Məhkəmə qərarları › İş №2(103)-1655/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1655/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1655/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 53 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 14 Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 011R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 62263,88 ABŞ dolları məbləğində kredit borcu, 2448,11 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh3, İddiaçı, Cavabdeh4, X2 və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86000 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(103)- 237/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019- cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilmiş, əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə kredit borcunun X2 tutulması hissəsində ləğv edilmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmiş, dövlət rüsumu 20 (iyirmi) manat, tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat müəyyən edilmiş, qətnamə iddianın “Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, İddiaçı və X4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektindəki 39 saylı evin, 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, İddiaçı və X6 çıxarılmaqla, mənzilin boşaldılması, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunaraq, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 (iki yüz) manatı Cavabdeh3, İddiaçı, Cavabdeh4 və X1 müştərək qaydada, 90 (doxsan) manatı Cavabdeh2 QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1004/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 saylı iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilmiş, qətnamə kassatora aid qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvana Azərbaycan Respublikası Respublika Xammal və Əmtə Birjasından daxil olmuş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzili satılması üçün açıq hərraca çıxarılmış və həmin mənzilin satışı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bununla əlaqədar o, dərhal həmin hərrac təşkilatına yaxınlaşıb məsələni öyrənməyə çalışmış və ona məlum oldu ki, hazırkı hərracın keçirilməsi Cavabdeh1 sifarişi əsasında təyin edilmişdir. Buna görə də, o, cavabdeh Nizami rayon İcra şöbəsinə yaxınlaşıb oradan ona məxsus mənzilin hansı əsaslarla satılması üçün hərracın təşkil edildiyini öyrənib və ona məlum olub ki, cavabdehlər "AccessBank” QSC, Cavabdeh3, Cavabdeh4 qabaqcadan düşünülmüş plan üzrə ondan xəbərsiz onun adından xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi tərtib edərək onun əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilini cavabdeh "AccessBank'' QSC-nin xeyrinə ipoteka ilə yüklü edərək Cavabdeh2 QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011L**********22 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış və nəticə etibarı ilə uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 cavabdeh “AccessBank" QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2015-ci il tarixli 011M**********01 ipoteka müqaviləsi ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 14 Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi (müqavilə həmin tarixdə notarial qayda tərəflərin iştirakı ilə təsdiq edilib), iddiaçı Qara Qarayev prospekti, ev 39, mənzil 14 ünvanında yaşaması və həmin ünvana göndərilən zərflərin (məhkəmə bildirişləri, qərarları və s.) onun tərəfindən əldə edilməsi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli 011M**********01 ipoteka müqaviləsi qanunverilicliklə müəyyən edilmiş qaydada bağlanmış, notarius tərəfindən müqavilə tərəflərinin şəxsiyyəti və fəliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. İşin faktiki hallarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının hazrıkı iddia tələbi üzrə ipoteka müqaviləsindən xəbəri olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbi "xxxx" QSC, Cavabdeh3 və Cavabdeh4 arasında ondan xəbərsiz, onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməli, həmin tələb təmin edilmədiyindən, digər tələblər isə ilkin tələblə bağlı törəmə tələb oduğundan iddia tələbi “ipoteka müqaviləsinin hüquqi nəticələrinin ləğv edilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi” hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh Nizami rayon İcra şöbəsinin həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və bunla bağlı digər hərəkətlərin qanunsuz hesab edilməsi” hissəsində qeyd edir ki, ipoteka predmetinin hərracı xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, lakin icra sənədi üzrə hərracın keçirilməsi müvvəqəti olaraq dayandırılmışdır (məhkəmənin e- 16(007)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən). Həmçinin, qeyd edilənlər hərəkətlər icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı görülən tədbirlərdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.4, 354.1, 354.2, 372.1, 375.2, 376, 560.3.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(007)-1823/2023 saylı qətnaməsinin ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh3 və Cavabdeh4 arasında ondan xəbərsiz, onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh Nizami rayon icra şöbəsinin həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və bununla bağlı digər hərəkətlərin qanunsuz hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, ipoteka müqaviləsindən onun xəbəri olmamış, həmin müqavilə onun tərəfindən imzalanmamış və qanunsuz olaraq imzası saxtalaşdırılmaqla onun adından ipoteka müqaviləsi rəsmləşdirilmiş və cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylımənzili ipoteka yüklülü edilərək cavabdehlər Cavabdeh2 QSC-nin maraqlarına uyğun Cavabdeh3 və Cavabdeh4 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddia tələbinin əsasını həmin şəxslərin məhkəmə iclasına dəvət olunması, bağlanmış müqavilədə iddiaçının imzası və iştirakı olmadan müqavilənin bağlanması səbəbləri ilə əlaqədar izahatlar verilmədi, məhkəmə həmin şəxslərin iştirakını təmin etmədi, xətti ekspertiza təyin etmədi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndələrindən bağlanmış müqavilənin surətinin təqdim olunması, kredit müqaviləsini bağlayan şəxslərin məhkəməyə gətirilməsi tələb olunsa da, müqavilənin surəti məhkəməyə təqdim olunmadı və həmin şəxslər məhkəməyə gəlmədilər. Məhkəmə məhkəmədə iştirak etmələri tələb olunan şəxslərin deyil, faktiki olaraq məhkəmə iclasına gələn şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını iddia tələbinə uyğun olmayan tərzdə araşdırdı və tədqiq olunmuş sübutlara iddia tələbini əsaslandırmayan halda hüquqi qiymət verərək hesab etdi ki, iddia təmin edilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirir ki, iddiaçının bu işdən xəbəri olmayıb. İddiaçının xx.xx.2023-cü ildə xəbəri olmuşdur ki, evi hərraca qoyulub, satılır. Bütün məsələlər cavabdehlər arasında olmuşdur. Rayon məhkəməsində ekspertizanın təyin edilməsini xahiş etsələr də təmin edilmədi. Bankın Xaçmaz filialının nümayəndəsi də dəvət edilmədi. İddiaçının mənzilin ipotekaya yönəldilməsindən məlumatı olmayıb. Buna görə də ekspertiza təyin edilməlidir. İmza iddiaçıya məxsus deyil. İiddiaçının verdiyi məlumata görə onun heç nədən xəbəri olmayıb.Yalnız sonda evinin satılması barədə elanı görüb, ondan sonra xəbəri olub. Bu gün məhkəmə iclasına vəziyyəti yaxşı olmadığından gələ bilmədi.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirir ki, 2016-ci ildə hazırkı iddiaçı, Cavabdeh3 və bank arasında mübahisə yaranmışdır. Bank 2016-cı ildə məhkəməyə kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia qaldırmış, qətnamə qanuni qüvvəsinə almış, icra vərəqəsi icra şöbəsinə yönləndirilib. Hərraca sifariş verilərkən hazırkı iddia qaldırılıb. Bunun da məqsədi işi uzatmaqdır. Hərrac bir dəfə olub, hazırkı iddiaya görə dayandırılıb. Mülki işə xitam verilməlidir. Çünki Ali Məhkəmənin 14 iyul 2022-ci il qərarında bu cür məsələrin tənzimlənməsi konkret göstərilib. Əqdin qanuniliyi, əsaslılığı artıq yoxlanılıb. Sonradan bu cür mübahisələrin baxılmasına yol verilmir. Zaminlik,ipoteka,kredit müqavilələrinin hamısı yoxlanılıb. Birinci instansiya məhkəməsində də vəsatət verməyib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsini xahiş etmişdir.

23. İddiaçı iddia tələbinin əsası və apellyasiya şikayətinin dəlili olaraq ona istinad edir ki, ipoteka müqaviləsi onun xəbəri olmadan, onun iştirakı olmadan bağlanmış, onun tərəfindən imzalanmamışdır.

24. Bakı şəhəri 53 saylı Notariat ofisindən mübahisələndirilən ipoteka müqaviləsi ilə əlaqədar material tələb edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən olunur ki, İddiaçı notariusa ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, 14 saylı mənzili ipotekaya qoymaq istədiyini bildirmişdir. xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan İddiaçı, borclu Cavabdeh3 və bankın nümayəndəsi müqaviləni imzalamışdır. Müqavilə Bakı şəhərinin notariusu tərəfindən təsdiq edilib. Tərəflər notariusun iştirakı ilə müqaviləni imzalayıb, müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilib. O cümlədən müəyyən olunur ki, borclu Cavabdeh3 İddiaçı övladıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsindən müəyyən olunduğu kimi bankın borcun tutulması və tələbin ipoetak predmetinə yönəldilməsi tələbi üzrə İddiaçı da cavabdeh olmuşdur. Həmin mülki işə daha sonra apellyasiya və kassasiya instansiyalarında baxılmışdır. Həmin mülki iş üzrə xəbərnamələrin sürətindən müyyən olunur ki, İddiaçı məhkəmədən göndərilən sənədlər şəxsən təqdim edilmişdir. (i.v. 149- 150). Lakin İddiaçı ipoteka müqaviləsinin onun tərəfindən imzalanmasını mübahisələndirməmişdir.

26. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.§17

27. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan iddia və kəsici müddətlərə münasibət bildirilməsinə lüzum yoxdur. Çünki iddia tələbi əsaslı olarsa tələb etmə üçün müddətin keçib-keçməməsinə hüquqi qiymət verilməlidir.

28. Belə olan halda Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

30. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar