Məhkəmə qərarları › İş №2(103)-2861/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2861/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2861/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Mirbaba qızının, Cavabdeh, onun və digər cavabdeh Məmmədzadə Olesya Valeryevnanın vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1rşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 saylı qətnaməsindən cavabdehlərin verdikləri apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh və X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evi ona bacısı Natella Səfərova bağışlamışdır. Cavabdeh onun rəsmi nikahdan olan oğludur. 1988-ci ildə X9 ilə rəsmi nigaha daxil olaraq ailə qurmuş, 2004-ci ildə nigaha xitam verilmiş və birgə nigahdan anadan olmuş oğlu (cavabdeh) Cavabdeh məhkəmə qətnaməsinə əsasən atasının himayəsində qalması müəyyən edilmişdir. Cavabdeh onu və qızını incitmiş, hədə-qorxu gəlmiş, borc aldığı pulları qaytarmamış və bir sıra digər problemlər yaratmışdır. Odur ki, cavabdehin sözügedən evdə yaşaması iddiaçının mənafelərinə uyğun gəlmir. Anasına, yəni cavabdehin nənəsinə məxsus olan Quba rayonunun Təngaltı kəndində yerləşən fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Sonradan iddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması və cavabdeh X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosesual hüquq normaları pozulmuşdur. Belə ki, o, mübahisəli ünvana 2011-ci ildən deyil, 30 iyul 2008-ci ildən daimi pasport qeydiyyatındadır. Birinci instansiya məhkəməsi onun mübahisəli ünvana 2011-ci ildən qeydiyyatda olduğunu əsas gətirərək, mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında göstərdi ki, onun oğlu Cavabdeh onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütamadi olaraq Azərbayacana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında göstərdi ki, uşaqlıqdan anası ilə birlikdə həmişə mübahisəli evdə yaşamış, Rusiya Federasiyasında təhsil aldığı müddətlərdə Azərbaycana gəlib-getmiş və həmin vaxtlarda anasına məxsus evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə də həmin evə köçərək orada yaşamış, mübahisəli evdə onun istifadəsində olan ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, lakin son zamanlar anası ilə münasibətlər pozulduğundan anası məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi heç bir əsas olmadan onun evdən istifadə hüququna xitam verməklə onun, eləcə də avravadının evdən çıxarılmasını qərara almışdır. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilmsini xahiş edir. Apellyasiya baxışı iclasında cavabdehlərin vəkili qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və çıxarılması hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı verdiyi iddia tələbləri rədd edilməli, qətnamə qalan hissədə, yəni cavabdeh X2 mübahisəli yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin ünvandan çıxarılması hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X8 19.04.2007-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən evi bacısı İddiaçı bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə 27.06.2013-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4333 nömrəli vərəqində qediyyat aparılmışdır. İşdə olan Badamdar qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2013-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh 1990-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində 2011-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 05.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına 31.03.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Quba rayonu, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229,20 kv m. yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisə üzrə cavabdeh Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalı, daha sonra isə onun yaşayış sahəsindən çıxarılması məsələsinə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sözügedən mənzil 2013-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2011-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin hazırda sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməli və o, yaşayış sahəsindən çıxarılmalıdır. Halbuki, işin faktiki hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi 2007-ci il tarixdən 2013-cü il tarixədək iddiaçının bacısı (cavabdehin xalası) X6 məxsus olmuş, daha sonra 27.06.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Cavabdeh 1990-cü təvəllüdlü olmaqla onun atası və anası 2004-cü ildə rəsmi qaydada boşanmışlar və boşandıqdan sonra iddiaçı həmin vaxt bacısına məxsus olan mübahisəli evdə yaşamışdır. Valideynləri boşanarkən Cavabdeh 14 yaşı olmuşdur. Həmin vaxt yetkinlik yaşına çatmayan uşaq kimi Cavabdeh öz atası ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçməsi, bununla da onun anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi iş materialları ilə görünmür və iddiaçı bu halı təsdiq edəcək sübutlar təqdim etməmişdir. Cavabdehin 2006-2012-ci illərdə Rusiya Federasiyasında yaşaması və yalnız 2018-ci ildə Azərbaycana qayıtması barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Əksinə, iddiaçı özü də boşandıqdan sonra övladı Cavabdeh onunla birlikdə (anası ilə birlikdə) mübahisəli evdə yaşamasını, Rusiya Federasiyasında təhsil aldığı müddətlərdə Azərbaycan gəlib-getmiş və həmin vaxtlarda anasına məxsus evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə həmin evdə yaşamasını inkar etmir, eləcə də iddiaçının nümayəndəsi ərizəsində Cavabdeh xalası X4 icazəsi ilə 2008-ci ildə mübahisəli evə pasport qeydiyyatına alındığını göstərmişdir. Bu halları təqdim olunmuş fotoşəkillər də təsdiq edir və fotoşəkillərin həmin evdə çıkilməsini iddiaçı özü də inkar etmir. Həmçinin, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2008-ci tarixli hökmündən görünür ki, Cavabdeh atası X9 24 yanvar 2008-ci il tarixdən həbsə alınmaqla altı ay on iki gün həbsdə saxlanılmışdır və bu hal da Cavabdeh atasının himayəsində daimi olaraq başqa ünvanda yaşamasını istisna edir. Birinci instansiya məhkəməsi Cavabdeh qarşı iddia tələblərini təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında təsvir edilmiş, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkünlüyü barədə mövqeyinə istinad etmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh daimi yaşamaq üçün başqa ünvana köçməsi, anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi, uzun müddət ərzində və davamlı olaraq mübahisəli evə olan istifadə hüququndan könüllü istifadə etməməsi öz təsdiqini tapmır və bununla bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Əksinə, Kollegiyanın iclasındakı izahatında iddiaçı göstərdi ki, oğlu Cavabdeh onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütamadi olaraq Azərbayacana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər də həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında həmçinin qeyd edilir ki, “ nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır”. Cavabdeh mülkiyyətində Quba rayonunun Təngəaltı kəndində yerləşən yaşayış sahəsinin olması ilə bağlı Kollegiya qeyd edir ki, həmin yaşayış sahəsi iddia qaldırılmamışdan bir müddət əvvəl iddiaçının anası tərəfindən cavabdehə bağışlanılmışdır. Cavabdeh Bakı şəhərində daimi yaşamaqla qeydiiyatda olmuş, təhsil aldığı müddətlərdə müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış və mütamadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Başqa sözlə, cavabdehin Quba rayonu ilə hər hansı əlaqələri mövcüd olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs sərbəst surətdə özünə yaşayış yeri seçə bilər. Belə olan halda, Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə hüququ olan şəxsin yaşamaq üçün Quba rayonuna “göndərilməsi” onun azadlıq hüququnun pozulmasına gətirib çıxarar. Beləliklə, Kollegiyanın iclasında mülki işin yuxarıda təsvir edilən hallarından müəyyən olundu ki, Cavabdeh mübahisəli evdə istifadə hüququ əldə etmiş, iddiaçı tərəfindən onun mübahisəli evdən istifadə hüququna xitam verilməsi və oradan çıxarılması tələbinin əsası kimi mövcüd mülki qanunvericlikdə nəzərdə tutulmuş hallara deyil, ididaçı ilə cavabdehin arasındakı münasibətlərin pozulmasına istinad edilmişdir. Kollegiya Cavabdeh mübahisəli evdə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün hüquqi əsasların olmaması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunun maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh münasibətdə iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdeh X2 mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin edib sonuncunun mübahisəli evdən çıxarılması barədə düzgün nəticəyə gəlmiş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki mühakimə icraatının əsas vəzifəsi həqiqətin müəyyən edilməsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlərin apellyasiya şikayəti qismən, yəni Cavabdeh münasibətdə təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)- 1280/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddiası rədd edilsin. Qətnamə qalan hissədə, yəni cavabdeh X2 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar