Məhkəmə qərarları › İş №2(103)-1661/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1661/2021

10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1661/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1819/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına yazılmış 019499 nömrəli NDM seriyalı Aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin Akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslanrdırmışdır ki, xx.xx.2020-ci il tarixində Səbail rayonu, Yujnaya Baıyl, ev (bina) 0001, mənzil 0000 ünvanda qeydiyyatda olan İddiaçı adına olan № **********6M saylı, kod:**********10000 sayğacın sahə nəzarətçisi ödəniş qəbzini təqdim etmişdir və həmin məbləğ ödənilmişdir. xx.xx.2020-ci il tarixində xxxx ASC tərəfindən sayğaca baxış keçirilib və sayğacın yararsız olduğu haqqında akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixində sayğac yenisi ilə əvəz olunmuşdur və köhnə sayğac labaratoriyada yoxlanıb və «möhür normal, sayğac daxili qüsurdan işləmir, yararsızdır, oxunmur» rəyi verilmişdir. Rəy olduğu halda xxxx ASC tərəfindən əsassız olaraq 707.53 manat cərimə yazılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1819/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Yujnaya (Cənub) Bayıl küçəsi, 0001 saylı ünvan üzrə İddiaçı **********10000 saylı abunə hesabından 707,53 (yeddi yüz yeddi manat əlli üç qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi və bununlada "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1819/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hisssədə cavabdeh “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 019499 NDM nömrəli, xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xxxx ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib və sayğacın yararsız olduğu haqqında akt tərtib olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 707,53 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6- cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Yujnaya Bayıl. Ev 0001 elektrik sayğacında cavabdeh təşkilatın əməkdaşları tərəfindən xidməti yoxlama aparılmış və elektrik sayğacda yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacı işləmir, sayğac sxemdən keçən elektrik yükünü qeyd etmir, elektron baxış tablosu oxunmur. Bununla əlaqədar iddiaçı barəsində xx.xx.2020-ci il tarixdə 019499 NDM saylı akt tərtib edilmiş və akt əsasında iddiaçıya 707,53 manat əlavə ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. İş materiallarıilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə dair elektrik enerji sərfiyyatını hesablayan sayğac xx xxxxxx 2020-ci il tarixdə laboratoriya şəraitində yoxlanılmış, bununla bağlı 191989 saylı protokol tərtibedilmiş və yoxlama zamanı abonent tərəfindən sayğaca müdaxilə olunması aşkar olunmuşdur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacın laboratoriya şəraitində yoxlanılması zamanı onun iştirakı təmin edilməmişdir. Yəni protokol qanun pozuntusu ilə tərtib edilmişdir ki, bu da sübut növü kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Həmçinin xx.xx.2020-ci il tarixdə sayğaca baxış zamanı müəyyən edilmiş sayğac göstəricisi qüsurlu sayğacın göstəricisi kimi qəbul edilməlidir. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, qüsurlu sayğac göstəricisinə uyğun hesablanmış borc qanuni hesab edilə, həmçinin həmin göstəricinin mövcudluğunu təsdiq edən sayğacların laboratoriya şəraitində yoxlanılmasına dair protokolda məhkəmə tərəfindən sübut növü kimi qəbul edilə bilməz. Ona görə də həmin borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1819/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hisssədə cavabdeh “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1819/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hisssədə cavabdeh “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar