Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1641/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Mayis Əliyevin, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 18 may 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının pozulması nəticəsində iddiaçıya vurulmuş 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək filialın direktoru vəzifəsini icra etmiş və hüquqi şəxsin hüquq və mənafelərinin fiziki və hüquqi şəxslər qarşısında layiqincə təmsil edilməsi üçün hərtərəfli çalışmışdır. Bu müddət ərzində əmək fəaliyyəti nəticəsində filial mövcud olduğu biznes sektorunda ən aparıcı təşkilatlardan biri olmuş, hətta, bir neçə böyük dövlət layihələrinin icraçısı olmuşdur. Buna baxmayaraq, anidən, əvvəlcədən heç bir xəbərdarlıq olmadan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə l8 may 2020-ci il tarixində xitam verilərək artıq filialın direktoru vəzifəsini icra etməyəcəyi bildirilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin ümumi əsasları göstərilmişdir. Bu əsaslardan biri də tərəflərin birinin təşəbbüsü anlayışıdır. Məlumdur ki, hazırda əmək müqaviləsinin iki tərəfi var: işçi və işəgötürən. İşçi tərəfindən əmək müqaviləsini xitam etmə qaydası və forması Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir ki, İddiaçı işçi kimi işdən çıxarılması ilə bağlı heç bir ərizə təqdim etməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunması isə Əmək Məcəlləsinin 70-ci maddəsindəki əsaslarla mümkündür ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı əmək müqaviləsinə sözügedən maddədə sadalanmış əsaslardan biri ilə də xitam verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilib tutduğu vəzifədən azad edilərkən yuxarıdakı əsaslardan heç biri olmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. X7 tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 06 avqust 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıya vurulmuş 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması, cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş 50000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 07 yanvar 2013-cü ildən 07 yanvar 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)- 4503/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(103)-4079/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)-4503/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(103)-4079/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(102)-5418/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(103)-4079/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni baxışa göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, iddiaçı iddia ərizəsində 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilərək onun biznesin inkişafı üzrə menecer vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. İddiaçıya 07 yanvar 2013-cü il tarixdən 07 yanvar 2019-cu il tarixədək olan müddətdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin təsmilçisi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddia əsassızdır və təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam şəkildə yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2012-ci il tarixli, RM 02/13 saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" Şirkəti tərəfindən biznes inkişafı üzrə menecer vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə mütəxəssisdir. xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağladığı əmək müqaviləsi üzrə vəzifəsi biznes inkişafı üzrə menecerdir. xx.xx.2017-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixə qədər qüvvədə olması qeyd edilmiş etibarnamədən görünür ki, həmin etibarnamə ilə "xxxx" Şirkəti İddiaçı şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin etmişdir. Etibarnamənin məzmununa əsasən iddiaçıya Şirkətin adından qanunvericiliyə əsasən filialı idarə etmək, Azərbaycan Respublikasındakı filialın cari fəaliyyəti ilə bağlı bütün zəruri əməliyyatları yerinə yetirmək, zərurət olduqda, alıcılarla, təchizatlarla, işçilərlə və digər orqanlarla müqavilələr imzalamaq və onları icra etmək, filialın işçilərini cəlb etmək və onları işdən azad etmək, üçüncü şəxslərə etibarnamə vermək, banklarda bank hesabları açmaq kimi hərəkətləri icra etmək səlahiyyətləri verilmişdir. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi direktordur. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 002/20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2020ci il tarixli, 002/20 saylı əmrindən və aktından görünür ki, İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi, işçinin əmrlə tanış edilməsi və əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin bir nüsxəsinin son iş günü işçiyə təqdim edilməsi əmr edilmişdir. Əmrin bir nüsxəsi xx.xx.2020-ci il tarixdə İddiaçı təqdim edilmiş, o, əmrlə tanış olmuş, lakin əmrlə tanış olması barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı və P.A.Kərimovun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb ödənilmədiyindən və xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digərlərinin "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətlərə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar "R&M Electrical Group Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən X4, X1, X2, X3 cəmiyyət ilə aralarında bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə (İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) əsasən xitam verildiyi, İddiaçı isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bildirilmiş, son haqqhesablarının 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalamalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələblərinə müvafiq olaraq sonuncu iş günü işəgötürən tərəfindən İddiaçı və X6 tam ödənilmədiyi, və əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X10 barəsində Azərbäycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və filialın rəhbərliyinə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması ilə bağlı məktub göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X9 verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx"in İdarə Heyətinin qərarında qeyd edilmişdir: Qeydiyyat ünvanı və əsas ofisi 362a Spring Road, Southampton, SO 19 2PB, UK-da yerləşən, İngiltərə qanunlarına uyğun olaraq təşkil edilmiş və mövcud olan R&M ELECTRİCAL GROUP LİMİTED şirkətinin aşağıda imzası olan İdarə Heyətinin bütün üzvləri burada yekdilliklə qərara almışdır: “1. 18 May 2020-ci İl tarixindən etibarən İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı, 29 iyun 2018-cİ il tarixində ASAN2 tərəfindən verilmiş AZE 19176226 şəxsiyyət vəsiqəsinin sahibi) Azərbaycan Respublikasındakı R&M ELECTRİCAL GROUP LİMİTED filialının rəhbəri vəzifəsindən azad edilsin və R&M Electrical Group Limited şirkəti tərəfindən cənab İddiaçı verilmiş bütün etibarnamələr ləğv edilsin və həmin tarixdən etibarsız hesab edilsin. 2. 18 May 2020-ci il tarixindən etibarən, cənab X9 (Britaniya vətəndaşı, GBR No. ********* seriyalı pasport sahibi, 04 Oktyabr 2012-ci il tarixində verilmiş və müddəti 04 iyul 2023-də bitəcəkdir) R&M ELECTRİCAL GROUP LİMİTED şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinə təyin edilsin və R&M ELECTRİCAL GROUP LİMİTED tərəfindən müvafiq etibarnamə verilsin. 3. Yuxanda göstərilən dəyişikliklər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X5 Reyestri tərəfindən qeydə alınsın. 4. CASPİAN BUSİNESS CONSULTANTS MMC-yə yuxarıdakı dəyişikliklərin Azərbaycan Respublikasının bütün tələb olunan dövlət orqanlarında qeydiyyatı üçün lazım olan bütün tədbirləri görməyi (ayrıca bir etibarnamə verilərək) səlahiyyət verilsin. Bu qərar qəbul olundu, imzalandı və 06 aprel 2020-ci il tarixindən qüvvəyə mindi.” Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi 01 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ilk növbədə məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edildiyi qənaətinə gəlsə də, bu halda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslardan birinə istinad edilməklə ləğv edilməli olmasını nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçının 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilməsi və həmin əmrin ləğv edilməsi ilə bərabər özünün işə bərpa olunması dedikdə əmək müqaviləsi üzrə vəzifəsinə deyil, etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmağını xahiş etdiyi qənaətinə gəlmişdir. Lakin iddia ərizəsindən və ya məhkəmə iclas protokolundan iddiaçının konkret olaraq filialın direktoru vəzifəsinə bərpa olunmasını xahiş etdiyi müəyyən edilmir. Məhkəmənin bu qənaətə hansı əsasla gəlməsi aydın deyil. Apellyasiya şikayətində iddiaçının məhz əmək müqaviləsində göstərilən biznesin inkişafı üzrə menecer vəzifəsinə bərpa edilməsini istədiyinin qeyd edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi bu dəlillə qiymət verməmiş və iddia tələbi üzrə dəqiqləşdirmə aparmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının filialın direktoru vəzifəsini həyata keçirməsi əmrlə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun etibarnamə əsasında olmuş, hazırda da etibarnaməni verən bu etibarnaməni ləğv etmişdir. İddiaçı onun adına verilmiş etibarnamənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikasındakı "xxxx" filialının rəhbəri vəzifəsindən azad edilmişdir. Həmçinin, məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi və onun filialın direktoru kimi göstərildiyi əmək müqaviləsi bildirişini sübut əhəmiyyətli sənəd kimi qiymətləndirməmiş, sözügedən müqavilədə dəyişiklik edilməsi, yəni iddiaçının direktor vəzifəsinə qəbul edilməsi barədə əmək müqaviləsinin mövcudluğunu qəbul etməmişdir. Belə olan halda, etibarnaməni ləğv edilməsinə görə iddiaçının filial rəhbəri vəzifəsindən azad edilməsi ilə yanaşı onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə hansı əsasla xitam verilməsi, yəni iddiaçının həmin müqavilə üzrə tutduğu biznesin inkişafı üzrə menecer vəzifəsindən hansı əsasla azad edilməsinin göstərilməməsinə məhkəmə hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmənin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına istinad edərək cavabdehin filial rəhbəri barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına istinad edərək, iddiaçının işdən azad edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmaması və onunla əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın düzgün hesablanıb ödənilməsinin həmin qərarla müəyyən edilməsi qənaətinə gəlməsi MPM-nin 83-cü maddəsinin tələblərinə zidd olmuşdur. Çünki həmin maddədə inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarında müəyyən edilən halların mülki işə baxılarkən sübuta ehtiyacı olmayan hal hesab edilməsi əks olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi daxilən ziddiyyətli olsa da, apellyasiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı iddiaçı tərəfindən iddia tələbi üzrə dəqiqləşdirmə aparılmış, iddiaçının təmsilçisi bu barədə barədə ərizə verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilərək onun biznesin inkişafı üzrə menecer vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçıya 07 yanvar 2013-cü il tarixdən 07 yanvar 2019-cu il tarixədək olan müddətdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsini tələb edirlər. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, RM 02/13 saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" Şirkətində biznes inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra həmin əmək müqaviləsinə tərəflərin razılaşdırlmış qaydada etdiyi dəyişikliklər barədə yazılı qeyd aparılmasa da bu barədə bildirişlər elektron informasiya sistemində qeydiyyata alınmışdır. Belə ki, xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə mütəxəssisdir. xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağladığı əmək müqaviləsi üzrə vəzifəsi biznes inkişafı üzrə menecerdir. "xxxx" Şirkəti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixə qədər qüvvədə olması qeyd edilmiş etibarnaməyə əsasən İddiaçı şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsinin direktor olması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsində sonradan edilmiş dəyişikliklər tərəflər arasında ayrıca yazılı qaydada rəsmiləşdirilməsə də buna dair əmək bildirişləri elektron informasiya sistemində qeydiyyata alındığından hüquqi qüvvədə olmuşdur. Tərəflər hazırda bunu mübahisələndirmirlər. Hazırda iddiaçı xx.xx.2012-ci il tarixli, RM 02/13 saylı əmək müqaviləsi bağlanan zaman işə qəbul edildiyi biznes inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilməsini xahiş edir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman onun vəzifəsi cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru olmuşdur. Belə olah halda isə onun həmin tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Şirkətinin Direktorlar Şurasının 06 aprel 2020-ci il tarixli qərarı ilə İddiaçı həmin şirkətin Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəzindən azad edılməsi və buna dair verilmiş etibarnamənin ləğv edilməsi qərara alınmışdır. Bundan sonra "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 002/20 saylı əmrə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçının filialın direktoru vəzifəsini həyata keçirməsi Şirkətin direktorlar şurasının verdiyi etibarnamə əsasında əmək müqaviləsinə edilmiş dəyişikliyin qeydə alınması ilə həyata keçirilmiş, lakin direktorlar şurasının 06 aprel 2020-ci il tarixli qərarı ilə İddiaçı şirkətin Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəzindən azad edılməsi və buna dair verilmiş etibarnamənin ləğv edilməsi qərara alındıqdan sonra xx.xx.2020-ci il tarixli əmrlə onunla əmək münasibətlərinə xitam verilmişdir. Cavabdehin təmsilçisi həmin əmrdə iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinin qeyd edilməsini onunla izah etmişdir ki, iddiaçı filialın direktoru vəzifəsini ona verilmiş etibarnamə əsasında həmin müqaviləyə edilmiş faktiki dəyişikliklərə dair bildirişlərin qeydə alınması yolu ilə həyata keçirmişdir. Etibarnamə ləğv edildikdən sonra həmin əmək müqaviləsinə xitam verilməklə iddiaçı işdən azad edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş qeyd edilən hallarını və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edildiyi halda əmrdə 70-ci maddəddə göstərilən əsaslardan birinə istinad edilməməsi həmin əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının 18 may 2020-ci il tarixli, 002/20 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, qanunsuz işdən çıxarıldığına görə 18 may 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması ilə bağlı iddia ərizəsində irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kolegiyası cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia tələbini mənəvi ziyanın tutulması hissəsində əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi həmin hissədə də təmin oluna bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi 01 noyabr 2021-ci il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, iddia tələbinin 07 yanvar 2013-cü ildən 07 yanvar 2019-cu ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində məhkəmənin mövqeyi əsassız olmuşdur. İddiaçı ona 07 yanvar 2013-cü ildən 07 yanvar 2019-cu ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmədiyini iddia edirsə, bu tələbin əsassız olmasını işəgötürən sübut etməli, həmin dövr ərzində iddiaçının əmək məzuniyyətindən istifadə etdiyini və ya istifadə edilməmiş günlərə görə ona pul əvəzinin düzgün hesablanıb ödənildiyi barədə sübutları məhkəməyə təqdim etməlidir. İş materiallarında isə həmin tələbin əsassız olmasının cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla təsdiq edilməsi müəyyən edilmir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının 2013-2015-ci illərə dair əmək məzuniyyətinə çıxmasını və pul əvəzini almasını təsdiq edən ərizələri təqdim edərək, onun bu iddia tələbinin də əsassız olduğunu bildirdi. İddiaçı qeyd edilən ərizələrin ona məxsusu olmadığını, həmin ərizələrə imza etmədiyini və 07 yanvar 2013-cü ildən 07 yanvar 2019-cu ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini almadığını qeyd etdi. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 4/734 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2(103)1641/2022 saylı mülki işin 2-ci cildinin 36-cı vərəqəsində olan İddiaçı adına olan 2013-cü ilə dair “X8” adlı sənədin kserosurətində “Employees Sİqnature” qrafasında əks olunmuş imza; 32, 33, 34, 35, 37, 38, 39, 40, 41, 49-cu vərəqəsində olan İddiaçıün adına olan 2014-cü ilə dair “X8” adlı sənədlərin kserosurətlərində “Empioyees Sİqnature” qrafasında əks olunmuş imzalar; 43,44, 45, 46, 47, 48-ci vərəqəsində olan İddiaçı adına olan 2014-cü ilə dair X8” adlı sənədin sənədlərin kserosurətlərində “Empioyees Sİqnature” qrafasında əks olunmuş imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini “istifadə edilməmiş məzuniyyət illərinə görə pul əvəzinin ödənilməsi” hissəsində təmin etməməklə maddi və prosessual normalarını pozmuş, iş üzrə həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu illər ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)- 4503/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu illər ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1641/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1641/2022
21.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver