Məhkəmə qərarları › İş №2(103)-1658/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1658/2023

17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1658/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 637/2021 saylı işi üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i/v- 158) ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin ləğv olunması və müqavilə üzrə ödənilmiş 36600,0 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i/v-153-155) ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsi hər biri tərəfindən ayrı-ayrılıqda ödənilmiş 30 manat dövlət rüsumunun onlara aid edilməsi qət olunmuşdur.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 25 000 ABŞ dolları borc pul verilmiş, həmin borcun qaytarılması tarixi xx.xx.2017-ci il müəyyən olunmuşdur. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixili, 057026 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası İddiaçı satılmışdır. - Nəsimi RPİ-nin 19-cu PŞ-in xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarına əsasən İddiaçı Cavabdeh müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və ona dəyən maddi ziyanın ödənilməsində köməklik göstərilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əmlak tələbi mülki xarakter daşıdığından ona mülki qaydada müraciət etmək hüququ olması izah edilməsi qərara alınmışdır.Həmin iş üzrə tərəflərin izahatları alınmışdır. Cavabdeh izahatında müqavilənin bağlanılmasından bir il sonra Zaura olan borcunu ödəməsini və buna görə qeyri-yaşayış sahəsini qaynanası X4 adına keçirməsini bildirmişdir.- İddiaçı xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş və Cavabdeh ünvanlanmış ərizəsinin məzmununa əsasən ərizəçi sonuncudan xx.xx.2016-cı il tarixili kredit müqaviləsi üzrə 25 000 ABŞ dolları borcun qaytarılmasını, əks təqdirdə bununla bağlı icra qeydinin veriləcəyini bildirmişdir.- xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Bakı şəhəri 14 Saylı Notariat Kontoru Cavabdeh İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını müəyyən olunmuşdur. - Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli "İcraata başlamaq haqqında” qərarının və "Tələbin könüllü icrası haqqında” bildirişin sürətinə əsasən Cavabdeh İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində icrası edilməsi tələbkardan xahiş edilmişdir. - Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli "Borclunun məcburi gətirilməsi barədə” qərarına əsasən Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ- 4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Nizami rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərara əsasən Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir(iş səh. 9,11, 14-15, 236-242).

5. İddiaçı və cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli, 2(103)-2521/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, ilk iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini, bu mümkün deyilsə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4878/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2521/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 340.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1, 420-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla,iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk və qarşılıqlı iddia tələbləri xx.xx.2016-cı il tarixli müqavilələrlə bağlıdır.İddiaçı bildirir ki, sözügedən qeyri-yaşayış binası qanunsuz yollarla başqa şəxsə satıldığından mənzilin alınması üçün ödədiyi vəsait ona qaytarılmalıdır.Cavabdeh bildirir ki,onlar arasında bağlanmış borc və alğı-satqı müqavilələri tamamilə formal (uydurma) olmuş, alğı-satqı müqaviləsi borc müqaviləsinin təminatı qismində bağlanmış, həmin borc 2018-ci ildə tam həcmdə ödənilmişdir.Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni iddiaçının məhkəmə iclasında verdiyi izahatla əsaslandırmışdır.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.İddia tələbləri əqddən irəli gələn tələblər olduğundan ilk növbədə həmin əqdlərin etibarlı olub-olmamasına qiymət verilməlidir. Əqdin etibarlı olub-olmamasına qiymət verilərkən nəzərə alınmalı olan hallar bunlardan ibarətdir ki, iddiaçı iddia ərizəsində cavabdehin kredit müqaviləsi üzrə bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında kredit müqaviləsinin formal olaraq, yəni Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlandığını, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları vermədiyini bildirmişdir. Digər tərəfdən, borc müqaviləsinə dair notariat işinin surətindən 25.000 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən olunmamışdır. Həmçinin, hər iki müqavilə eyni tarixdə bağlanmış, nəticə etibarilə borclu (cavabdeh) borc aldığı gün öz daşınmaz əmlakını borcverənə (iddiaçıya) satmışdır. Buna görə də, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən olunması vasitəsilə alğı-satqı müqaviləsinin alınmış borcun təminatı qismində bağlanıb- bağlanmamasına hüquqi qiymət verilməlidir.Bununla yanaşı,alğı-satqı müqaviləsi bağlandıqdan sonra qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarından iddiaçının daşınmaz əmlakın onun adına qeydiyyata alınması üçün dövlət reyestrinə müraciət etməsi müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, tərəflərin sonrakı hərəkətləri müqavilənin təfsiri zamanı nəzərə alınmalı olan haldır.Mülki Məcəlləyə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (maddə 340.1).Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin etibarsız sayılmasına dair nəticəyə gələrkən yalnız iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahata əsaslanmış, bununla da sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.Belə ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan digər sübutları nəzərə almadan, iddiaçının izahatını digər sübutlarla yanaşı qiymətləndirmədən, iddiaçının öz leyhinə verdiyi izahata əsaslanmaqla və iş materiallarında olan digər sübutları təkzib etməklə borc müqaviləsinin etibarsız sayılması barədə nəticəyə gəlmişdir.Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsindən kassasiya şikayəti verilməməsinə baxmayaraq, ilk və qarşılıqlı iddia tələbləri bir-biri ilə bağlı və bir-birindən asılı tələblər olduğundan həmin tələblərə birlikdə yenidən apellyasiya instansiyası məhkəməsinin icraatında baxılmalıdır.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq ilk və qarşılıqlı iddia tələblərinə baxmalı və tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə alğı-satqı müqaviləsi üzrə tələblə əlaqədar olsa da məhkəmə başqa müqaviləyə (kredit müqaviləsinə) münasibətdə qətnamə qəbul etmişdir. Notarial qaydada bağlanmış müqavilə məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. İşin faktiki halları düzgün tədqiq edilməməklə yanaşı məhkəmə tərəfindən süründürülməçiliyə yol verilmişdir. 13 məhkəmə iclası keçirilmiş və 1 il ərzində işin faktiki halları, təqdim edilən sübutlar araşdırılmamışdır.

8. Cavabdeh apellyasiya şikayətini (AR Mülki Məcəlləsinin 337.1, 337.3, 340.1, 340.2; Mülki Prosessual Məcəllənin 217.1, 385.1.1, 385.1.2, 386-ci maddələrinə istinadən) onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan biitıin halları aydınlaşdırmamışdır. Belə ki, ilk iddia üzrə iddiaçı İlk iddia üzrə cavabdehə qarşı olan tələbini xx.xx.2016-cı ildə ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinin alqı- satqısına dair formal müqavilə ilə əsaslandırmışdır.Bu müqavilənin formal olduğunu aşağıdakılar təsdiq edir. Belə ki. Cavabdeh ilə Zaur Əliyev adlı şəxs ilə xx.xx.2016-cı il tarixində razılaşıblar ki, Zaur Əliyev, Cavabdeh 20 000 ABŞ dolları borc verəcək və Cavabdeh ('elman oğlu Zaur Əliyevə altı ay ərzində (xx.xx.2017-ci ilə qədər) həm həmin 20 000 ABŞ dollarını qaytaracaq həm də 5 000 ABŞ dolları məbləğində faiz ödəyəcək. Yəni cəmi 20 000 ABŞ dolları pul ödəyəcək. Həmin 25 000 ABŞ dolları pulun sənədləşdirilməsi üçün Zaurun Əliyevin ləkidi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh borc verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi bağlanmışdır. Bundan başqa yenə Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 USD borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni xx.xx.2016-cı ildə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin 36 600 inanala İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alıq satqı müqaviləsi bağlanmışdır. Qeyd edir ki, İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-ndə verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu bildirib (əslində həyat yoldaşı deyil). Bundan başqa xx.xx.2016-cı il tarixində həm də Cavabdeh 25 000 ABŞ dolları verərək ondan Yasamal rayonu Ə.Əhmədov küçəsi 5A ünvanında yerləşən qeyri- yaşayış sahəsini satın aldığını bildirmişdir. Belə çıxır ki, Xəlilova eyni gün Məmmədzadəyə həm 25000 USD borc pul verib, həm də 36 600 manata ondan mağazanı satın alıb. Bu fakt da İddiaçı ilə Məmmədzadə arasında olan xx.xx.2016-cı il tarixli Borc Müqaviləsinin və alğı-satqı müqaviləsinin tamamilə yalan olduğunu ləsdiq edir. Bunlardan başqa qeyd edir ki, Cavabdeh Zaurdan aldığı 25 000 ABŞ dolları pulu 2018-ci ildə tam həcmdə ona geri qaytarıb. Bütün bunları şahidlər və Cavabdeh ilə mərhum Zaur Əliyev arasındakı Watsap mesajları da sübut edir.Bundan başqa Zaur Əliyev 2019-cu ilin yanvar ayında vəfat edib. İddiaçı isə bu iddianı, xx.xx.2020-ci il tarixində qaldırıb. Borcun geri qaytarılmasının son tarixi isə xx.xx.2017-ci il idi. xx.xx.2017-ci il tarixindən Zaur Əliyev 2019-cu ilə qədər nə Zaur Əliyev, nə də iddiaçı- İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə hər hansı bir iddianın qaldırılmamış olması da onu göstərir ki, həmin 25 000 USD tamamilə geri qaytarılıb. Bütün qeyd edilənlərdən məlum olduğu kimi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 (iyimi beş min) ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh borc verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi etibarsızdır.Bundan başqa yenə Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 USD borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni xx.xx.2016-cı ildə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin 36.600,0 manata İddiaçı qızma satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alıq satqı müqaviləsi də etibarsızıdır. Lakin Məhkəmə işə təfsilatlı araşdırmadığı üçün onun haqlı tələblərini rədd edib. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

9. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanınında yerləşən 29.1 kv.m olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixdə çıxarış itdiyi üçün həmin ünvana dair Cavabdeh dublikat almışdır. 1 saylı Bakı ‘ASAN Xidmət” mərkəzinin dövlət notariusu tərəfindən təsdiqlənmiş 4Ə-438 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, həmin ünvana dair Bakı şəhəri 14 saylı DNK-da Cavabdeh ilə İddiaçı arasında bağlanmış 4Ə- 796 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alğısatqı müqavilə arxiv qovluğunda mövcuddur, lakin müqavilənin ləğv edilməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə uyğun izahat verərək, alğı-satqı müqaviləsinə əsasən adlarına olan çıxarışı çıxarmağa imkan tapmadan Emilin dublikat çıxarışla obyekti qaynanasının adına keçirdiyini, bu səbəbdən həmin obyektdən əllərini üzdüklərini, buna görə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və 36000 manat məbləğində ödədikləri pulun qaytarılmasını tələb etdiklərini bildirmiş, iddiaçının cavabdehə 25000 dollar məbləğində borc pul verdiyini və alğı-satqı müqaviləsinin borcun təminatı kimi bağlandığını qeyd etmişdir.

11. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh vəkili X5 apellyasiya şikayətinə uyğun izahat verərək, həm borc, həm də alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etdiklərini,müqavilənin etibarsızlığına əsas onun formal xarakterli olması olduğunu, iddiaçıdan pul almadıqlarını,pulu Zaurdan aldıqlarını, 20000 dollar məbləğində borc aldıqlarını, alğı-satqı müqaviləsinin onun təmini kimi bağlandığını, 25000 dollar məbləğində borcun Zaura qaytarıldığını, borc müqaviləsinə görə ödənilən beş min faiz borcunun qanunsuz olduğundan həmin pulu geri tələb etdiklərini bildirmişdir.

12. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında şahid qismində iştirak edən X1 Zaurdan aldığı pulu qaytardığını, pulu alanda iştirak etmədiyini,lakin pulun qaytarılmasında iki dəfə iştirak etdiyini qeyd etmiş, sözügedən obyektin bütün işləri ilə o, məşğul olduğundan Emilin obyekti ona bağışladığını bildirmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimat; İcra haqqında Azərbaycan Respublikası Qanununun 28,29, İcra məmuru haqqında Azərbaycan Respublikası Qanununun 7,Mülki Məcəllənin 139-158, 324, 337-354, 385-388, 560, 739- 746, 1091-1097; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390, 420-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxslərə aid edilməlidir.

15. Hazırda məhkəmədə mübahisələndirilən hər iki tələb borc məbləği ilə bağlı ki, həmin borcla bağlı kredit müqaviləsi üzrə icra qeydi olan icra sənədi verilmiş, bu icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı tədbirlər görülmüş və nəticədə icra icraatına xitam verilmişdir. xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma (başqa münasibətləri pərdələyən) alğı-satqı və borc müqavilələri üzrə tələblərlə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Bununla belə qeyd edilməlidir ki, münasibətlər digər mərhələyə, yani borc üzrə icra qeydinin verilməsi mərhələsinə qədəm qoymuşdur. İlkin iddia üzrə alğı-satqı müqaviləsinin ləğvi əsasları orada ödənilməsi etimal edilən, lakin əslində borc müqaviləsi üzrə pul vəsaitinin geri qaytarılması mümkünsüzlüyü olmuşdur ki, pulun qaytarılması barədə artıq icra sənədi mövcuddur.

16. Bundan əlavə qeyd edilməlidir ki, əlavə faktlar və yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Yeni apellyasiya icraatı zamanı dinlənilən şahidin ifadəsinin subut qismində mümkünlüyü və ümumiyyətlə aidiyyəti müəyyən edilməmişdir. Belə ki, borc üzrə icra sənədi olan notariusun icra qeydi verilmiş və hazırki qarşılıqlı iddia üzrə qeyd edilən icra qeydi mübahisələndirilməmişdir. Qeyd edilməlidir ki, notariusun icra qeydi üzrə icra sənədinin icra edilməsi mümkünsüzlüyü ilə bağlı verilmiş ilk iddia üzrə tələbin səbəbi təminatın düzgün rəsmiləşdirilməməsi və icra məmuru tərəfindən vəzifələrinin düzgün yerinə yetirilməməsi ola bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələbləri (maddələri) nəzərə alınmalıdır : - 163.1.Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. - 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. - 351.1.Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır; 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir; 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. - 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - 446.9.Əgər öhdəliyin predmeti fərdi-müəyyən əşyadırsa və kreditorun icranı gecikdirməsinin səbəbi təklif edilmiş eyni növlü əşyadan imtinadırsa, borclunun icra vəzifəsi təklif edilmiş əşya ilə məhdudlaşır, onun məhv olması və ya təsadüfən zədələnməsi riski isə kreditora keçir. - 648.1.Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

18. İlkin tələb üzrə hüquqi cəhətdən qüvvədə olan alğı-satqı müqaviləsinin mövcudluğuna qiymət verildikdə belə, daşınmaz əmlakın məhz satıcı tərəfindən dövlət reyestrində qeydiyyatının gecikdirilməsi sübuta yetirməmiş, əksinə, alğı-satqı müqaviləsinin dövlət reyestri xidmətində mövcud olduğu təqdirdə alıcı müvafiq qeydiyyatların aparılması üçün müvafiq müraciətlər etməmiş, özünün qəbul etmə vəzifəsini icra etməmişdir. Qarşılıqlı tələbin pul hissəsi isə aydın olmadığından və sübuta yetirilmədiyindən, habelə borc muqavilesi ilə bağlılığı etimal edildiyindən o hissə də birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə kollegiyası məqbul hesab edir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı işi üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar