Məhkəmə qərarları › İş №2(103)-1660/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1660/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1660/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3826/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc müqaviləsi üzrə 53000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 53030 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 19 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 19 yanvar 2020-ci il tarixədək qaytarmaq şərti ilə sonuncuya 53000 manat borc pul vermişdir. Qeyd edilən kredit müqaviləsi 3 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. 19 yanvar 2020-ci il tarixdən sonra dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməmişdir. Ona görə də, cavabdehin ünvanına 15 mart 2021-ci il tarixli pretenziya göndərərək, ona olan borcunu 10 gün müddətində ödəməsini xahiş etmişdir. Lakin bu günə kimi cavabdeh pretenziya məktubuna da cavab verməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3826/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, işə baxılarkən onun iştirakını təmin etməmişdir. Məhkəmə kmollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3826/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 19 oktyabr 2019-cu il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 19 yanvar 2020-ci il tarixədək qaytarmaq şərti ilə 53000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından görünür ki, İddiaçı 19 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 53000 manat məbləğində borc pul vermiş, borcalan isə krediti 19 yanvar 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürsə də, kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş və borc aldığı məbləği iddiaçıya geri qaytarmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan SMS bildirişlərdən və poçt qəbzlərindən görünür ki, Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş (bax i.v.13, 15, 24, 26, 31, 32, 33, 42), hətta məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.(bax i.v.36) Buna görə də apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(006)-3826/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar