Məhkəmə qərarları › İş №2(103)-7239/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7239/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7239/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və ünvan 1 “A” ünvanında yerləşən evindən cavabdehin çıxarılması və özünün həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə müvafiq qətnamə qəbul edilənədək mübahisəli yaşayış sahəsindən onun istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. Cavabdehin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayət onunla əsaslanmışdır ki, iddiaçının mübahisəli mənzilə köçüb orada yaşaması cinayətin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən qərardad ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Məhkəmə, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin ediməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). İddianı təmin etmək üçün cavabdehə və ya başqa şəxslərə qadağan (maddə 158.1.2., 158.1.3.). İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsası cavabdehin (mübahisəli) yaşayış sahəsindən çıxarılması təşkil edir. İddiaçı mübahisəli yaşayış sahənin mülkiyyətçisidir və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə verərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək mübahisəli yaşayış sahəsindən iddiaçının istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddianın təmin etmə tədbiri iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsini təmin etmək məqsədi ilə qoyulmalıdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına aid Protokolun 1-ci maddəsi ilə təminat verilir. Həmin Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməklə və bu barədə qəbul etdiyi qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməklə iş üzrə əsaslı və qanuni nəticəyə gəlmişdir. Qərardadı ləğv etmək üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar