Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1642/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evin bir hissəsini 1989-cu ildə cavabdehdən aldığını, evin hər ikisinin adına qeydiyyatdan keçdiyini, evi və həyətyanı sahəni öz aralarındakı razılıqla hasar çəkməklə böldüklərini, lakin sonradan cavabdehin həmin hasarın üstündən yenidən hasar çəkdiyini və evin qarşısında üstüörtülü çardaq tikdirdiyini, bunun isə onun evinə gün işığının düşməsinin qarşısının aldığını irəli sürmüş, buna görə də sözügedən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək, ərizənin qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 191.4.-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını pozmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1642/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1642/2022
08.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver