Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1648/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(004)-4034/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 588,06 manata İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon nisyə satmış, alıcı həmin məbləği hər ay 32,67 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 98,90 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir.Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Hazırda iddiaçı cavabdehdən yaranmış borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 489,16 (dörd yüz səksən doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat cərimə, ümumilikdə 538 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 538 (beş yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 588,06 (beş yüz səksən səkkiz manat altı qəpik) manat (yəni 18 ay x 32.67 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 538 (beş yüz otuz səkkiz) manat olmaqla ondan 489,16 (dörd yüz səksən doqquz manat on altı qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 98,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, onlara telefonunun işləməməsi barədə dəfələrlə şikayət etmiş, servisdə yeni detallar qoymaq istəmişlər, lakin o razılaşmamışdır. Bildirmişdir ki, iki ay öncə aldığı telefon indidən işləməyibsə, bir ildən sonra necə işləyəcək. O, telefonu geri qaytarmaq istəyib, lakin onlar telefonu götürməyiblər. O, onlardan ödədiyi pulu istəmiş, lakin pulunu da geri qaytarmamışlar. Qeyd olunanlara əsasən, məhkəmədən 2(004)-4034/2023 saylı mülki işin iddia icraatına keçirilməsini və məhkəmə iclaslarının onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair 2(004)-4034/2023 saylı mülki iş iddia icraatına keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(004) 4034/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 489,16 (dörd yüz səksən doqquz manat 16 qəpik) manat əsas borc, 48,84 (qırx səkkiz manat 84 qəpik) manat cərimə borcu olmaqla, cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMCdən aldığı məişət avadanlığı müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddiaya etirazın əsası kimi cavabdehin istinad etdiyi hallara münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh iki aydan sonra İMEİ kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefonun xarab olduğunu qeyd etsə də, iş materiallarından görsənir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və sırf altı aydan sonra cavabdeh telefonda olan problemlə iddiaçıya müraciət etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, telefon cavabdehə təhvil verilərkən xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktında qeyd olunmuşdur ki, telefon Cavabdeh qüsursuz şəkildə təhvil verilmiş və o, bunu öz imzası ilə təsdiq etmişdir. Lakin telefonda olan problemlərlə bağlı müvafiq servisə müraciət olunmuş və tərtib olunmuş xx.xx.2023-cü il tarixli texniki vəziyyət barədə aktdan görünür ki, telefonun üzərində fiziki təsirlər və əyriliklər müşaiyət olunduğundan, iddiaçı tərəf bunun rəsmi zəmanətdən çıxdığını bildirərək, öz hesabına düzəltdirilməsini təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda cavabdeh tərəfindən bu günə qədər hazırki alqı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməməsini də nəzərə alır. Qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin xarab telefonu özü ilə məhkəmə iclasına aparmış, hakim Toğrul Axundovundova təqdim etmiş və bildirmişdir ki, bu telefon cəmi 2 ay işləyib, hazırdada işləmir. Qətnamədə ifadəsi əks olunan və məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, “Onlar həmin telefonu əməkdaşlıq etdikləri servisə göndərmiş və həmin servis rəy vermişdir ki, cihaza rəsmi baxış keçirilmiş, mexaniki təsir (əyrilik) var. Rəsmi zəmanətdən azaddır. Müştəriyə ödənişli xidmət təklif olunmuş, o isə bundan imtina etmişdir.” İş materiallarından görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsi iş üzrə 2(004)-4034/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Fərəhnaz Hüseynova-Kamalzadənin məhkəməyə ünvnladığı 19 oktyabr 2023-cü il tarixli məktubu ilə ekspertiza aparılmasından imtina edilmiş və imtinanı onunla izah etmişdir ki, qərardadda qoyulan suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmeti deyil. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsi bu imtinadan sonra da həqiqətən qoyulan sulların məhkəməəmtəəşünaslıq ekspertizasının yox, məhkəmə-texniki ekspertizasının predmeti olduğunu, bunun üçün məhkəmə-tekniki ekspertizasının təyin edilməsini və işin düzğün, obyektiv və ədalətli həllinə nail olmaq üçün belə ekspertiza təyin edilməli olduğunun fərqində olmamış və özünün iş üzrə təyin etdiyi qərardadın icrasız qaldığının fərqində olmamışdır. Hakim özünün qəbul etdiyi qərardadın icrasız qaldığı halda işi yekunlaşdırıb qətnamə qəbul etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli kəsb edən bu faktiki halları araşdırılmadan, belə hüqiqi nəticəyə gəlmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Cavabdeh kimi onda dəfələrlə servisə və telefonu aldığı mağazaya müraciət etmişdir ki, onun pulunu geri qaytarsınlar və ya satdıqları xarab telefonu geri götürsünlər və ya onu yenisi ilə əvəz etsinlər. Telefonu servisə göndərmişlər, orada bildirmişdilər ki, telefonun detalları dəyişilməlidir. O da, onlara bildirmişdir ki, iki ay işləməyən telefonun detallarının dəyişdirilməsini istəmir. Əgər telefonunu yensi ilə dəyişilərsə, o, qalan borcu hissə-hissə ödəməyə hazırdır. Göründüyü kimi iddiaçı-satıcı ona keyfiyyətsiz mal satmış, satdığı bu keyfiyyətsiz malın qaytarılmasını və onun yenisi ilə əvəz etməsini təmin etməmiş, ona görə də Mülki Məcəllənin 581-ci, 582-ci və 587-ci maddələrinin normalarını pozmuşdur. Yasamal rayon Məhkəməsi bu maddi hüquq normalarını tətbiq etməmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsi iş üzrə 2(004)-4034/2023 saylı xx.xx.2023- cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertin ekspertiza keçirilməsindən imtina etməsinə, iş üzrə texniki ekspertiza təyin edilməli olmasına baxmayaraq, məhkəmə özünün qəbul etdiyi qərardadı icra etmədən işi yekunlaşdıraraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillirini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə bir X3 11 markalı telefon saz vəziyyətdə satılmışdır. Buna dair təhvil-təslim tərtib olunmuş və aktı cavabdeh öz imzası ilə təsdiq etmişdir. Cavabdeh isə apellyasiya şikayətində telefonun ona qüsurlu formada verilməsini göstərsə də, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Lakin cavabdehin dəlillərinin yoxlanılması, eləcə də, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə iş materiallarına əlavə olunmuş İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı mobil telefonda qüsurların olub-olmaması, olduğu təqdirdə həmin qüsurların nədən əmələ gəlməsini müəyyənləşdirmək üçün xüsusi bilik tələb olunduğundan kompyuter-texniki ekspertizasının təyin edilmişdir. Lakin ekspertiza keçirilməsi baş tutmadığından (mütəxəssis rəyi olmadığı üçün) iş materialları icrasız geri qaytarılmışdır. Qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni mobil smartfonda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətin məhsullarına texniki xidmət həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli texniki vəziyyət barədə aktdan görünür ki, cihaza rəsmi servisdə baxış keçirildi, mexaniki təsir (əyrilik ) var, rəsmi zəmanətdən azaddır, müştəriyə ödənişli xidmət təklif olundu və o, imtina etdi. İş materiallarında olan rəsmi servis mərkəzi olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cihaza baxış keçirilərək mexaniki əyrilik aşkarlandı, diaqnostika nəticəsi olaraq, cihazın istismar qaydaları pozulmuşdur. Servis mərkəzi zəmanətli təmirdən imtina edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən 5 ay müddət keçdikdən sonra cavabdeh telefonda olan qüsurlara görə iddiaçıya müraciət etmişdir və aktdan görünür ki, telefonun üzərində fiziki təsirlər və mexaniki təsir (əyrilik) müşayiət olunur. Müştəriyə ödənişli xidmət təklif olunsa da, imtina olunmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən isə öhdəlik icra edilməmiş, telefonun ona qüsurlu satılmasını sübut edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(004)- 4034/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov