Məhkəmə qərarları › İş №2(103)-1652/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1652/2021

28.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1652/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2502/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-ə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********00120) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 2130,22 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev faktiki olaraq onun istifadəsindədir. Həmin ünvanda yerləşən mənzilə 2008-ci il tarixdə ******* nömrəli mexaniki sayğac quraşdırılmışdır. O vaxtdan bəri o, sistematik olaraq qaz pulu ödəmişdir. O, hər ay artıq pul ödədiyindən, avansında artıq pul qalırdı. 2015-ci ildə nəzarətçilər gəlib bildirmişlər ki, onun mənzilinə quraşdırılmış sayğac əslində qonşunun mənzilinə quraşdırılmalı imiş, ona görə də yerlərini dəyişmək lazımdır. Lakin o, bütün pulu mənzilində quraşdırılmış sayğaca ödədiyini bildirərək, buna etiraz etmişdir. 2019-cu il tarixdə Cavabdeh mənzilə yeni sayğac quraşdırmaq istədikdə, o, borcunun olub-olmaması və avansında nə qədər pulun qalması barədə arayış təqdim etmələrini, avansında olan pulların yeni sayğaca yüklənməsini xahiş etmişdir. Lakin üç gün keçdikdən sonra ona 2084,22 manat borcunun olması barədə bildiriş gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə mənzilində elektron sayğac quraşdırılmış və xx.xx.2019-cu ildə 1 saylı ASAN Kommunal mərkəzindən smart kartı almaq üçün getdikdə, oradan ona bildirmişlər ki, onun 2130,22 manat borcu vardır və borca dair bildiriş təqdim etmişlər. Dəfələrlə Cavabdehnə əsassız yazılmış borcun silinməsinə dair müraciət etsə də, onlar onun müraciətlərinə cavab verməmişlər. Qeyd edir ki, onda olan ödəniş qəbzlərinin hamısında avansı olduğu göstərilir, belə olan halda onun necə bu qədər borcu yarana bilərdi və yaxud borcu ola-ola ona necə yeni sayğac quraşdırıla bilərdi? İstehlakçının borcu olduğu zaman ona bildiriş təqdim olunur, lakin ona 2008-ci ildən bəri borcun olması ilə bağlı heç bir bildiriş təqdim edilməmişdir. Bu hal bir daha sübut edir ki, ona əsassız borc yazılıb. Bildirmək istəyir ki, o, xx.xx.2019-cu il tarixdə əsassız borcun silinməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin müraciətinə heç bir cavab verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2502/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvan üzrə İddiaçı (abonent kodu **********00120; sayğac nömrəsi: STS **********1) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 2130,22 (iki min yüz otuz manat iyirmi iki qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2502/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında xx.xx.2009-cu il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus (abunə kodu **********00120) ünvan 2 ünvana quraşdırılmış “Actaris” tipli ******* nömrəli sayğaca yerli baxış keçirilmiş və yeni “İtron” tipli, STS**********1 nömrəli sayğac quraşdırılmışdır, qeyddə yazılır ki, sayğacın üzərində 15508 m3 sərfiyyat var. İş materiallarında olan abonent saldosundan görünür ki, smart G-4 İtron tipli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmış, 2019-cu il noyabr ayının sonuna olan borc 2130,22 manat olmuş, 2019-cu il dekabr ayında 1051,10 manat cavabdeh tərəfindən silinərək, ayın sonuna olan borc 1079,12 manat təşkil edir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, qazdan istifadəyə görə iddiaçı tərəfindən 2008-ci ildən 2019-cu ilədək mütəmadi olaraq müvafiq ödənişlər edilmişdir. İşin müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçıya məxsus evdə quraşdırılmış mexaniki qaz sayğacı İtron tipli “smart” sayğacla əvəzlənərkən iddiaçıya 2130.22 manat məbləğində borc hesablanmışdır. Aktda İddiaçı sayğaca hər hansı bir qanunsuz müdaxilə etməsi halı öz əksini tapmamışdır. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaydaların” 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə cavabdeh təşkilat olan Cavabdeh QSC-nin nümayəndəsi iddiaçının 2015-ci ildən sonra qazdan istifadəsinə görə sayğacın göstəricilərinin götürülməsinin mümkün olmadığını, iddiaçının xx.xx.2015-ci il tarixə 2130.22 manat borcunun yarandığını bildirsə də, həmin dövrdən sonrakı illərdə abonentin etdiyi ödənişlərə dair qəbzlərdə onun avans ödənişlər etməsinə və borcunun olmamasına dair qeydləri izah edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 2502/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar