Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1663/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Şakir Baxşıyev və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4256/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (lizinq alan) ilə cavabdehin (lizinq verənin) arasında xx.xx.2015-ci il tarixli 13- G-2-0-31-15 nömrəli “Daxili maliyyə lizinqi müqaviləsi” adlandırılan müqavilə bağlanıb (iş v. 8). 2.Lizinq müqaviləsinin 1 saylı Əlavəsinin giriş hissəsində “kreditin məbləği” kimi 43.750 manat qeyd olunub və lizinq alanın 120 ay ərzində lizinq verənin xeyrinə ödəməli olduğu aylıq ödənişlərin qarafki müəyyən edilib (iş v. 21). 3.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmününü 32-ci vərəqindən görünür ki, iddiaçının əmisi oğlu – təqsirləndirilən şəxs X3 həmin müqavilə üzrə iddiaçının adına 43.750 manat kredit sənədləşdirdikdən sonra bu məbləği ələ keçirərək iddiaçıya qarşı dələduzluq etmişdir (iş v. 55). 4.Lizinq müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə qətnaməsi var (iş v. 131). Belə ki, lizinq verən “Nikoyl” X2” ASC-nin (hazırkı Cavabdeh ASC-nin) iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2016-cı il tarixli 2(049)-78/2016 nömrəli qətnamə ilə lizinq alandan cəmi 50.577,31 manat tutulması və lizinq obyektinin boşaldılması qət olunub. Lizinq alan Şakir Baxşıyev apellyasiya şikayəti verib, lakin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-06/2019 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Lizinq alan Şakir Baxşıyev kassasiya şikayəti verib, lakin həmin qətnamə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(106)-7230/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb 5.Lizinq müqavilənin bağlanmasında 1 gün sonra tərtib edilmiş xx.xx.2015-ci il tarixli 1***-*******86 kodlu mədaxil qəbzindən görünür ki, iddiaçı cavabdehin hesabına 19.279,32 manat pul mədaxil edib (iş v. 108). Ödənişin təyinatı “Verilmiş kreditlər üzrə daxilolmalar” kimi qeyd olunub. Həmin ödəniş edildikdən 9 il sonra – xx.xx.2024-cü ildə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək 19.279,32 manat pulun özünə qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, cavabdehdən 19.279,32 manat alınaraq iddiaçıya verilsin. 7.Tələb onunla əsaslandırılıb ki, iddiaçı lizinqin nə olduğunu bilməyib, ona bildiriblər ki, kredit iddiaçının əmisi oğlu Vüqar Baxşıyevin adına olacaq, iddiaçı isə sadəcə zamin olacaq. Müqavilə bağlandıqdan 1 gün sonra iddiaçıdan 19.279,32 manat alıblar. İddiaçı elə zənn edib ki, hər şey bununla bitdi. Lakin sonradan iddiaçıdan 50.577,31 manat pul tutulması və lizinq obyekti kimi qeydə alınmış əmlakın onun əlindən alınması barədə qətnamə qəbul olunub. Ona görə də iddiaçı cavabdehin ondan aldığı 19.279,32 manatın geri qaytarılmasını tələb edir. 8.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 10.Məhkəmə iclasında iştirak edən iddiaçı Şakir Baxşıyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Bununla yanaşı o, bildirdi ki, 19.279,32 manat pulu görməyib və həmin mədaxil qəbzində göstərilən pulu cavabdehə ödəməyib. 11.Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 bidirdi ki, apellyasiya şikayəti əsassızdır, iddiaçının ödədiyi pul əvvəlki müavilə üzrə ödənişdir, iddiaçının iki lizinq müqaviləsi olub. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi 12.İddia təmin oluna bilməz, çünki buna iddianın əsası və iddiaçının özünün izahatı imkan vermir. 13.İddianın əsası ondan ibarətdir ki, 19.279,32 manat pul iddiaçıdan xx.xx.2015-ci il tarixli 13-G-2-0-31-15 nömrəli lizinqi müqaviləsi üzrə alınıb. Nəzərə alınmalıdır ki, həmin lizinq müqaviləsi üzrə iddiaçının (lizinq alanın) özündən pul tutulması barədə mülki iş olub, mülki işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılıb. Odur ki, həmin lizinq müqaviləsi üzrə öhdəliklər və onların həcmi artıq məhkəmə tərəfindən həll olunub. Qanuni qüvvəyə minmiş qətnaməyə görə, əks tərəfin iddiaçının (lizinq alanın) qarşısında hər hanası pul öhdəliyi yoxdur, əksinə, iddiaçının özünün icra edilməmiş öhdəliyi var. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 14.Bundan başqa, apellyasiya icraatı zamanı iddiaçı izahatında bildirib ki, o, 19.279,32 manat pulu görməyib və xx.xx.2015-ci il tarixli 1***-*******86 kodlu mədaxil qəbzində göstərilən pulu cavabdehə ödəməyib. Bu izahatın video-audio yazısı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilib. 15.Beləliklə, Cavabdeh ASC-nin xx.xx.2015-ci il tarixli 13-G-2-0-31-15 nömrəli lizinqi müqaviləsi üzrə Şakir Baxşıyevin qarşısında 19.279,32 manat pul öhdəliyinin olduğu müəyyən edilmir. Ona görə də məhkəmə AR Mülki Məcəlləsinin 386-cı maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 16.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1663/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1663/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver