoteka predmetini təşkil edən mənzilin likvid qiyməti 130 000 manatdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə ipoteka predmeti olan mənzilin açıq hərrcadan satılması üçün ilkin satış qiyməti göstərməməklə “İpoteka haqqında” Qanunun tələbini pozmuşdur. Belə ki, həmin Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul olunmuş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi və onun açıq hərraca çıxarılaraq satılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə gəldikdə isə Məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti nə "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 12.03.2019-cu il tarixli rəydə göstərilmiş məbləğində, nədəki "xxxx" MMC tərəfindən Cavabdeh1 təqdim edilmiş 25.02.2021-ci il tarixli “Hesabatda” göstərilmiş məbləğdə müəyyən edilə bilməz. Çünki həmin rəydə və hesabatda qeyd edilən qiymətlər mənzilin likvid qiymətini deyil, bazar qiymətini əks etdirir. “İpoteka haqqında” Qanunun 1.0.9-ci maddəsinə görə isə, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Odur ki, “İpoteka haqqında” Qanunun 1.0.9-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş 21.08.2021-ci il tarixli rəyə uyğun olaraq 130.000 manat məbləğində müəyyən edilməlidir. Çünki bu qiymət mənzilin likvid qiymətidir. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı (əvvəlki adı "xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 fevral 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərraca çıxarılaraq satılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdeh1 İddiaçı (əvvəlki adı "xxxx" İKB) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 21 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən həyata keçirilməli olan tutulma Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən, 3 otaqlı, 72.3 kv.m ümumi. 53.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 35b nömrəli evin 103 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil ilkin satış qiyməti 130.000 (yüz otuz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 63.953 (altmış üç min doqquz yüz əlli üç) manat 48 qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 28.400 (iyirmi səkkiz min dörd yüz) manat 50 qəpik, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 80 (səksən) manat məbləğində pulun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 fevral 2019-cu il tarixli qətnaməsinin “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulması; ipoteka predmeti olan mənzilin satışdan əldə oluna biləcək pul vəsaitinin Banka olan borcun ödənilməsinə yönəldilməsi; həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini; mənzil satıldığı halda cavabdehlərin 1 aydan sonra mənzildən çıxarılmaları, mənzilin boşaldılması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və iddiaçı Bankdan bərabər qaydada tutulaq dövlət büdcəsinə köçürülməsi” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsinin və məhkəmə mühasibatlıq ekspertizasının xərcləri cavabdeh Cavabdeh1 aid edilsin. Bu məqsəd ilə Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə 300 (üç yüz) manat, dövlət nəfinə isə 145 (yüz qırx beş) manat tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar