Məhkəmə qərarları › İş №2(103)-1643/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1643/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1643/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh2 ASC-nə, Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC-nə (hazırda Cavabdeh2 ASC) və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Bakı şəhəri 51 saylı notariat kontorunu da cavabdeh kimi göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə 13.03.1989-cu il tarixdə nikaha daxil olduğunu, nikahda olduqları müddət ərzində birgə təsərrüfat apararaq müəyyən əmlaklar, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini əldə etdiklərini, bu yaxınlarda həyat yoldaşı Cavabdeh1 onun və digər ailə üzvlərinin xəbəri belə olmadan "xxxx" İKB ASC-nin 1 saylı filialından 24.02.2016-cı il tarixdə 180 000 manat kredit götürüb kreditin təminatı kimi həmin əmlakı ipoteka ilə yüklü etdiyinin məlum olduğunu, nə kredit müqaviləsindən, nə də ipoteka müqaviləsindən heç bir məlumatının olmadığını, əmlak ipoteka ilə yüklü edilərkən onun razılığının saxta yolla əldə edildiyini irəli sürmüş, buna görə də 51 saylı notariat kontorunda adından təsdiq edilmiş 22.02.2016-cı il tarixli razılıq ərizəsinin və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 (bir yüz qırx) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, əsassız ekspert rəyinə istinad etdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh1 iddiaçının ipoteka müqaviləsinin bağlanmasından məlumatı olmadığını qeyd etməklə şikayətin dəlilləri ilə razılaşdığını bildirmiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu göstərmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri 51 saylı notariat kontoru nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, "xxxx" İKB (bank) ilə iddiaçının həyat yoldaşı olan Cavabdeh1 arasında 24 fevral 2016-cı il tarixdə kredit müqaviləsi bağlanaraq ona 60 ay müddətinə, illik 7 % dərəcəsi hesablanmaqla 180 000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə yüklü edilmiş, bankın Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 180 000 manat əsas, 16 435 manat faiz, 4027 manat cərimə borcunun bankın xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 103 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 301 500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan bir ay sonra boşaldılması, kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, əslində sözügedən məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən kredit və ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsinin etibarsızlığını ondan xəbərsiz olması ilə əsaslandırmış, belə bir müqavilənin bağlanmasına razılıq vermədiyini irəli sürmüşdür. Halbuki işin hallarından aydın olur ki, iddiaçı bu arqumentini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda, həmin dəlil nəzərə alınaraq keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müqavilənin bağlanmasına iddiaçının verdiyi razılıq ərizəsindəki imzanın onun tərəfindən icra edilmiş olduğu müəyyən olunmuşdur. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-70/2021 saylı iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar