Məhkəmə qərarları › İş №2(103)-1659/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1659/2023

19.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1659/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 53 nömrəli Notariat Ofisinin notariusuna (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi) qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2021 nömrəli 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 22 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 3 övladları, o cümlədən cavabdeh 1993-cü il təvəllüdlü Həsənova (Əliyeva) Sevinc İlham qızı doğulmuşdur.

2. Birgə nikah dövründə 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Bakı şəhəri 18 nömrəli Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnamənin surətinə əsasən, İddiaçı arvadı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sairə səlahiyyətləri etibar etmişdir.

4. Bakı şəhəri 53 nömrəli Notariat Ofisində təsdiq olunmuş 16 aprel 2021-ci il tarixli 4ə897 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 bağışlamışdır. Müqavilə İddiaçı adından 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Notariat işində olan Cavabdeh2 16 aprel 2021-ci il tarixli ərizəsinin, habelə Həsənov Taleh İlham oğlunun və Həsənov Həsən İlham oğlunun etibarnamə üzrə nümayəndələri Cavabdeh2 tərəfindən imzalanmış 16 aprel 2021-ci il tarixli ərizələrin surətlərinə əsasən, həmin şəxslər İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilin qızı Cavabdeh1 bağışlanmasına etiraz etmirlər. 22 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, 16 aprel 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasında Bakı şəhəri M.Hadi küçəsi ev 45 giriş 2 mənzil 148 Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

5. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışa əsasən ki, Bakı şəhəri 18 nömrəli Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnaməyə 18 may 2021-ci il tarixində xitam verilmişdir.

6. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışa əsasən, mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə etibar edilən Aslanov Oktay Fərzulla oğluna 28 dekabr 2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair etibar edəni Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsində və digər aidiyyəti orqanlarda etibar edənin nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, adına olan torpaq sahəsinin sənədləşmə işlərinin rəsmiləşdirilməsi ilə bağlı onu təmsil etməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi, əvəzindən imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi etibar edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 nömrəli evin 148 nömrəli mənzili barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 nömrəli Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 nömrəli evin 148 nömrəli mənzili iddiaçıya məxsusdur və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətim kimi qeydiyyata alınmışdır. İddiaçı 2016-cı ildən Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və orada yaşayır. 2018-ci ildə Bakı şəhəri, Sabunşu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kv metr olan torpaq sahəsini satmaq üçün Cavabdeh2 10 aprel 2018-ci il tarixdə Bakı şəhərində yerləşən 18 nömrəli notariat kontorunda etibarnamə vermiş və və Rusiya Fedarasiyasma qayıtmışdır. Elə həmin notariat kontorunda da Cavabdeh2 bağ sahəsini sənədləşdirmək üçün Oqtay Aslanov adlı şəxsə etibarnamə vermişdir. Son vaxtlar cavabdehlər Cavabdeh2 Dənəzxan qızının və Cavabdeh1in milli mentalitetimizə, ailə hüquq münasibətlərinə uyğun olmayan, azərbaycanlı ailəsinə ləkə gətirən hərəkətləri üzündən münasibətlərin kəskinləşməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 uzun illər ərzində ağır zəhmət bahasına aldğı, iddiaçının mülkiyyətimdə olan, mübahisə predmeti olan mənzilimi ələ keçirmək fikrinə düşmüş və bağ sahəsini sənədləşdirmək üçün verdiyi etibarnamə əsasında mülkiyyətində olan mənzili iradəsinə zidd olaraq, onun xəbəri olmadan Bakı şəhəri 53 nömrəli notariat ofisində Cavabdeh1 bağışlama müqaviləsi ilə sənədləşdirilmişdir. Onların bu qanunsuz hərəkətləri ilə barədə məlumat çatan kimi o, dərhal 10 aprel 2018-il tarixli etibarnaməni ləğv elətdirmiş və pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək etmişdir. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanuna ziddir. Odur ki, etibarnamə əsasında iddiaçının adından Cavabdeh2 Dənəzxan qızının imzası ilə iddiaçı ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş, Bakı şəhəri 53 nömrəli Notariat ofisində təsdiq olunmuş, 10 aprel 2021-ci il tarixli bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab olunmalı, müqavilənin hüquqi nəticələri ləğv olunmalı və pozulmuş hüquqları bərpa edilməlidir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2021 nömrəli 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış bağışlama müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

11. Məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin imzaladığı dövrdə tərəflər arasında münasibətlərin kəskin surətdə pozulduğuna görə iddiaçının cavabdeh Həsənova İlhamə Vəfa qızına ünvan 4 ünvanında yerləşən mənzili bağışlaması ilə bağlı razılaşmanın mümkünsüz olması barədə iddiaçının dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazıları ilə bağlı qeyd edir ki, həmin video nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.

12. Məhkəmə hesab etmişdir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab etmişdir ki, iddia rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.4 və 339.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 95.1 və 95.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin “YouTube” kanalında əxlaqsız videogörüntüləri yayıldıqdan sonra iddiaçı ilə onların arasında münasibətlər pisləşmiş, son bir ildə isə münasibətlər həddindən artıq gərgin olmuşdur. Buna görə də İddiaçı heç bir halda mülkiyyətində olan mənzili qızı Cavabdeh1 bağışlamazdı. İddiaçının arvadı Cavabdeh2 münasibətlərin gərginləşməsinə görə bağ sahəsinin sənədləşdirilməsi ilə əlaqədar ona 3 il əvvəl verilmiş etibarnamədən istifadə edib mənzili onun adından qızları Cavabdeh1 bağışlamışdır. Birinci instansiya məhkəməsi bu müqavilənin iddiaçının iradə ifadəsini əks etdirmədiyini nəzərə almadan, təqdim olunmuş videogörüntüyə qiymət vermədən əsassız olaraq iddianı rədd etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-643/22 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, Cavabdeh2 mülkiyyətçi İddiaçı etibarnamə əsasında ona verilmiş səlahiyyətlər çərçivəsində təmsil edərək onun adından müqaviləni imzalamışdır. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin olmamasına gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında arvadı Cavabdeh2 mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair geniş səlahiyyətlər vermiş, özünə məxsus olan torpaq sahəsi ilə bağlı Aslanov Oktay Fərzulla oğluna 28 dekabr 2018-ci il tarixdə etibarnamə verildiyini bildiyi halda, Cavabdeh2 verdiyi etibarnaməni yalnız 18 may 2021-ci il tarixdə ləğv etdirmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 666.1 və 668.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti MPM-in 14.2, 77.1 və 217.3-cü maddələri və “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarına istinad edilməklə onunla əsaslandırılmışdır, iddiaçı hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verməmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2(102)-5276/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-643/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında “flash kart” təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisi və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinin və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

25. Maddə 666.1 bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. 668.1.1 daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

27. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2021 nömrəli 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddiaçının, mübahisələndirilən bağışlama müqaviləsinin imzaladığı dövrdə tərəflər arasında münasibətlərin kəskin surətdə pozulduğuna görə iddiaçının cavabdeh Həsənova İlhamə Vəfa qızına ünvan 5 ünvanında yerləşən mənzili bağışlanması ilə bağlı razılaşmanın mümkünsüz olduğu ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”.

45. Konstitusiya Məhkəməsi Plenumunun digər bir işlə, yəni “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə “Aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.”

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 mart 2016-cı il tarixli qərarındakı təsbit olunmuşdur ki, “mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.”

48. Göstərilən qərarlarda formalaşan hüquqi mövqenin mahiyyəti baxımından məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 etibarnamə əsasında mübahisəli mənzil üzərində sərəncam verərək bağışlama əqdi bağlayarkən İddiaçı niyyətini yox, yalnız öz niyyətini həyata keçirmiş, onun həm mülkiyyətçi, həm də birgə mülkiyətçi hüquqlarını pozmuşdur.

49. İş materiallarından görünür ki, 7E-7521 reyestr nömrəli xx.xx.2018-ci il tarixli etibarnamə ilə etibar edən İddiaçı etibar edilən Cavabdeh2 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamə qüvvədə olduğu müddət ərzində mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə ilə etibar edilən Aslanov Oktay Fərzulla oğluna xx.xx.2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair zəruri hərəkətləri etməyi etibar etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 ünvan 5 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini Cavabdeh1 mülkiyyətinə verir. Müqavilə İddiaçı əvəzinə Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş 7521 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzlanmışdır. 7E-7521 reyestr nömrəli xx.xx.2018-ci il tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixində xitam verilmişdir.

50. Nəzərə alınmalıdır ki, münasibətlərin pozulması məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş vermişdir, cavabbeh Cavabdeh2 adına verilmiş 10 aprel 2018ci tarixli etibarnamənin mənzilin bağışlanması ilə deyil, bağ sahəsinin özgəninkiləşdrilməsi ilə əlaqədar olmuşdur. İşdən görünür ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 10 aprel 2018-ci tarixli etibarnaməyə əsasən sonuncu tərəfindən 28 dekabr 2018ci il tarixdə Aslanov Oktay Fərzulla oğluna Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı iddiaçının adından etibarnamə verilmişdir. Bundan sonra 10 aprel 2018-ci tarixli etibarnamədən Cavabdeh2 istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Etibarnamə hazırkı mübahisənin predmeti olan bağışlama müqaviləsi bağlanandan bir ay sonra iddiaçı tərəfindən ləğv edilmişdir.

51. Kollegiya qeyd edir ki, tərəflər arasında hazırkı mübahisənin mövcudluğu və iddiaçı tərəfindən bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra etibarnamənin ləğv etdirilməsi tərəflər arasında normal ailə münasibətlərinin olmadığını bir daha göstərir.

52. Göründüyü kimi, həm iddiaçının izahatı və təqdim etdiyi sübutlar, həm də cavabdeh tərəfin digər iş üzrə iddia ərizəsində göstərdikləri hallarla aydın olur ki, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən-iddiaçı ilə onun nümayəndəsi Cavabdeh2 və hədiyyə alan-Cavabdeh1 arasında münasibətlər ziddiyyətli olmuşdur. Bu vəziyyətdə iddiaçı-hədiyyə verənin nümayəndəsi Cavabdeh2 digər tərəf-hədiyyə alan Cavabdeh1 ilə iddiaçının mülkiyyətində olan mənzilin sonuncuya bağışlanmasına dair müqavilə bağlanarkən İddiaçı iradə ifadəsi olmamış, onun iradə sərbəstliyini, niyyətini və könüllülüyünü əks etdirməmişdir. Bağlanan bağışlama müqavilə pis niyyətlə razılığa gəlməklə həyata keçirilmişdir.

53. Belə ki, iddiaçının mülkiyyətində olan mənzilə dair müqavilə bağlanan dövrdə cavabdehlər arvadı və qızı ilə münasibətlərin kəskin surətdə pozulması, bu səbəbdən nə bağışlama üçün arvadına səlahiyyət verməsi, nə də qızına mənzil bağışlanmasını mümkünsüz edir.

54. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazılar birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada əldə olunmadığına, həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması göstərilmədiyinə görə sübut kimi qəbul edilməmişdir. İddiaçının apellyasiya şikayətində videoyazılara düzgün hüquqi qiymət verilməməsi barədə dəlil irəli sürülməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin bu məsələnin həllində düzgün nəticəyə gəlib-gəlməməsi qətnamədə göstərilməmişdir. Kassasiya instansiya məhkəməsində iş materialları öyrənilən zaman isə ümumiyyətlə həmin viedoyazılar aşkar edilməmiş, yaddaş kartı yerləşdərilmiş zərf boş olmuşdur.

55. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfə videoyazıların təqdim edilməsini təkliş etmiş, iddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “flash kartda” 2 ədəd fayldan ibarət videogörüntüyə baxış keçirilmişdir.

56. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi 2 ədəd fayldan ibarət video yazı qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 nömrəli evin 148 nömrəli mənzil barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 nömrəli Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə- 897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməli və müqavilənin yaratdığı hüquqi nəticələrinin ləğv edilməlidir.

58. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5140/2021 nömrəli 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 nömrəli evin 148 nömrəli mənzil barəsində Cavabdeh1 ilə İddiaçı arasında rəsmiləşdirilmiş və Bakı şəhəri 53 nömrəli Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilsin və müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilsin. İddia ərizəsinin verilməsi üçünə ödənilmiş dövlət rüsumu iddiaçın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar