Məhkəmə qərarları › İş №2(103)-1664/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1664/2021

04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1664/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və 14 saylı Notariat Kontoruna qarşı təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3376/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı şəhəri 14 nömrəli notariat kontoruna qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilə bağlanmışdır. xx xxx 2020-ciiltarixdə cavabdehAzərbaycanRespublikası DövlətNeft Şirkətiona bildiriş göndərmişdir. Həminbildirişdə yazılmışdırki, “Hal-hazıradək həmin borc məbləği ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, SOCAR qarşısında icra edilməmiş və ipotekailə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır”. Qeyd edilməlidir ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012- ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin 10.1-ci bəndinə əsasən “tərəflər arasında bu Müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır.” Lakin cavabdeh müqavilənin bu bəndinə zidd olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru barədə bildiriş göndərmişdir. Eyni zamanda müqavilənin 3.1-ci bəndində müqavilənin ümumi məbləği xarici valyuta ilə ABŞ dolları ilə göstərilmişdir. Azərbaycan Respublikasında manatdan başqa valyutanın ödəniş vasitəsi kimi istifadə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bununla da, cavabdeh tərəfindən müqavilənin etibarsızlığına səbəb olan hərəkətlər edildiyinə və müvafiq məcəllədə nəzərdə tutulmuş hallar mövcud olduğuna görə tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda onun tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin artırılması və dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə ərizə ilə müraciət edərək, iddia tələblərinin həcmini dəqiqləşdirərək və artıraraq iddia ərizəsinin mətnində və xahiş etdi hissəsində “onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi”ni xahiş edir. Belə ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməlidir, cünki cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydi də qanunsuz və əsassız olduğu ücün ləğv olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail ola bilmədiyi halda, bu mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir. Lakin cavabdeh müqaviləyə zidd olaraq məhkəməyə müraciət etmədən qanunsuz olaraq Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydini çıxartmışdır. Qeyd edilənlərə əsasən, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə İddiaçı və onun səlahiyyətli nümayəndəsi-vəkili qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin hallarını ətraflı,obyektiv və tam araşdıraraq, iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işin hallarını tam və obyektiv araşdırmamışdır, işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə hansı səbəbdən iddia tələblərini rədd etməsini əsaslandırmamışdır, tərəflərin təqdim etdikləri sübutları araşdırmamış, həmin sübutlara, eləcə də tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 14 nömrəli notariat kontoruna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə Bakı şəhəri 14 nömrəli notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş ateriallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 6537 nömrəli vərəqində xx xxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin məzmunundan görünür ki, bu müqavilənin predmeti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramının çərçivəsində təqaüdçünün təhsilinin təşkili və maliyyələşdirilməsindən, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2012-2016-cı tədris illərində təqaüdçünün X2 Pensilvaniya Dövlət Universitetində (X5 University) neft mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almasını maliyyələşdirir (1.1-ci bənd). Tərəflərin bu müqavilə üzrə hüquq və vəzifələrinin yaranmasının şərti təqaüdçünün öhdəliklərinin yerinə yetirilməsinin təminatı olan ipoteka müqavilələrinin qüvvəyə minməsidir (1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təqaüdçü bu müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir (2.1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq təqaüdçünün bu müqavilənin şərtlərini pozduğu halda, ipotekaqoyanın təqaüdçünün bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün təqdim etdiyi və bu müqavilənin 5.1-ci bəndində göstərilmiş təminata tutmanı yönəltmək hüququna malikdir (2.1.3-cü bənd). Bu müqavilə üzrə təqaüdçünün magistr təhsili üzrə xərclərinin ümumi məbləği 184.094 (bir yüz səksən dörd min doxsan dörd) ABŞ dollarıtəşkil edir (3.1-ci bənd). Təqaüdçünün bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış xx xxx 2012-ci il tarixli 100 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan ünvan 3 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi çıxış edir (5.1-ci bənd). Bu Müqavilənin 5.1-ci bəndində qeyd olunmuş əmlakların qiymətləndirmə müəssisəsi tərəfindən müəyyən olunmuş orta girov dəyəri bu müqavilənin 3.1-ci bəndində göstərilmiş ümumi məbləğdən aşağı olmamalıdır (5.2-ci bənd). Bu müqavilənin yerinə yetirilməsinin təminatı tərəflərin razılığı ilə istənilən vaxt bu müqavilənin 3.1-ci bəndində qeyd olunmuş ümumi məbləğdən aşağı olmayan başqa təminatla əvəz edilə bilər (5.3-cü bənd). Tərəflər bu müqavilə üzrə öhdəliklərini pozduqda, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar (6.1-ci bənd). Tərəflər bu müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda və qaydada xitam verə bilərlər (7.1-ci bənd). xx xxx 2012-ci il tarixli 100 nömrəli və xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqavilələri ipotekaqoyanın və ya təqaüdçünün təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatından keçməzsə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər (7.2-ci bənd). Bu müqaviləyə xitam verildikdə, xitam verilmənin təşəbbüskarı olan tərəf digər tərəfə müqaviləyə xitam verilməsi üçün əsasları təsdiqləyən sənədlər əlavə olunmaqla yazılı bildiriş göndərir. Bildirişə digər tərəf cavab vermədikdə, bildirişin göndərildiyi gündən bir ay sonra müqaviləyə birtərəfli qaydada xitam verilir (7.3-cü bənd). Təqaüdçünün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş arayışla təsdiqlənən və təhsilini mümkünsüz edən xəstəliyi ilə bağlı bu müqaviləyə xitam verildikdə, təqaüdçü Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin qərarı əsasında bu müqavilə üzrə çəkilmiş xərcləri ödəməkdən azad edilə bilər (7.4-cü bənd). Tərəflər arasında bu müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır (10.1-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin müvafiq arayışının məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən İddiaçı özünə aylıq təqaüd olaraq ümumilikdə 57.414 (əlli yeddi min dörd yüz on dörd) ABŞ dolları və 1.142 (bir min bir yüz qırx iki) manat, onun təhsil aldığı X5 Universitetinə isə təhsil haqqı olaraq 121.335 (bir yüz iyirmi bir min üç yüz otuz beş) ABŞ dolları vəsait köçürülmüşdür; Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli müqavilə tələbinin pozulması haqqında xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, onun X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili maliyyələşdirilmişdir. Qeyd olunan müqavilənin 1.1ci bəndinə əsasən, təhsil müddəti 2012-2016-cı tədris illərini əhatə etmişdir. Müqavilənin 2.4.6cı bəndinə əsasən, təhsil müəssisəsinin müəyyən etdiyi müddət seçilmiş ixtisas üzrə tədris planları və proqramların yerinə yetirmək barədə öhdəliyi vardır. Lakin buna baxmayaraq, SOCAR-la bağlanmış müqavilə üzrə onun öz üzərinə götürdüyü öhdəlik yerinə yetirilməmişdir. Onunla bağlanmış müqavilənin 6.2-ci maddəsinə əsasən, onun tərəfindən müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozulduqda, həmçinin yerinə yetirməkdən imtina edildikdə, təhsil müəssisəsindən xaric edildikdə, müqavilənin 1.1-ci bəndində qeyd olunan ixtisas və dərəcəni almasını təsdiq edən sənədi SOCAR-a təqdim ediimədikdə, təhsil müəssisəsində təhsil ilə bağlı bu müqavilə üzrə çəkilən bütün xərcləri, həmçinin SOCAR tərəfindən tələb olunduğu halda, əlavə olaraq həmin xərclərin məbləğinə münasibətdə emitent bank (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən müvafiq dövr üçün təyin edilmiş faiz dərəcəsi üzrə bonus ödəmək öhdəliyi vardır. Məlumat üçün qeyd edilməlidir ki, onun təhsili ilə bağlı SOCAR tərəfindən ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti xərclənmişdir. Qeyd edilənlərə əsasən, 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti 5 (beş) iş günü müddətində SOCAR-ın müvafiq olaraq qeyd olunmuş bank hesablarına ödəmədiyi təqdirdə, bu məbləğlə yanaşı, bank xərclərini, eləcə də dəymiş zərərin ödənilməsi üçün şirkət tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı və tələbin ipoteka ilə təmin edilmiş əmlaklara yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən) haqqında bildirişin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladığı xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Qeyd olunan “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi SOCAR, onunla xx xxx 2012-ci il tarixində 100 və 101 nömrəli ipoteka müqavilələrini bağlamışdır. İpoteka müqavilələrinə əsasən, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi SOCAR qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilməsi xx xxx 2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********, ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı 0386138, ******* nömrəli çıxarışlar verilmişdir. Hazırda o “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyi icra etmədiyi üçün SOCAR-a ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində borcu yaranmışdır. Halhazıradək həmin borc məbləği ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, SOCAR qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə iş üzrə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, iddiaçının X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin müvafiq arayışına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən İddiaçı özünə aylıq təqaüd olaraq ümumilikdə 57.414 (əlli yeddi min dörd yüz on dörd) ABŞ dolları və 1.142 (bir min bir yüz qırx iki) manat, onun təhsil aldığı X5 Universitetinə isə təhsil haqqı olaraq 121.335 (bir yüz iyirmi bir min üç yüz otuz beş) ABŞ dolları vəsait köçürülmüşdür. SOCAR-la bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli müqavilə tələbinin pozulması haqqında xəbərdarlıq məktubu ilə şirkət tərəfindən ödənilmiş pul vəsaitinin 5 (beş) iş günü müddətində SOCAR-ın müvafiq bank hesablarına ödəmədiyi təqdirdə, bu məbləğlə yanaşı, bank xərclərini, eləcə də dəymiş zərərin ödənilməsi üçün şirkət tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı və tələbin ipoteka ilə təmin edilmiş əmlaklara yönəldiləcəyi barədə iddiaçını xəbərdar etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacağı barədə məlumat verilmişdir. Göründüyü kimi, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bundan başqa işdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi yazılı etirazında maraqlı şəxsin müvafiq əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə biləcəyi ilə bağlı, iddia tələbinə iddia müddətini tətəbiq edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyündən və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə münasibət bildirməsini nəzərə alıb, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edib, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar