Məhkəmə qərarları › İş №2(103)-8940/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8940/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8940/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə5, Cavabdehlər Nümayəndə6 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Nümayəndə6, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(007)-38/2021 saylı qətnaməsindən cavabdeh Nümayəndə6 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Nümayəndə6, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Nümayəndə6 arasında bağlanan 16.02.2016-cı il tarixli 137887- CNS-14522/1 saylı "xxxx"nə əsasən sonuncudan ASC-nin xeyrinə 12881,23 ABŞ dolları əsas borcun, 2090,51 ABŞ dolları faiz borcu, 130,18 ABŞ dolları cərimə olmaqla, cəmi 15101,92 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata olan məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 67 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 85000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin ASC-yə ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Nümayəndə6 arasında bağlanan 19.12.2014-cü il tarixli 137887-CNS14522 saylı "xxxx"nə əsasən Nümayəndə6 istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 özünə məxsus olan ünvan 1-da yerləşən 67 saylı mənzili 19.12.2014-cü il tarixli 139941-NEDVİJ-3441 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü edib. Daha sonra Bankla Nümayəndə6 arasında 16.02.2016-cı il tarixdə 137887-CNS-14522 saylı 19.12.2014-cü il tarixli "xxxx"nə dəyişiklik və əlavələrin edilməsi barədə 01 saylı Razılaşma bağlanılıb. Həmin razılaşmanın 1-ci bəndinə əsasən Kredit alanın Banka 16.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdıraraq 16.470 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən hazırkı razılaşmanın imzalandığı tarixdən “Kredit alan”, “Kredit məbləğini” “Kredit müqaviləsi” ilə müəyyən olunan şərtlərlə və qaydada 84 ay müddəti ərzində istifadə etməyi və 16.02.2023-cü il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 25 faiz ödəməyi öhdəsinə götürür. 16.02.2016-cı il tarixdə müvafiq olaraq 139941- NEDVİJ-3441 saylı 19.12.2014-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi”-nə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma da bağlanılıb. Lakin borclu şəxs Nümayəndə6 öz üzərinə götürdüyü kredit öhdəlikləri 16.03.2018-ci il tarixdən icra etməyib və nəticəsində cavabdehin banka ümumilikdə 15101,92 ABŞ dolları məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”in vəzifəsidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(007)-38/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ASC ilə Nümayəndə6 arasında bağlanan 16.02.2016-cı il tarixli 137887-CNS-14522 saylı "xxxx"nə əsasən Nümayəndə6 İddiaçı ASC-nin xeyrinə 12881,23 ABŞ dolları əsas borc, 2090,51 ABŞ dolları faiz borcu,130,18 ABŞ dolları cərimə olmaqla, cəmi 15101,92 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata olan məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 67 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən cavabdeh Nümayəndə6 banka olan borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Nümayəndə6, Cavabdeh3 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması, ekspertiza xərci olan 200 manatın cavabdeh Nümayəndə6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Nümayəndə6 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə rəyində qeyd olunan əmlakın dəyəri hazırki bazar qiymətlərinə uyğun deyil, hazırda əmlakın dəyəri rəydə və qətnamədə göstərilən qiymətdən yüksəkdir. Bakı Apelyasiya Məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadı ilə 2021-ci il noyabrın 04-də vəfat etmiş Cavabdeh3 hüquqi varisləri – uşaqları Nümayəndə6 və Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirərək, yenidən qiymətləndirmə keçirilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, qətnamə cavabdeh Nümayəndə6 tərəfindən mübahisələndirilmiş, sonuncu isə apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, ipoteka predmetinə aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC ilə Nümayəndə6 arasında bağlanan 19.12.2014-cü il tarixli 137887-CNS-14522 saylı Girovlu istehlak krediti müqaviləsi ilə Nümayəndə6 istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kredit verilmiş, Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 ilə bağlanmış 19.12.2014-cü il tarixli 139941-NEDVİJ3441 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”-dən görünür ki, ünvan 1-da yerləşən 67 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Nümayəndə6 arasında bağlanan 16.02.2016-cı il tarixli 137887- CNS-14522 saylı 19.12.2014-cü il tarixli "xxxx"nə dəyişiklik və əlavələrin edilməsi barədə 01 saylı Razılaşmadan görünür ki, kredit alanın Banka 16.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdıraraq 16.470 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən hazırki razılaşmanın imzalandığı tarixdən “Kredit alan”, “Kredit məbləğini” “Kredit müqaviləsi” ilə müəyyən olunan şərtlərlə və qaydada 84 ay müddəti ərzində istifadə etməyi və 16.02.2023-cü il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 25 faiz ödəməyi öhdəsinə götürmüşdür. 26 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki,qeyd olunan kredit müqaviləsi üzrə Nümayəndə6 əsas borcu 16.203.31 ABŞ dolları,faiz borcu 6.131.77 ABŞ dolları təşkil edir. 16.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1-da yerləşən 67 saylı mənzilin bazar qiyməti 90000 manat, likvid qiyməti 80000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti 85000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı olması göstərilsə də “qət etdi” hissəsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Baxılan iş üzrə ipoteka predmeti kreditin qaytarılmasının təminatı olaraq Bank qarşısında yüklü edilmiş və ipoteka predmeti olan əmlaka dair ipoteka saxlayan ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin 18.10.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə ipoteka predmetinin 18.10.2021-ci il tarixinə bazar dəyərinin 115000 manat, likvid dəyərinin 103000 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı qiymətləndirmə rəyi ilə razılaşmayaraq, yenidən qiymətləndirmə keçirilməsini tələb etsə də, Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəyi şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir, rəy kifayət qədər əsaslandırılmışdır, odur ki, ipoteka predmetinin ilkin satış qiyməti rəyə uyğun olaraq 103000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Qanun nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3). İş materiallarından görünür ki, Cavabdeh3 məxsus ünvan 1-da yerləşən 67 saylı mənzili üzrə ipoteka müqaviləsi bağlanarkən Nümayəndə6 və Cavabdeh2 həmin mənzilə tutma yönəldildikdə könüllü boşaltmağı öhdələrinə götürmüşlər. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, tutma ipoteka predmetinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 103000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı satışdan əldə olunan vəsaitdən cavabdeh Nümayəndə6 banka olan borcu ödənilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Nümayəndə6 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-38/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi qismən - tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 67 saylı mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 103000 manat müəyyən edilsin və mənzil açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsaitdən cavabdeh Nümayəndə6 banka olan borcu ödənilsin. Mənzilə tutma yönəldikdən və satıldıqdan sonra Nümayəndə6 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsınlar və mənzilin boşaldılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti cavabdeh Nümayəndə6 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar