Məhkəmə qərarları › İş №2(103)-1645/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1645/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1645/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)- 1280/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun rəsmi nikahdan olan oğludur. Cavabdeh onu və qızını incidir və bir sıra problemlər yaradır. Odur ki, cavabdehin sözügedən mənzildə yaşaması iddiaçının mənafelərinə uyğun gəlmir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki,anası və atası 1988-ci il tarixində rəsmi nikahda olmuş və həmin nikahdan o və bacısı X5 doğulmuşdur. 2004-cü ildə onların rəsmi nikahları pozulmuş, cavabdehin məhkəmə qətnaməsi ilə atasının himayəsində qalmağı müəyyən edilmişdir. 2006-cı ildən 2018-ci ilə kimi onun Rusiya Federasiyasında qaldığını və sonra Azərbaycana qayıtdıqdan sonra guya qeydiyyat ünvanı olmadığı üçün yuxarıda göstərilən, anasının adına olan yaşayış evinə qeydiyyata alındığı iddia edilir. Halbuki onun 2006-cı ildə qeydiyyatı olmuşdur, oxumaq üçün Rusiya Federasiyasına getmiş, orada ali təhsil aldıqdan sonra Azərbaycanda həmin ünvanda yaşayaraq periodik olaraq müəyyən fasilələrlə Voronej şəhərində yaşamışdır. Atası ilə anasının boşanmasına baxmayaraq onlar bir ailə kimi daima bir yerdə olmuş və hər zaman anasına və bacısına pul vəsaiti göndərərək onlara maddi dəstək göstərmişdir. Hətta evin cari təmirini də özü etdirmişdir. Bakı səhərində olduğu dövrdə də onlara pul vəsaiti ilə daim dəstək olmuşdur. İddiaçı bildirir ki, “guya” aralarında olan danışıqlara görə o cavabdehə 9900 AZN, 7-ci mikrorayon Xarici Dairəvi küçəsi, 22 saylı binanın tinində 30 kv.m olan torpaq sahəsini və eləcə də bacısının vasitəsilə 15700 ABŞ dolları və sonradan 4000 ABŞ dolları toplam olaraq 19700 ABŞ dolları ona həmin göstərilən ünvandan qeydiyyatdan çıxmaq üçün kompensasiya əvəzi və eləcə də nənəsinə məxsus olan Quba rayonu Təngialtı kəndində yerləşən 18 sot torpaq sahəsi, ümumi sahəsi 229, 20 kv.m, yaşayış sahəsi 99,6 kv.m olan, köməkçi sahəsi 129, 6 kv.m olan fərdi yaşayış evini “mən onu bezdirdiyimə görə” ona hədiyyə etmişdir. Bunlar hamısı guya cavabdehin qeydiyyatda olduğu ünvandan çıxmağı üçün kompensasiya edilmişdir. Bildirmək istəyir ki, anası tərəfindən ona qarşı qaldırılmış iddia heç bir həqiqətə uyğun deyildir. Bildirmək istəyir ki, atası ilə anasının birgə nikah dövründə valideynlərinin ünvan 2 ünvanda atasının şəxsi vəsaiti hesabına 1-ci mərtəbədə atasının adına 3 otaq, ana nənəsi X4 adına isə yenə də atasının vəsaiti hesabına 2 otaqlı mənzil alınmışdır və hər iki mənzil birləşdirilərək, həmin mənzildə onlar bir ailə kimi yaşamışdırlar. Atamaı həmin dövrdə vəkillik fəaliyyəti ilə məşğul olsa da, həm də “İstintaq” qəzetinin təsisçisi və baş redaktoru kimi çalışırdı. Anası isə yaxınlıqda olan Xalq artisti Zeynəb Xanlarovaya aid aptekdə adi satıcı işləməklə bərabər, onların ailə işlərinə baxmış, bəzi hallarda isə heç gecələr də evə gəlməmişdir. Onları uşaqlıqdan nənəsi saxlamışdır. Bu da ailədə atası ilə anası arasında çox gərgin mübahisələrə səbəb olub. Həmin mübahisələr onların köhnə qonşularının hamısının gözü qarşısında olduğu üçün bunu onlar da təsdiq edə bilər. 2004cü ildə atası ilə anası rəsmi nikahdan ayrıldığı vaxtı anasının bəzi əxlaqa sığmayan hərəkətlərindən atası duyuq düşdüyü üçün cavabdehi onun yanında deyil, öz himayəsində saxlamaq üçün məhkəmədə iddia qaldırmış, həmin məhkəmədə cavabdeh də atası ilə qalmağını bildirdiyi üçün məhkəmə də həmin iddianı təmin etmişdir. Mübahisəyə səbəb olan, atası tərəfindən nənəsinin adına alınmış 2 otaqlı mənzil satılaraq nənəsinə ayrılıqda Keşlə qəsəbəsində mənzil alındı ki, həmin mənzili də sonralar nənəsi başqa nəvəsinə “bağışlayaraq” yenə bu günkü günə qədər onlarla qalmağa üstünlük verdi. Həmin satışdan əldə olunan pul vəsaiti ilə atası və anası ümumi razılığa gələrək yuxarıda göstərilən ünvanda xalasının adına 6 sot torpaq alaraq orada tikinti işlərinə başladılar.(Xalası neytral qadın olduğu üçün sənədlər anasının adına deyil, onun adına rəsmiləşdirildi ki, anası həmin torpağı nə girov qoya, nə də sata bilməsin) Valideynləri rəsmi məhkəmə qətnaməsi ilə boşansalar da, bir müddət atasının adına olan 3 otaqlı mənzildə nənəsilə birlikdə yaşamağı davam etdirirdilər. Cavabdeh isə həmin gördüyü mübahisələrə, məhkəmələrə, dedi-qodulara görə onlara etiraz əlaməti olaraq xalası Natellanın və ya başqa qohumlarının evində qalmalı olurdu. 2006-cı ildə atasının barəsində qaldırılmış cinayət işi ilə istintaq gedən dövrdə atası tərəfindən anasına verilmiş baş etibarnamə ilə anası atasının adına olan həmin evi də sataraq müəyyən hissəsini atasının işi üçün, yerdə qalan məbləği isə yarımçıq qalmış evin tikintisinə qoyacağını bildirdi. 2007-ci ilin yay aylarında atası istintaqdan tam azad olduqdan sonra xalamızının adına aldıqları Badamdar qəsəbəsindəki 6 sot torpaq sahəsində olan evin tikintisini və təmirini tam başa çatdırdılar və həmin ildən də cavabdeh ailəsilə birlikdə göstərilən ünvanda qeydiyyata düşdü. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)- 1280/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına istinad edərək hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Həmçinin iddia tələbinin digər Cavabdeh2 aid hissədə hüquqi qiymət verən məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il qərarlarına, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadən hesab etmişdir ki, həmin cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmadığından iddiaçının tələbi bu hissədə təmin olunmalı və Cavabdeh2 yaşayış sahəsindən çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı iddiası rədd edilmiş, qətnamə qalan hissədə, yəni Cavabdeh2 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin ünvandan çıxarılması hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi 2007-ci il tarixdən 2013-cü il tarixədək iddiaçının bacısı (cavabdehin xalası) X3 məxsus olmuş, daha sonra 27 iyun 2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Cavabdeh1 1990-cü təvəllüdlü olmaqla, onun atası və anası 2004-cü ildə rəsmi qaydada boşanmış və boşandıqdan sonra iddiaçı həmin vaxt bacısına məxsus olan mübahisəli evdə yaşamışdır. Valideynləri boşanarkən Cavabdeh1 14 yaşı olmuşdur. Həmin vaxt yetkinlik yaşına çatmayan uşaq kimi cavabdeh öz atası ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçməsi, bununla da onun anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi iş materialları ilə görünmür və iddiaçı bu halı təsdiq edəcək sübutlar təqdim etməmişdir. Cavabdehin 2006-2012-ci illərdə Rusiya Federasiyasında yaşaması və yalnız 2018-ci ildə Azərbaycana qayıtması barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Əksinə, iddiaçı özü də boşandıqdan sonra övladı Cavabdeh1 onunla birlikdə (anası ilə birlikdə) mübahisəli evdə yaşamasını, Rusiya Federasiyasında təhsil aldığı müddətlərdə Azərbaycan gəlib-getməsini və həmin vaxtlarda anasına məxsus evdə yaşamasını, hətta evləndikdən sonra arvadı ilə birlikdə həmin evdə yaşamasını inkar etmir, eləcə də iddiaçının nümayəndəsi ərizəsində Cavabdeh1 xalası X2 icazəsi ilə 2008ci ildə mübahisəli evə pasport qeydiyyatına alındığını göstərmişdir. Bu halları təqdim olunmuş fotoşəkillər də təsdiq edir və fotoşəkillərin həmin evdə çəkilməsini iddiaçı özü də inkar etmir. Həmçinin, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2008-ci tarixli hökmündən görünür ki, cavabdehin atası X6 24 yanvar 2008-ci il tarixdən həbsə alınmaqla, altı ay on iki gün həbsdə saxlanılmış və bu hal da Cavabdeh1 atasının himayəsində daimi olaraq başqa ünvanda yaşamasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçməsi, anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi, uzun müddət ərzində və davamlı olaraq mübahisəli evə olan istifadə hüququndan könüllü istifadə etməməsi öz təsdiqini tapmamış və bununla bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Əksinə, apellyasiya məhkəməsinin iclasındakı izahatında iddiaçı göstərmişdir ki, oğlu Cavabdeh1 onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütəmadi olaraq Azərbaycana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər də həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 mülkiyyətində Quba rayonunun Təngəaltı kəndində yerləşən yaşayış sahəsinin olması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin yaşayış sahəsi iddia qaldırılmamışdan bir müddət əvvəl iddiaçının anası tərəfindən cavabdehə bağışlanılmışdır. Cavabdeh1 Bakı şəhərində daimi yaşamaqla qeydiyyatda olmuş, təhsil aldığı müddətlərdə müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış və mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Başqa sözlə, cavabdehin Quba rayonu ilə hər hansı əlaqələri mövcüd olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə istinadən hesab etmişdir ki, Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə hüququ olan şəxsin yaşamaq üçün Quba rayonuna “göndərilməsi” onun azadlıq hüququnun pozulmasına gətirib çıxarar. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli evdə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün hüquqi əsasların olmaması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmədiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin edib sonuncunun mübahisəli evdən çıxarılması barədə düzgün nəticəyə gəlmiş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin təmin edilmədiyi hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına ziddir. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)- 2861/2021 nömrəli qətnaməsində həmin cavabdehə aid hissədə ləğv edilməsi və yeni qərar qəbul edilməklə, İddiaçı Cavabdeh2 Valeyevnaya qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə iddianı təmin etməmiş, lakin sonuncunun həyat yoldaşı olan Cavabdeh2 iki azyaşlı uşağı ilə evdən çıxarılmışdır. Bununla da, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə nəzərdə tutulan ailə və nikahın qorunmasından ibarət dövlətin öhdəlikləri, azyaşlı uşaqların hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5193/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, hazırki apelyasiya icraatında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Hazırki apelyasiya icraatında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və eyni zamanda göstərmişdir ki, Quba rayonunda yerləşən və mülkiyyətində olan ev yarımçıq tikili olmaqla, yaşayış üçün yararlı deyil və həmin evdən onun yaşayış sahəsi kimi istifadəsi mümkünsüzdür. Həmçinin o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və işləyir, iddiaçının mülkiyyətində olan evdə uzun müddətdir ki, yaşayır. Onun Bakı şəhərində başqa yaşayış sahəsi yoxdur. Həmin mənzildən çıxarılacağı halda mənzilsiz qalacaqdır. Bu səbəbdən də apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh1 apelyasiya icraatında təqdim etdiyi Quba rayonunda yerləşən mülkiyyətində olan evin yaşayış üçün yararsız olmasını təsdiq edən fotoşəkillər, həmçinin iddiaçının hazırda mülkiyyətində olan mənzildə onun və ailəsinin yaşamasına maneələr törədilməsini təsdiq edən audio disk kollegiya iclasında tədqiq edilmişdir. Hazırki apelyasiya icraatında İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini əsassız sayaraq, iddia tələbinin dəlillərinə uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin mülkiyyətində olan Quba rayonunda fərdi yaşayış evi var və həmin ev yaşayış üçün tam yararlıdır. Həmin evin yaşayış üçün yararlı olmasnı təsdiq edən hal yaşayış evinə görə mütəmadi olaraq kommunal xidmətdən istifadə edilməsi və zəruri ödənişlər aparılması ilə təsdiq olunur. Cavabdehin hazırki apelyasiya icraatında təqdim etdiyi fotoşəkillərdə göstərilən yarımçıq tikili isə həmin fərdi yaşayış evinin həyətində olan ikinci tikilidir. Cavabdeh yaşayış üçün yararlı olan fərdi yaşayış evinin fotoşəkillərini təqdim etməməklə, evin yaşayış üçün yararsız olması görüntüsünü yaratmağa çalışır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkilinin hazırki apelyasiya icraatında təqdim etdiyi cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin fotoşəkilləri və həmin evin kommunal xidmətlərinə görə ödənişlərə dair sənədlər kollegiyanın iclasında tədqiq edilmişdir. Hazırki apelyasiya icraatında kollegiyanın sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04.03.2022-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş sənədlər - Cavabdeh1 adına olan 25.06.2019-cu il tarixli çıxarış, Daşınmaz Əmlakın Texniki Pasportu, Daşınmaz Əmlakın bağışlanması haqqında 31.03.2019-cu il tarixli müqavilə, Quba Rayon Məhkəməsinin 2(027)-597/2009 saylı 05 iyul 2009-cu il tarixli qətnaməsi tədqiq edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını, hazırki apelyasiya icraatında təqdim edilmiş materialları, tərəflərin izahatları ilə müəyyən edir ki, ünvan 1 (bundan sonra mübahisəli mənzil) ünvanda yerləşən yaşayış evi İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 iddiaçının oğlu olmaqla, 2011-ci il tarixdən həmin ünvana pasport qeydiyyatına alınmaqla, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində Quba rayonu Təngialtı kəndində yerləşən 18 sot torpaq sahəsi, ümumi sahəsi 229, 20 kv.m olan fərdi yaşayış evi 25 iyun 2019-cu il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İddiaçı iddia ərizəsində, apelyasiya şikayətinə verilmiş etirazda, hazırki apelyasiya icraatı zamanı məhkəməyə təqdim etdiyi “İddia tələbinin hüquqi əsasları”na dair ərizədə həmin cavabdehin istifadə hüququnun mövcudluğunu mübahisələndirsə də, eyni zamanda iddianın müdafiəsini cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olması əsası ilə ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli olması əsasında qurulmuşdur. Cavabdeh isə iddiaya etirazını və apelyasiya şikayətinin dəlillərini mülkiyyətində olan fərdi yaşayış evinin Azərbaycan Respublikasının başqa bölgəsində, Quba rayonunda yerləşməsi, yaşayış üçün yararsız olması, həmin yaşayış evi ilə hər hansı bir əlaqəsinin olmaması, özünün ailəsi ilə birlikdə Bakı şəhərində yaşaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həlli üçün cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olub-olmamasına, onun istifadə hüququna xitam verilməsi üçün kompensasiya verilib-verilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya ühədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin (arvadı) əri, habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir neçə Qərarlarında izah etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. (“R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı) Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. ... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). ... Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göstərilənləri ümumiləşdirən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi mülki qanunvericilik (və onun tərkib hissəsi olan mənzil qanunvericiliyi) yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün həmin sahədən istifadə hüququnu mülkiyyətçinin mülkiyyət hüququ ilə yanaşı müdafiə edir. Həmin hüququn məqsədi isə şəxsin mənzil hüquqlarının, sosial müdafiəsinin və layiqli həyat tərzinin təmin edilməsidir. Lakin qanunvericiliyin inkişafı, o cümlədən Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin. Hazırki işdən müəyyən olunur ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ mövcud olsa da, 2019-cu ildə başqa yaşayış sahəsi əldə etdiyindən, mübahisəli mənzildən istifadəyə ehtiyacı aradan qalxmışdır və onun mübahisəli mənzildə münaqişəli vəziyyətdə iddiaçı ilə birlikdə qalması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun mülkiyyətindən sərbəst istifadəsinə maneçilik yaratmış olardı. Kollegiya cavabdehin mülkiyyətində olan Quba rayonunda yerləşən yaşayış evinin yaşayış üçün yararsız olması barədə göstərdiklərini əsassız hesab edir. Çünki, işin materialları ilə cavabdehin mülkiyyətində olan Quba rayonunda yerləşən evin yaşayışa yararlı olması öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə olan hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən çıxarılması barədə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına və yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar